130 illik qarşıdurma: İsrail-Fələstin münaqişəsinin qısa tarixi

      130 illik qarşıdurma:    İsrail-Fələstin münaqişəsinin    qısa tarixi
  19 Mart 2024    Oxunub:2819
İsrailin Qəzzada apardığı əməliyyat hələ də davam edir. Yəhudi rəhbərliyi iddia edir ki, məqsədi Qəzza məsələsini birdəfəlik bağlamaqdır. Bu nə dərəcədə mümkündür?
Suala cavab vermək çox çətindir, çünki gələcəyi heç kim görə bilməz. Amma keçmişə boylanmaqla gələcəyi də təsəvvür etmək mümkündür. Ona görə də AzVision.az sizə yəhudi-ərəb qarşıdurmasının qısa tarixçəsini təqdim edir.

1890-cı illər. Birinci “aliya” (repatrisiya). Rusiya İmperiyasında yəhudi qırğınları və Avropada antisemit əhval-ruhiyyənin artması fonunda aliya - yəhudilərin öz tarixi vətənlərinə, o zamanlar Osmanlı İmperiyasının Fələstin əyalətində yerləşən torpaqlara qayıdışı başladı.

1897-ci il. Birinci Sionist Konqresi. Əvvəlcə yəhudi kənd təsərrüfatı məskənlərinin yaradılmasından söhbət gedirdi, lakin Birinci Sionist Konqresi 1897-ci ildə Fələstində yəhudi dövləti yaradılmasını qarşısına məqsəd qoydu.

1917-ci il. Balfur Bəyannaməsi. 1917-1918-ci illərdə Fələstin ərazisi yəhudi köçkün dəstələrinin köməyilə İngilis ordusu tərəfindən işğal edildi. 1917-ci ildə Böyük Britaniyanın Xarici İşlər Naziri Artur Balfur yəhudi icmasının rəhbəri Lionel Rotşildə Fələstində digər xalqların hüquqlarına hörmətlə yanaşmaq şərtilə yəhudi xalqı üçün yurd yerləri yaratmağı təklif etdi.

1922-ci il. Fələstin Britaniya hakimiyyətinin idarəçiliyi altındadır (Britaniya Mandatı). Balfur Bəyannaməsinə əsasən, Millətlər Liqası Fələstinə nəzarəti Böyük Britaniyaya verdi. Ölkəyə yeni mühacir axınları başladı ki, bu da ərəblərlə ilk toqquşmalara səbəb oldu.

1930-cu illər. Miqrant axınının artması. 1936-cı ilə qədər Fələstindəki yəhudilərin sayı 1,5 milyon ərəbə qarşı 500 minə çatdı. Nasistlərin hakimiyyətə gəlməsindən sonra Polşa, Macarıstan və Baltikyanı ölkələrdə artan antisemitizm fonunda yəhudilərin miqrasiya tempi daha da sürətləndi.

1936–1939-cu illər. Ərəb üsyanı. Yəhudi köçünün yüksək tempindən və torpaqların köçkünlərə verilməsindən narazı qalan ərəblər üsyan qaldırdılar. İğtişaşlar ərəb və yəhudi silahlı təşkilatlarının qarşılıqlı terror aktları ilə müşayiət olundu. 1939-cu ildə ingilislər miqrasiyanı və köçkünlərin torpaq almasını məhdudlaşdırdılar.


1947-ci il. Yəhudi və Ərəb dövlətlərinin yaradılması haqqında BMT qətnaməsi. 181 (III) saylı qətnamə Fələstində Britaniya mandatına xitam verdi, yəhudi və ərəb dövlətlərinin yaradılmasının əsasını qoydu. Onların sərhədləri müəyyən edildi. Yerusəlimin xüsusi statusu ayrıca müzakirə olundu.

1947–1949-cu illər. Birinci Ərəb-İsrail müharibəsi. Britaniya qoşunları getdikdən sonra yəhudi və ərəb qoşunları BMT-nin qətnaməsinə əsasən onlara məxsus olmayan əraziləri ələ keçirməyə başladılar. Bu qarşıdurmada əhalisi ərəb olan iki böyük şəhəri - Yaffa və Hayfanı işğal etməyi bacaran yəhudilər uğur qazandılar.

1948-ci il, 14 may. İsrailin müstəqillik bəyannaməsi elan olundu. Müstəqillik tərəfdarları birtərəfli qaydada yəhudi dövlətinin yaradıldığını elan etdilər. Beş ərəb dövləti yeni ölkəni boğmaq üçün öz ordularını göndərdi. Lakin 1949-cu il ərəfəsində onlar məğlub oldular. İsrail qərbi Yerusəlim də daxil olmaqla Fələstinin 77%-ni işğal etdi. Ərəb əhalisinin əhəmiyyətli bir hissəsi qaçqın düşdü.

1950-ci il. İsrail parlamenti Qərbi Yerusəlimi paytaxt elan etdi. Məbəd dağının və müsəlmanların məbədi Əl-Əqsanın yerləşdiyi Şərqi Yerusəlim İordaniyanın nəzarəti altında qaldı.

1964-cü il. Fələstin Azadlıq Təşkilatının (FAT) yaradılması. Onların əksəriyyəti FƏTH (Fələstin Milli Azadlıq Hərəkatı) üzvləri idi. FAT İsrail dövlətinin ləğvi və Britaniya mandatı sərhədləri daxilində Fələstin uğrunda mübarizə aparırdı. Başçısı Yasir Ərəfat idi.


1967-ci il. Altıgünlük müharibə. İsrail sərhəddə qoşun cəmləşdirən Misirə hücum etdi. Misirə İordaniya, Suriya və İraq dəstək verirdi. Nəticədə İsrail Qəzza zolağı, Şərqi Yerusəlim, İordan çayının qərb sahilinin böyük hissəsi, Qolan təpələri və Sinay yarımadası üzərində nəzarəti ələ keçirdi.

1973-cü il. Yom Kippur müharibəsi (və ya ərəb tarixşünaslığında oktyabr müharibəsi). Suriya və Misir 1967-ci ildə itirilmiş əraziləri geri qaytarmaq üçün İsrailə hücum etdilər. İsrail əks hücuma keçərək işğal etdiyi torpaqları öz nəzarəti altında saxlamağa nail oldu.

1974-cü il. BMT Baş Assambleyası “Fələstin xalqının öz müqəddəratını təyin etmək, milli müstəqillik və suverenlik kimi təməl hüquqlarını” bir daha təsdiqlədi.

1979-cu il. Misir və İsrail arasında sülh müqaviləsi bağlandı. İsrail ölkənin tanınması müqabilində Sinay yarımadasını Misirə qaytardı (1982-ci ildə İsrail yarımadadan qoşunları və köçkünləri tamamilə çıxardı).


1980-ci il. Bütün Yerusəlimin İsrailin vahid paytaxtı elan edilməsi. Bu qərarı ölkə parlamenti qəbul etdi.

1982-ci il. Livanda müharibə. İsrail ordusu Fələstin Azadlıq Təşkilatının bazalarını məhv etmək niyyəti ilə Livana soxuldu və ölkənin böyük hissəsini işğal etdi. İsrailin dəstəklədiyi Livan Qüvvələri Qərbi Beyrutdakı Sabra və Şatila Fələstin qaçqın düşərgələrində qırğınlar həyata keçirdilər.

1982-ci il. “Hizbullah”ın ortaya çıxması. İran İslam İnqilabı Keşikçiləri Korpusunun köməyi ilə Livanda məqsədi israilliləri qovmaq olan “Hizbullah” təşkilatı yaradıldı.


1987-ci il. Birinci intifada (ərəb dilindən "qurtuluş" kimi tərcümə olunur) və ya "daşların döyüşü". Fələstinlilərin İsrail rejiminə qarşı üsyanı. Yeniyetmələr tez-tez daş atırdılar. Əsgərlərin cavab atəşi və daş atan uşaqların ölümü dünyada Fələstin tərəfdarı əhval-ruhiyyənin artmasına kömək etdi.
1980-ci ildə FAT Fələstin dövlətini elan etdi. Təşkilat mübarizə vasitəsi kimi terrordan imtina etdiyini elan edərək, İsrailin 1967-ci ildə işğal etdiyi torpaqlardan çıxması şərti ilə Fələstinin ərəb və yəhudi hissələrinə bölünməsinə razılıq verdi.

1987–1988-ci illər. HƏMAS-ın yaradılması və “İslam Xartiyası”nın qəbulu. Xartiya İsrailin mövcudolma hüququnu tanımırdı; məqsəd mandat altında olan bütün Fələstin ərazisində dövlət yaratmaq idi. “HƏMAS”ın qurucusu Qəzzada qaçqın düşərgəsində böyümüş Əhməd Yasindir.

1993-cü il. “Oslo 1” - İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında ilk müqavilə bağlandı. İsrail İordan çayının qərb sahili və Qəzza zolağının idarə olunması üçün rəsmi Fələstin hökumətinin yaradılmasına razılıq verdi və yaradılmış Fələstin Muxtariyyətindən qoşunlarını çıxarmağa başladı.

1995-ci il. “Oslo 2” Müqaviləsi Fələstin ərazilərində Fələstin müvəqqəti özünüidarəsinin yaradılmasını nəzərdə tuturdu.

1995-ci il. İsrailin baş naziri İshak Rabinin öldürülməsi. Cinayətkar, israilli ifrat sağçı fəal “İsrail xalqını Rabinin imzaladığı Oslo razılaşmasından müdafiə etdiyini” bildirdi. Tezliklə fələstinlilərlə danışıqlara tənqid yanaşan Benyamin Netanyahu hakimiyyətə gəldi.

1996-cı il. Fələstində ilk seçkilər. Yasir Ərəfat prezident oldu.

2000-ci il. İkinci intifada. Buna səbəb İsrailin sağçı siyasətçisi Ariel Şaronun yəhudilik və islam üçün müqəddəs olan Yerusəlimdəki Məbəd dağına səfəri oldu. İntifadada kamikadzelər iştirak edirdi.

2004-cü il. HƏMAS liderlərinin öldürülməsi. Bir ay ərzində israillilər HƏMAS lideri Yasini və onun müavini Əbdül-Əziz Rantisini öldürdülər. Bu zərbənin Fələstin rəhbərliyində radikalların mövqelərini zəiflədəcəyi ehtimal edilirdi.

2004-cü ilin oktyabr-noyabr ayları. Yasir Ərəfatın xəstəliyi və ölümü. Onun ölümü İordan çayının qərb sahilindəki mötədillərlə Qəzzadakı radikallar arasındakı ziddiyyəti daha da dərinləşdirdi.

2005-ci il. İsrail yəhudi məskənlərinin Qəzza zolağından çıxarılmasını başa çatdırdı.

2006-cı il. İkinci Livan Müharibəsi. İsrail ordusunun Hizbullah bölmələrini Livanın cənubundan çıxarmaq cəhdi. Bir aylıq döyüşdən sonra barışıq əldə olundu. Hizbullah atəşi dayandırdı, SAXAL Livanın sərhəd bölgələrini tərk etdi.

2007-ci il. HƏMAS Qəzza zolağında hakimiyyəti ələ keçirdi. Fələstin HƏMAS-ın nəzarətində olan Qəzza zolağına və FƏTH-in rəhbərlik etdiyi Qərb Sahilinə bölündü. HƏMAS İsraillə Oslo razılaşmalarını tanımaqdan imtina etdi.

2008-ci il. “Tökmə Qurğuşun” əməliyyatı. İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı İsrailin cənubundakı atışmaların intensivliyini azaltmağa imkan verdi, lakin HƏMAS bölgədəki gücünü qoruyub saxlaya bildi.

2012-ci il. Fələstin BMT-də müşahidəçi dövlət statusu aldı.

2014-cü il. İsraillə HƏMAS arasında silahlı toqquşma. Qəzzanın işğalı zamanı israillilər bir neçə komandiri öldürməyə və radikalların silah aldığı tunellərin bir hissəsini məhv etməyə nail oldular.

2017-ci il. ABŞ prezidenti Donald Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanıdı. Bir neçə ay sonra Amerika səfirliyi Təl-Əvivdən Yerusəlimə köçməyə başladı. ABŞ-dan sonra Qvatemala, Vanuatu və Avstraliya da Qüdsü İsrailin paytaxtı kimi tanıdılar.

2020-ci il. "Abraham razılaşmaları". İsrail və ərəb dövlətləri: BƏƏ, Bəhreyn və Mərakeş arasında münasibətlərin normallaşdırılmasına dair ABŞ-ın vasitəçiliyi ilə bir sıra sazişlər imzalandı.

2021-ci il. "Divarların Mühafizəsi" əməliyyatı. İsrail ordusu bunu kütləvi raket atəşinə cavab olaraq Qəzza zolağında həyata keçirdi.

2023-cü il. İsrail və HƏMAS arasında müharibə İsrail şəhərlərinə raket hücumları və yaraqlıların sərhəd şəhərlərinə soxulması ilə başladı.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   Fələstin  





Xəbər lenti