XİN müavini BMT-nin Komitə üzvünü qəbul edib

XİN müavini BMT-nin Komitə üzvünü qəbul edib
  10 May 2024    Oxunub:1269
Mediasiya Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan beynəlxalq hüquq üzrə elmlər doktoru, professor Aslan Abaşidze Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qəbul edilib.
Qonağı qəbul edən Xarici İşlər nazirinin müavini Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət və beynəlxalq əməkdaşlıq sahəsində nazirliyin üzərinə düşən işlər və əldə edilən uğurları qeyd edib. Professor Aslan Abaşidze səmimi qəbul üçün dərin təşəkkür edib və qeyd edib ki, Azərbaycan dövlətinin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığı xarici siyasət bu gün beynəlxalq münasibətlər və beynəlxalq hüququ öyrənən mütəxəssislərin, alimlərin diqqət mərkəzindədir və hətta bu sahə beynəlxalq münasibətlərdə yeni səhifə kimi öyrənilir və tədris edilir. O, səmimi qəbul üçün Nazirliyin rəhbərliyinə dərin təşəkkür edib.

Qonağı, Mediasiya Şurasının İdarə heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru, dosent, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü Nadir Adilov müşayiət edib.

Qeyd edək ki, Aslan Huseynoviç Abaşidze beynəlxalq hüquq ictimaiyyəti arasında kifayət qədər geniş tanınır.

Ölkəmizdə ilk dəfə səfərdə olan hüquqşünas alim daim Azərbaycana dost münasibəti ilə seçilir. Professor Aslan Abaşidze Prezident İlham Əliyevə, xalqımıza xüsusi rəğbəti olan tanınmış beynəlxalq hüquq mütəxəssislərindəndir.

Aslan Abaşidze Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvüdür. O, həmçinin Rusiyanın Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının hüquq üzrə Ekspert Şurasının, Ali Məhkəmə yanında Elmi Məsləhət Şurasının, Xarici İşlər Nazirliyi yanında Elmi Məsləhət Şurasının, İnsan Hüquqları üzrə Müvəkkili yanında Ekspert Şurasının üzvü, Rusiya Federasiyasının Əməkdar hüquqşünasıdır. Ekspertlərin Federal Reyestrində qeydiyyatdan keçmiş professor elmi-texniki sahədə ekspertdir.

AzVision.az


Teqlər:





Xəbər lenti