Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Teatr sahəsi də ölkə başçısının diqqət mərkəzindədir. Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi bu sahəyə olan qayğının parlaq təzahürüdür.
Bildirilib ki, Pantomima teatrının müasir Azərbaycan səhnə sənəti salnaməsində məxsusi yeri var. Yaradıcı kollektivin təqdim etdiyi yeni teatr estetikası təkcə ölkəmizdə deyil, eyni zamanda bir sıra ölkələrdə də maraq və rəğbətlə qarşılanır.
Diqqətə çatdırılıb ki, digər teatrlarımız kimi, Pantomima teatrının da fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib, əməkdaşlar bir sıra dövlət təltiflərinə layiq görülüblər.
Teatrın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə çıxış edərək teatrın fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib. Deyib ki, kollektiv son aylarda 4 beynəlxalq festivalda uğurla iştirak edib. Dövlət dəstəyi olmadan bu qastrolları gerçəkləşdirmək mümkün deyil.
Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və başqaları çıxış edərək Pantomima teatrının kollektivini təbrik edib, yeni səhnə uğurları arzulayıblar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə rəhbəri olduğu sənət ocağına “milli” statusunun verilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya teatrın kollektivi adından minnətdarlığını bildirib. Qeyd edib ki, bu status maddi və mənəvi baxımdan vacib əhəmiyyət daşımaqla yanaşı, kollektiv üçün böyük məsuliyyət deməkdir.
Görüşdə yubiley münasibətilə teatrın kollektivinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Azərbaycan Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Mədəniyyət Nazirliyinin sərəncamı ilə “Dəli yığıncağı” Pantomima teatr-studiyası kimi yaranıb və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. Teatrın əsası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Xalq artisti Bəxtiyar Xanızadə tərəfindən qoyulub. 2000-ci ildə teatr-studiyaya “dövlət” statusu verilib.
Teatrın repertuarında Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də yaradıcılıq nümunələri yer alır. Kollektiv qatıldığı çoxsaylı beynəlxalq festivallarda ölkəmizin teatr mədəniyyətini layiqincə təmsil edib, uğurlara imza atıb.
AzVision.az