Mikayıl Cabbarov: `Savad və bacarıq ən böyük nemətidir` - (VİDEOXƏBƏR)

Mikayıl Cabbarov: `Savad və bacarıq ən böyük nemətidir` - (VİDEOXƏBƏR)
  09 Dekabr 2016    Oxunub:6456
Bu gün “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib.
AzVision.az xəbər verir ki, forumda təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov könüllülük hərəkatının inkişafı, tələbələrin ictimai həyatda fəal iştirakı baxımından forumun əhəmiyyətini nəzərə çatdırıb. Nazir bildirib ki, bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir.



M.Cabbarovun sözlərinə görə, çətin və məsuliyyətli işin böyük hissəsi ali təhsil müəssisələrinin üzərinə düşür. Təhsil naziri 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında, “Formula 1” Avropa Qran-Prisində və digər tədbirlərdə tələbə-könüllülərin özlərini uğurla sübut edəcəyinə inandığını və bu fəaliyyətin onların gələcək karyerasında özünü göstərəcəyinə əmin olduğunu deyib.



"Könülllər arasında tələbə könüllərin özünəməxsus yeri var. Müasir bilik dünyasında savad, bacarıq hər bir gəncin ən böyük nemətidir. Nə qədər çox könüllər təşkilatı, könüllü hərəkatı inkişaf etsə, cəmiyyətin qarşısında duran problemin həlli üçün gəncliyin enerjisindən bir o qədər çox istifadə etmək olar. Düşünürəm ki, tələbə könüllərin fəaliyyəti böyük və əhəmiyyətli tədbirlərlə məhdudlaşmamalıdır, eyni zamanda bir sıra davamlı tədbirlərin həyatın keçirilməsində mühüm rol oynaya bilər".



Gənclər və idman naziri Azad Rəhimov və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti çıxış edərək ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbə-könüllülərin fəal iştirakını yüksək dəyərləndirib, könüllülər hərəkatının inkişafının əhəmiyyətini qeyd ediblər.



Forum tələbə-könüllülər mükafatlandırıldıqdan sonra onların ifasında məşhur “Tələbə” mahnısının səsləndirilməsi ilə başa çatıb. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.



Hazırda 7 mindən artıq könüllü bazaya sahib olan “BİR” könüllülər Bakıda keçirilmiş “Formula 1” üzrə Avropa Qran-Pri yarışlarında 1147 tələbə ilə fəal iştirak ediblər. Ötən dövr ərzində 63 müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkəmizin altı regionunda, 17 təhsil müəssisəsində təmsil olunublar.



Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti