Nazirliyin çağrı mərkəzinə 1112 müraciət edilib
Ümumilikdə bu ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1112 zəng qəbul edilib ki, bunların 652-i enerji təchizatı, 97-i qaz təchizatı, 81-i sayğaclaşdırma, 5-i mərkəzi istilik sistemi, 101-i təşəkkür, 153-ü isə digər məsələlərlə bağlı müraciətləri əhatə edib. Zənglərin 23-ü Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub.
Bu dövrdə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində yarana biləcək təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Energetika Nazirliyində vətəndaşların müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməkdədir.
Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşlar müraciətlərini nazirliyin (012) 598-16-55 “Qaynar xətt”i, “974” Çağrı Mərkəzi, (012) 598-16-53/54 telefon nömrəsi, www.minenergy.gov.az internet səhifəsi, [email protected] elektron poçt ünvanı və facebook səhifəsi vasitəsilə ünvanlaya bilərlər.
Azvision.az
Teqlər: Energetika