30 min sakinin istifadə etdiyi yol yenidən quruldu

30 min sakinin istifadə etdiyi yol yenidən quruldu
  28 İyul 2020    Oxunub:3117
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulması yekunlaşıb.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir. Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilib, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılıb.



Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.



Azvision.az


Teqlər: Balakən   Yol  





Xəbər lenti