“Məşğulluq haqqında” qanuna hansı dəyişiklik edilir?

  “Məşğulluq haqqında” qanuna hansı dəyişiklik edilir?
  04 Avqust 2020    Oxunub:4460
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Məşğulluq haqqında” qanuna edilən dəyişiklik barədə məlumat verib.

Nazir müavini bildirib ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapıb.

Qeyd edilib ki, qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilib. Keçən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılıb və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur.

Qanunun yeni redaksiyada verilmiş 20.2-ci maddəsində bildirilib ki, işsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ödənişsiz təşkil olunur, işaxtaran şəxslərin (bu maddədə göstərilən hal istisna olmaqla) peşə hazırlığı ödənişli əsaslarla həyata keçirilir.

Sənədə əlavə olunan yeni 20.5-ci maddədə deyilir ki, “Peşə təhsili haqqında” qanunun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətə həyata keçirilir.

Qeyd olunub ki, 2016-cı ildən başlayaraq, ölkədə özünüməşğulluq proqramının icrasına başlanılıb. Son iki il ərzində proqramın əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənib və 2020-ci ildə bu proqrama 12 min şəxsin cəlb edilməsi planlaşdırılıb. Hazırda proqrama cəlb olunan bütün şəxslər haqqında məlumatlar “Məşğulluq” altsistemində yerləşdirilir və ictimaiyyət üçün açıqdır. Proqramın sosial xarakter daşıdığını nəzərə alaraq, özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərə əmlakların istifadəyə bir il müddətinə verilməsi, habelə fəaliyyətinin monitorinqinin müddətinin də iki ildən bir ilə kimi azaldılması təklif olunur.

Qanuna bir sıra digər dəyişikliklər də nəzərdə tutulub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Məşğulluq   ƏƏSMN  





Xəbər lenti