Bəhrəmtəpə-Biləsuvar yolu yenidən quruldu
Layihə çərçivəsində, həmçinin yolboyu mobilizasiya işləri görülüb, genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri aparılıb, yola ələqələdirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 kilometrlik yolboyu 3 avtomobil körpüsü inşa olunub. Yolun 1,8-ci kilometrində, 3,1-ci və 38,8-ci kilometrlərində inşa edilən körpülərin uzunluqları müvafiq olaraq 28 və 32,5 metr təşkil edir. Həmçinin yolun 3,7-ci kilometrində, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsü də təmir olunaraq gücləndirilib.
Bundan başqa, 61 mövcud boru yenilənib, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidinin inşası yekunlaşdırılıb. Layihəyə uyğun olaraq, yolboyu 8 nöqtədə yeraltı keçid inşa edilib, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bunlarla yanaşı, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Azvision.az