Nizami Gəncəviyə sui-qəsdin tarixçəsi – ARAŞDIRMA

Nizami Gəncəviyə sui-qəsdin tarixçəsi – ARAŞDIRMA
  11 Fevral 2014    Oxunub:7839
(Əvvəli burada)

Həsən əs-Sabbah haqqında orta əsr mənbələrində qeyd edilən məşhur hadisələrdən biri də dahi özbək şairi Ömər Xəyyam ilə bağlıdır. Nizamülmülkün «Məcməul vəsaya» («Vəsiyyətlər toplusu») adlı əsərində nəql edilən bu hadisəyə görə, Nizamülmülk, Ömər Xəyam və Həsən əs-Sabbah gənc yaşlarında eyni mədrəsədə oxuyublar. Onlar söz verib əhd-peyman bağlayırlar ki, kim birinci olaraq böyük bir mənsəbə çatsa, digərlərini də irəli çəkərək onlara kömək edəcək.

Nizami Gəncəvi, Ömər Xəyyam və Əlamüt


Zahirən bu rəvayət bəzi tarixi hadisələr baxımından mümkün olduğu halda, başqa faktlar bunun həqiqət olmadığını ortaya qoyur. Belə ki, biz, əsrin son dərəcə görkəmli alim və şairi olmuş Ömər Xəyyamın həqiqətən də Nişabur yaxınlığında kənd aldığını, orada yaşayaraq yaratdığını, Həsən Sabbahın Nizamülmülk vasitəsi ilə sarayda vəzifə aldığını görürük. Lakin digər tərəfdən, bu tarixi şəxsiyyətlər arasındakı yaş fərqləri onların gənclikdə bir yerdə oxuya biləcəklərini tamamilə şübhə altına alır. Tarixdən məlum olduğu kimi, Nizamülmülk 1018-ci ildə, Xəyyam 1040-cı ildə anadan olub. Həsən Sabbahın anadan olduğu tarix mənbələrdə dəqiq göstərilməsə də, təqribən XI əsrin 50-60-cı illəri ehtimal edilir. Bu qədər yaş fərqləri olan adamların gənc yaşlarında bir mədrəsədə təhsil almalarını, əlbəttə, ciddi bir hökm kimi qəbul etmək olmaz. Lakin qeyd etmək lazımdır ki, Sabbahın Ömər Xəyyama böyük simpatiyası olub. Hətta bildirildiyinə görə, şair, ən çətin anlarda Həsəndən iltifat və himayə görüb.

Lakin Xəyyamdan fərqli olaraq, Azərbaycan və türk poeziyasının təkrarolunmaz dühası Nizami Gəncəvinin Əlamut şeyxləri ilə münasibəti pis olub. Bəzi mənbələrə görə, Azərbaycan Atabəylər Dövlətinin görkəmli hökmdarı Qızıl Arslan Gəncənin yaxınlığında yerləşən Həmduniyan kəndini böyük şairə bağışlayır. Kəndin əvvəlki sahibi isə Əlamut ilə əlaqədə olan birisi imiş. Nəticədə kəndin əlindən çıxması ilə barışmayan həmin şəxs, kömək üçün Əlamut ismaililərinə müraciət edir və himayə istəyir. Çox keçmir ki, Nizami fədailərdən məktub alır. Məktubda təklif edilir ki, şair Qızıl Arslanın bağışladığı kəndi köhnə sahibinə qaytarsın və cümə məscidinə gedib tövbə namazı qılsın. Bir tərəfdən atabəy Qızıl Arslanı, digər tərəfdən isə Şirvanşah Axstanı özünə arxa bilən Nizami Əlamüt şeyxinin xəbərdarlıq məktubuna əhəmiyət vermir. İsmaililər bir neçə dəfə xəbərdarlıq kimi, şairə göndərilmiş hədiyyə karvanlarını qərət etsələrdə, şair bunu da ciddiyə almır. Nəticədə həmin dövrün Əlamut şeyxi Çalqara daisinə şairi «cəzalandırmaq», Həmduniyan kəndini isə əvvəlki sahibinə qaytarmaq barədə fitva verir. Çalqara daisi isə öz növbəsində müridlərdən birini şairin ardınca göndərir. Eyni zamanda Əlamüt müridlərinə qarşı amansız təqibə başlayan atabəy Qızıl Arslanı cəzalandırmaq üçün bir neçə fədai yola düşür. İkincilər məqsədlərinə çatırlar, atabəy öldürülür. Birinci tapşırıqla bağlı isə hər şey nəzərdə tutulduğu kimi olmur.

Fədailər sonuncu xəbərdarlıq kimi, gecə şairin evinə girib balıncının yanına bıçaq saplayırlar. Bunun da nəticəsiz olduğunu görən qatillər növbəti gecə evə basqın edirlər. Lakin səhvən Nizami Gəncəvinin yerinə həyat yoldaşı Gövhəri öldürürlər...

Avropada ölüm kabusu və ya tampliyerlərin müəllimləri

Nizamülmülkə olan qəsddən və Məlikşahın zəhərlənməsindən sonra hakimiyyətə gələn yeni Səlcuq sultanı «ilanı yuvasında boğmaq» qərarına gəlir. O, böyük qoşun toplayaraq, «lənətə gəlmiş qəsri dağıtmaq, Əlamut dağını isə yerlə-yeksan etmək» məqsədilə şimala yürüş edir. Lakin səfər zamanı bir gün yuxudan oyanarkən balıncının yanında yerə sancılmış xəncər görür. Xəncərin ucuna taxılmıx kağızda bu sözlər yazılmışdı: «Sən çox qabağa gedirsən!». Nə çoxminli süvari ordusu, nə hərbi fillər, nə də yüksək təlim keçmiş keşikçi dəstələri sultanı qoruya bilməzdi. Bu dəhşətli həqiqəti hamıdan çox onun özü anlamışdı. Elə həmin gün hərbi şeypurlar səsləndi, ordu geri dönürdü...

Nə şahzadələr, nə hökmdarlar, nə də şeyxlər sonrakı hədəfin onlardan kim olacağını əvvəldən təsəvvür edə bilmirdilər. Ölümün Əlamut şeyxi adlı qara mələyi bir qorxunc kabus kimi onların başı üzərində hərlənirdi. Qalırdı, qılıncı boyuna endirmək. Həsən Səbbahın növbəti şikarını seçməsində məntiq və ya məna axtarmaq hər zaman mümkün deyildi. Hətta uzun məsafələr, sərhədlər belə Sabbahın hədəfi üçün təhlükəsizliyin təminatı deyildi. Avropanın göbəyində oturan Fransa kralı bilirdi ki, onu nə ordu, nə də saray əyanları qurtara biləcək. Onun əmri ilə xüsusi təlim keçmiş cangüdənlər dəstəsi yaradılmışdı və hər yerdə onlar kralı müşayiət edirdilər.

Həsən Fransa şahzadələrindən birini öldürmək zamanının gəlib çatdığını qərara aldıqdan sonra, yazın erkən vaxtı iki fədai yola düşür. Müridlər payız aylarında şahzadənin idarə etdiyi vilayətə çatırlar. Şərqdən gəlmiş tacirlər həmin vilayətin yerli sakinləri üçün adi hal olduğundan, onlara heç kim əhəmiyət vermir. Lakin «tacirlər» hamıya və hər şeyə diqqət edirdilər. İlk növbədə də şahzadə ilə bağlı məsələləri xüsusilə öyrənməyə çalışırdılar. Şahzadə harada olur, hansı yerdə daha çox əylənməyi xoşlayır, bazar günü ibadət etmək üçün hansı kilsəyə gedir, onu necə qoruyurlar və s. Məlum olur ki, şahzadəyə yalnız kilsədə yaxın düşmək olar.

Bundan sonra hər iki «tacir» islam dininə iman gətirdiklərinə görə «peşman» olduqlarını elan edir və xristianlığı «qəbul edirlər». Onlar şahzadənin ibadət üçün gəldiyi kilsəyə qiymətli hədiyyələr bağışlayır, xristianlıqla bağlı bütün vacib ibadətlərə əməl edir, bir gün belə kilsə xidmətində durmaqdan yayınmırlar. Şübhəsiz ki, bütün bunlar yalnız bir şey üçün idi – şikarlarına daha yaxın gəlmək üçün səbrlə münasib zamanı, günü, anı gözləmək. O zaman artıq əldəki əyri xəncər şahzadəni yaxalayacaqdı. Və həmin gün yetişdi. Şahzadə qanına qəltan olaraq kilsənin daş plitələrinin üzərinə düşdü. Keşikçilər şahzadəyə qəsd etmiş müridlərdən birini yaxalayaraq yerindəcə öldürdülər. İkinci qəsdçi isə kütləyə qarışaraq gözdən yayına bilir. Lakin ən maraqlısı da elə bu zaman baş verir.

Eşidiləndə ki, şahzadə hələ sağdır, izdihamın arasından çıxan mürid şahzadəyə sonuncu ölümcül zərbəni vurur. Fədainin özü isə tutularaq ona verilən işgəncəyə dözməyərək həlak olur, sevinclə, heç nədən peşman olmadığını hayqıraraq...

Qiyom Tirskinin yazdığına görə, Suriya ismaililərinin lideri Qüdsə elçilər göndərir. Heyət hökmdar Amoriyə bildirməli idi ki, ismaililərin lideri yeni müjdəni diqqətlə oxuyub və müsəlmanların inancının düzgün olmadığına qənaət gətirib. Bu səbəbdən o, İslamı öz nüfuzu altında olan yerlərdə qadağan edib və öz tərəfdarları ilə xaş suyuna çəkilərək xristianlığı qəbul etmək istəyir. Yeganə şərt isə, tamplierlərə ödənilən illik 2000 bezant xəracın ləğv edilməsi idi. Hökmdar sevincindən özünə yer tapa bilmirdi. O, bu şərtə razılıq verərək məbəd cəngavərlərinə əldən çıxan gəliri kompensasiya edəcəyinə söz verir. Elçiyə hökmdar mühafizəsi təltifnaməsi verilir və o, yola salınır. Lakin ismaililərin elçisi öz torpaqlarına girər-girməz Volter Dyu Menilin rəhbərlik etdiyi bir qrup məbəd cəngavəri qafilənin qarşısını kəsir və ismaililər qətlə yetirlirlər.

Bu hadisə Amori ilə tamplierlər arasında ədavətə səbəb olur. Məbədin magistri Odo de Sent-Aman, yalnız papanın onları mühakimə etmək səlahiyyətinə malik olduğunu əsas gətirsə də, Amori dyu Menili həbs etdirərək Tir qalasında zəncirləyir. Qiyom Tirskinin yazdığına görə, bu hadisələr Səlahəddinin Transiordaniyaya 1173-cü ilin sentyabr ayında həyata keçirdiyi yürüşü ilə Nürəddinin 1174-cü ilin may ayında vəfatı arasında baş verir.

Qiyomdan başqa, Qüdsdə baş verən bu hadisələr barədə Volter Map 1181-1182-ci illərdə qələmə aldığı "De Nugis Curialium" əsərində də qeyd edir. Akranın episkopu Jak de Vitri (1216-1228) franklarla ismaililərin danışıqlara getdiyini özünün "Orientalis Historia" əlyazmasında xatırladır.

Əslində şərq ismaililəri ilə qərb tamplierləri arasında bu rəqabət və savaş bütün xaç yürüşləri dönəmində davam edib. Onlar mehriban düşmənlər kimi bəzən müttəfiq kimi çıxış edir, bəzən isə əzəli rəqiblər olaraq biri birilərinə üstünlüklərini qəbul etdirmək üçün savaşa girirdilər. Gah bir tərəf xəraca bağlanır, gah da digəri yüksək məbləğdə xərac ödəməyə məcbur olurdu. Amma fakt odur ki, ismaili-nizarilər istər Avropanın ilk dini-mistik-hərbi təşkilatı olan Tamplier Ordeni üçün, istərsə də Vatikanın dəstəyi ilə məbəd cəngavərlərinin qətlə yetirilərək qadağan edilməsindən sonra yaranan digər gizli təşkilatlar – Rozenkreyser, Hospitalyer və hətta məşhur Frank-masonlar üçün – ilkin əsas rolunu oynadılar. Avropalılar ilk gizli mistik təşkilatların yaradılmasının əlifbasını məhz İsmaili-nizarilərdən və ilk gizli türk təşkilatı olan Əxilərdən öyrəndilər.

Tamplierlər 1118-ci ildə "İsanın Kasıb Əsgərləri" adı altında, San Bernardo De Chiaravalle adlı bir yepiskop və onun bacısı oğlu Cəngavər Hugs Da Payens tərəfindən quruldu. Da Payens və fərqli ölkələrdən seçilən səkkiz Cəngavər də daxil olmaqla “Müqəddəs Torpaqları kafirlərdən qorumaq və möhtac kəslərə kömək etmək” məqsədi ilə 1119-cu ildə Qüdsə getdilər.
Qüdsün xristianlar tərəfindən işğal edilməsinə və Fatımilərin nəzarətindən çıxmasına rəğmən Abbasilərlə mübarizədə xristianlarla ittifaq onlar üçün məqbul idi. Digər tərəfdən məzhəb düşmənçiliyi, Fatmiləri xaçlılarla müttəfiq edən başlıca siyasi kazus idi. Səlahəddin Eyyubinin 1171-ci ildə Fatımi dövlətini tənəzzülə uğratması, İsmaililər ilə Xaçlıların həmrəyliyini daha da artırdı. İsmaililərin ən radikal qolu olan Həsən Sabbah fədailəri ilə, Xaçlıların fəalları Cəngavərlər arasında zaman içində xüsusi bir bağ meydana gəldi.

Qüdsə gəlmələrindən sonra, Kral II Baudouin tərəfindən Süleyman Məbədini qorumaqla vəzifələndirilən və məbədin yerində 540-da Bizans İmperatoru Justinyanus tərəfindən tikilmiş olan kilsədə yer verilən "İsanın Kasıb Əsgərləri", yeni vəzifələri səbəbi ilə adlarını dəyişdirdilər və "Məbəd Cəngavərləri” adlandırıldılar. Bir müddət sonra bu Cəngavərlərə və təşkilatlarına qısaca "Templiyerlər" deyildi.

Cəngavər Da Payens və bərabərindəkilər Qüdsə gəldikdən qısa bir müddət sonra İsmaililər ilə qarşılaşdılar. Rahiblərdən Cəngavərlər haqqında məlumat alan və onların xristian ictimaiyyəti içindəki ən təsirli və məlumatlı kəslər olduğunu öyrənən ismaililər, Məbəd Cəngavərləri ilə görüşmək də xüsusilə maraqlı idilər. Bu istəyin altında, Tampliyerlərin qədim məbədi qoruma vəzifəsini boynuna götürmələri və məbəd içində bəzi itmiş sirləri ortaya çıxarmaq üçün etdikləri araştırmaların da təsiri var idi. Bəzi araşdırmaçılar, Da Payensin əmisi olan yepiskop Chiaravallenin Avropada yaşayan Kabbalacılardan, məbədin təməllərində basdırılmış olan bəzi Ezoterik sirlərin yerlərini öyrəndiyini və təriqəti də sırf bu sirlərin tapılması üçün qurduğunu və Qüdsə göndərdiyini irəli sürürlər. Başqa iddialara görə, aralarında itən bir müqəddəs sözün yazılı olduğu daş lövhə də daxil olmaq üzrə, sirlərin böyük hissəsi Cəngavərlər tərəfindən məbədin təməlləri arasında tapılıb.

Bəzi mənbələrin yazdığına görə, Hugs Da Payens və digər Cəngavərlər, dəvət üzərinə, Əlamut qalasını da ziyarət etdilər. Burada Sabbahın qurduğu sistemi gözləriylə görən Cəngavərlər təşkilat və Qərbi doktrina haqqında da ilkin məlumatları aldılar. Qüdsə gəldikləri zaman Katolik inancın irəlidə gələn müdafiəçiləri arasında nüfuzlu olan Tampliyerlər, Həsən Sabbah və dailərini tanıdıqdan, İsmaili təlimini dərincə araşdırdıqdan sonra, Katolik inanc tərzindən gedərək uzaqlaşaraq mistikanı ön plana çıxaran Ezoterik doktrinaya bağlandılar. Tampliyerlərdəki bu inanc dəyişikliyi, qurduqları güclü təşkilat sayəsində bütün Avropaya yayılması Katolik kilsəsinin də gedərək zəifləməsinə gətirib çıxardı. İsmaililərlə əlaqələri Tampliyerlərin bütün fəlsəfəsini dəyişdirmişdi ancaq bu əlaqə, təşkilatın tənəzzülünü və günahlı olmalarını təmin edən əsaslardan ən başlıcası oldu. Templiyerləri yox etmək üçün bəhanə axtararkən Papalıq, təriqəti "Müsəlmanlarla əlaqə yaratmaq və hətta Müsəlmanlaşmaqla" günahlandırdı.

Məbəd cəngavərləri Əlamut fadailərindən Ezoterik təlim ilə birlikdə bir şeyi də öyrəndilər: gerçək inanclarını saxlamaqla yanaşı inanclı bir xristian kimi görünməyi. Onlar bunu elə ustaıqla etdilər ki, hətta 1128-ci ildə Papa Honarius, göstərdikləri faydalılıqlar səbəbiylə təriqətin şöbələrinin bütün xristian dünyasında açılmasına icazə verdi. Yenə Papa, 1139-cu ildə də Templiyerlərin hər hansı bir dünyəvi və dini nüfuza tabe ola bilməyəcəyini və yalnız Papanın özünə qarşı məsul olduqlarını açıqladı. Bu icazə ilə Templiyerlərin üzərindən hər cür şübhə və dini təzyiq də qalxmış oldu.

Cəngavərlər, xristian görünmə zəruriliyi ilə Ezoterik inanclarını bir yerdə tuta bilmək üçün üzərinə and içmək üzrə, Ezoterik bir quruluşu olan Yohanna İncilini seçdilər. Templiyerlərin bu seçimi digər Cəngavər təşkilatlarına da təsir etdi. Hər cür məsələdə Templiyerləri nümunə götürən digər Cəngavər təşkilatları da İncilə and içməyə başladılar. Belə ki, Cəngavərlik təşkilatının bir başqa məşhur nümunəsi olan və döyüşlərdə yaralananlara etdikləri köməklərdən ötəri özlərinə "Hospitalierler" deyilən Cəngavərlərin bir başqa adı da, "Sen Jan Cəngavərləri" idi. İsa təliminin Ezoterik məzmununu izah edən İncil, Sen Jan tərəfindən qələmə alınmışdı.

Təşkilatlanmalarını İsmaililəri nümunə götürərək reallaşdıran Tampliyerlər, intizam, iyerarxiya, təriqətin başçısı olan Böyük Ustada mütləq bağlılıq və itaət kimi İsmaili tətbiqlərini davam etdirdilər. Üç dərəcəli bir inisiasiya sistemi qurdular. "Mass" adı verilən ayinlərdə, Müqəddəs Ruhun simvolu olaraq qəbul etdikləri çörəyə, çirkli ola biləcək əlləriylə dəyməmək üçün əlcək geyən Templiyerlərin önlükləri də qoyun dərisindən hazırlanmışdı və ağ idi. Templiyerlərin yalnız önlükləri və əlcəkləri deyil, bütün geyimləri ağ idi. Bu ənənəni də İsmaililərdən götürən Templiyerlər, tək fərq olaraq, sinələrinin üzərinə Xaçlıların simvolu olan qırmızı bir Xaç tikdirərdilər.

Bu cür müridlərə malik olan «dağlar qocası» o zaman üçün dünyanın məlum olan bütün nöqtələrinə öz qorxunc hakimiyyətini tanıtdıra bilmişdi. Düşmənlərindən öc almaq və ya sadəcə olaraq öz təhlükəsizliyini təmin etmək məqsədi ilə Əlamüt qalasına yollar axtaran hökmdarı başa düşmək olardı. Otuz dörd il «dağlar qocası» ləqəbli Həsən ibn Əs-Sabbah dünyanı idarə etdi. Və bu otuz dörd il ərzində o, bir dəfə də olsun qəsrin hüdudlarından kənara çıxmadı. Zatən buna ehtiyac da yox idi: onun gözləri hər yeri görür, qulaqları hər şeyi eşidir, əlləri isə hər yerə çatırdı. İldən-ilə Əlamüt fədailərinin sıraları genişlənirdi. Yeni-yeni gənclər qəsrin darvazası önündə şərti sözləri söyləyir və darvazanın qapıları ağır-ağır açılaraq onları içəri dəvət edirdi. Bir müddət sonra elə həmin qapılar onları yenidən dünyaya qaytarırdı, lakin başqa insan kimi, şeyxi üçün hər şeyi gözə ala bilən fədai kimi.

«Dağlar qocası»nın sonu

Lakin, zaman hamıya olduğu kimi, Həsənin özünə qarşı da amansız və laqeyd idi. «Dağlar qocası» bu acı həqiqəti başa düşürdü. Onun iki oğlu, iki dayağı, iki fədaisi var idi. Və yaxşı olardı ki, Həsən hakimiyyətini ya onların hər iksinə, ya da birinə verəydi. Lakin hökmdarların təcrübələri ilə yaxından tanış olan Həsən onu da bilirdi ki, ölümündən sonra, onun övladları biri-biri ilə hakimiyyət üstündə savaşa qalxa bilərlər, bu isə təriqəti bir-biri ilə düşmənçilik edən iki təşkilata parçalayar. Bu hökmdar varisliyinin acı həqiqəti idi. Onun övladları öz üzərilərində qardaş qatili damğasını və ən əsası da Həsənin böyük əziyyətlər hesabına ərsə gətirdiyi, ona hər şeydən doğma və əziz olan təşkilatını məhv etmək taleyini gəzdirirdilər. Bu səbəbdən Həsənin gəldiyi qənaətə görə, qurbansız ötüşmək olmazdı. Həsən öz qurbanlarını verdi - hər iki övladını öldürtdü. Ölümünün yaxınlaşdığını hiss etdiyi zaman isə, «işi davam etdirməyi bacaracaq birisinə» təhvil verərək? elə həmin gün vəfat etdi.

Həsənin xəlifələri onun yolunu davam etdirirlər. Təriqət yaradıcısının dövründə olduğu kimi, sonralar da öz hüdudsuz hakimiyyəti ilə bütün dünyanı lərzəyə salmaqda davam edir. İmperator və hökmdarlar, krallar və şahlar öz elçilərini Əlamuta göndərir, qəsrin şeyxi elçiləri qəbul edərək lütf göstərərsə, özlərini dünyanın ən xoşbəxt bəndələri sayardılar. Bu səbəbdən də xaç yürüşləri zamanı Avropanın ən gizli və qüdrətli təşkilatı olan tamplierlər ismaililərlə müttəfiq olarkən bunu özlərinin ən böyük uğuru hesab etmişdilər.

İllər ötür, Əlamutun gizli təşkilatı isə tarix səhnəsindəki yolu ilə heç nə olmamış kimi gedir, Həsəndən sonrakı varislər biri-birilərinin ardınca dünyaya meydan oxumaqda davam edirdilər. Hətta Əlamut şeyxliyini II Həsən kimi çılğın və iddialı birisi qəbul etdikdən sonra, gözlənilənlərin əksinə olaraq, təriqət nə zəifləyir, nə də dağılır. II Həsən Allah ilə müridlər arasında elçi, XII imam funksiyası ilə razılaşmayaraq, daha da irəli gedir. O, elan edir ki, Allah onun dili ilə danışır. Həsən bütün tərəfdarlarına bəyan edir ki, Allahdır və Tanrı onun cismində qərar tutub. Bundan belə yalnız ona inananlar bütün ibadətlərdən və ya saçlardan azaddırlar. Artıq müridlər nə istəsələr onu edə bilərdilər və onların qarşısını kəsə biləcək heç kim, heç nə, heç bir qüvvə yox idi, yalnız Həsənin simasında qərar tutan Tanrıdan başqa.

II Həsəndən sonra şeyxliyə oğlu II Məhəmməd gəlir. Məhəmməd allahlıq iddiasına düşməsə də, onun başqa bir şakəri ortaya çıxır. Şeyx tələb edir ki, hamı onu filosof və şair kimi tanısın. Artıq siyasi intriqalar, hökmdarları qorxu altında saxlamaq yaddan çıxmaqda idi. Məhəmmədin düşmənləri onun istedadını şübhə altına alanlar və qələmindən çıxan qəsidələri bəyənməyənlər idi. İranın o dövrdə məşhur alimlərindən biri Məhəmmədin yaradıcılığını tənqid etmək kimi böyük riskə atılır. Çox keçmir ki, gecə ikən Əlamütdən olan çapar şairin evinə daxil olur. Elçi şairə iki yol təklif edir: ziyalı olduğu üçün sürətli və ağrısız ölüm və ya bir daha tənqid dilinə gətirməmək şərti ilə həyat və təqaüd kimi ildə bir neçə min qızıl pul. Təbii ki, şair ikinci yolu seçir.

Qüds fatehi Səlahəddin Əyyubinin təşkilatı tamamilə zəiflətməyə yönəlik ardıcıl zərbələrindən sonra, 1256-cı ildə Monqol süvariləri Ön Asiyanı tar-mar etdikləri zaman, Əlamut qalasını da süquta uğradırlar. İyirmi ildən sonra Məmlüklər Suriya və Livanda təşkilata sonuncu zərbələri endirirlər. Assasiyunların təşkilatı beləcə məhv edilir...

Son

1810-cu ildə Hələbdəki (Suriya) fransız elçisi kralın tələb etdiyi lazımi məlumatları toplayarkən, assasiyunlar barədə məlumatlara rast gəlir. Təşkilat hələ də fəaliyyətini davam etdirməkdə idi. Təşkilatın şeyxi, İsfahan ilə Tehran arasında yerləşən kiçik kənddə məskunlaşmışdı. Şeyxi tərfdarları və onu az qala tanrı kimi qəbul edən müridləri qoruyurdu. Konsul yazırdı: «Onun tərəfdarları iddia edirlər ki, o, möcüzələr törədə bilir».

Assasiyyunlar barədə daha bir fakt 1866-cı ildə ortaya çıxır. O zaman Britaniyanın müstəmləkə məhkəməsi Bombeydə maraqlı bir işi tədqiq edirdi. Məhkəməyə ərizə ilə müraciət edənin ismi Ağa-Xan idi. O, iddia edirdi ki, assasiyunların dördüncü şeyxinin nəticəsidir. Lakin Bombey kastası ona vergi verməkdən imtina edir. Söhbət o zaman üçün böyük məbləğdən – 10 min funt sterlinqdən gedirdi. Məhkəmə aydınlaşdırır ki, sözügedən kastanın üzvləri həqiqətən də assasiyunların təşkilatına qəbul olunubmuşlar və ismaililərin başçısı olan Ağa-Xan, həmçinin assasiyunların lideri hesab olunur.

Ənənəyə görə Ağa-xan titulu nəsildən-nəslə keçmir, hər şeyx özü ondan sonrakı varisi təyin edə bilər. Sonuncu (hazırda o, sağdır) Ağa-Xan 1997-ci ildə şeyxliyi öz babasından qəbul edib. Həmin dövrdə o, idman avtomobillərini və əylənməy xoşlayan gənc bir oğlan idi. Bu, onun haqqında mətbuatda yazılmış və bilinən yeganə şeydir. Artıq o, ismaililərin 49-cu imamıdır – IV Kərim Ağa-Xan.

Vüqar ZİFƏROĞLU
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti