Düşmənin maşını ilə posta girib erməni komandiri öldürən şəhidimiz - VİDEO+FOTOLAR

Düşmənin maşını ilə posta girib erməni komandiri öldürən şəhidimiz -  VİDEO+FOTOLAR
  25 Dekabr 2020    Oxunub:33183
“Aprel döyüşlərində çətinliklə mühasirədən çıxmışdı, çox sayda erməni hərbçisini öldürmüşdü. Ermənilər oğlumun başına pul qoymuşdular. Deyirdilər, Qəzənfəri vurun ki, təminat dayansın”.
Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Qəzənfər Mütəllimovdur. O, XTQ-nin kəşfiyyat, daha sonra təminat qrupunda xidmət edib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.

Azvision.az-ın əməkdaşı şəhidin evinə baş çəkərək anası Minəxanım Mütəllimova ilə söhbətləşib.



1992-ci il yanvarın 27-də Sumqayıtda dünyaya gələn Q. Mütəllimov ailənin sonbeşiyi olub. Onun özündən böyük 3 bacısı var.

Şəhid anası deyir ki, həyat yoldaşı rəhmətə gedəndən sonra evin tək “başı papaqlı”sı oğlu idi: “Məktəbdə çox nadinc uşaq idi. Fikir vermişəm, həmişə nadinc uşaqlar belə igid olurlar. Amma çox tərbiyəli, qayğıkeş idi. 9-cu sinifdən sonra sənədlərini Ceyranbatanda liseyə verdik. Oranı bitirib hərbi xidmətə getdi. Əsgərliyi Goranboy və Tərtərdə ön cəbhədə keçib. Xidmətini başa vurub qayıdandan sonra hərbiyə getmək istəyirdi, ancaq qoymurdum. O da elə bir uşaq idi ki, mənim xeyir-duamı almamış heç bir iş görməzdi. Sonda razı oldum. Tələm- tələsik sənədlərini yığıb MAXE olmaq üçün verdi. Orada oxuyanda bunu boyuna, çevikliyinə görə NATO tərkibli sülhməramlılara seçdilər. Bir müddət sonra hərbi hissədən 15 nəfəri XTQ-yə apardılar. Onlardan biri də Qəzənfər idi. Gedən 15 nəfərdən 14-ü keçə bimədi, bir dənə oğlum qəbul oldu. Komandir Qəzənfəri qucaqlayıb öpmüşdü ki, sağ ol, sən bu kursdan keçə bildin, başımızı ucaltdın.



Bir dəfə tapşırıqla kəşfiyyata gediblər. Yolda qarşılarına ermənilərin hərbi maşını çıxıb. Ermənilər Qəzənfərgilin azərbaycanlı olduqlarını bilməyiblər və maşını saxlayıblar. Bizimkilər onları öldürüb və düşmənin maşınları ilə erməni postuna daxil olublar. Post komandiri elə bilib ki, ermənilərdir. Onların qarşısında vəziyyət barədə raport verib. Qəzənfər tapançanı çıxarıb onu ağzının içindən vurub. Sonra posta girib düşməni məhv ediblər.

Aprel döyüşlərində də iştirak etmişdi. Pəncəli Teymurov, Emin Bağırov gözünün qabağında şəhid olmuşdu. Raquf Orucovun nəşini Qəzənfər çıxarmışdı.

Oğlum və xüsusi təyinatlıların bir hissəsi Aprel döyüşlərində mühasirəyə düşmüşdülər. Mühasirədən çox az hərbçi sağ çıxa bilib. Onlardan biri də Qəzənfər olub. Gələndən sonra soruşdum ki, orada nə baş verdi? Əlləri ilə başını tutub dedi, məndən heç nə soruşma. Danışırdı ki, mühasirədə qalanda döyüş yoldaşlarından biri iki ayağından vurulub və gedə bilmirmiş. Qışqırırmış ki, məni öldürün, erməni əlinə keçməyim. Düşmən 3 tərəfdən bunları mühasirəyə alıb. Bircə Ermənistana tərəf olan yol boş olub. Oğlum da daxil olmaqla 4 nəfər çiyinlərinə yaralıları götürərək erməniləri azdırıb və mühasirədən çıxa bilmişdilər. Aprel döyüşləri başa çatandan 3-4 gün sonra geri gəldilər. Hamı elə bilirdi ki, onlar artıq şəhid olub.

Aprel döyüşlərində nə qədər erməni öldürüb. Məzuniyyətə gələndə çantasından qanlı xəncər çıxdı. Nə qədər yuyurduq qanın iyi getmirdi. Xeyli meyit arasında olmuşdu, deyirdi, elə bil əllərimə qan hopub".



Qəzənfər Mütəllimov anasının xahişindən sonra işini dəyişərək XTQ-nin təminat qrupuna keçib.

“Sən demə, təminat ən ağır iş imiş. Vətən müharibəsində hərbi maşında dağ, dərə ilə ön cəbhəyə silah daşıyırdı, şəhidləri, yaralıları döyüş meydanından çıxararaq geri gətirirdi. Oğlum yüzlərlə insanın həyatını xilas edib. Bilməzdim ki, belə qəhrəmanın anasıyam. Döyüş yoldaşının dediyinə görə, Qəzənfər gələndə uşaqlar sevinirmiş ki, xilaskarımız gəldi. Ermənilər onun başına pul qoymuşdular. Deyirdilər, Qəzənfəri vurun ki, təminat dayansın. Bizim hərbçilər özləri rabitə ilə bunu eşidiblər. Övladımın adı gələndə ermənilərin canını qorxu basırmış. Qəzənfərin gözündə isə əksinə qorxu deyilən bir şey yox idi. Həyatı başa düşən insan idi. Adını hamı pələng çağırırdı. Ağla gəlməyən yerlərə gedirdi. Yüzlərlə yaralı, şəhidi döyüş meydanından çıxarırdı. Gör nə qədər ananı gözüyaşlı olmaqdan xilas edib.



Oktyabrın 2-də yaralıları yığıb, geri dönəndə minomyotla maşınını vurublar. Uzaqdan hərbçilərimiz görüb və düşünüblər ki, Qəzənfər öldü. Bir də baxıblar ki, oğlum haradansa çıxıb maşına tullanıb və avtomobili 3 təkər ilə dağ-dərə yolu sürüb, yaralıları salamat çatdırıb. Deyirdi, döyüş yoldaşım mənim qardaşımdır. Mən yaralı və ya şəhid olanda məni döyüşdən yoldaşım çıxaracaq, qardaşım yox.

O, şəhid olanda ön cəbhədikilər deyib, “vay, belimiz sındı”. Çünki yaxşı təminatçı idi. Bərkdən boşdan çıxmışdı. Son dəfə oktyabrın 4-ü axşam evə zəng etdi. İlk dəfə idi ki, halsız və yorğun danışdı. Dedi, yağış yağır, yorğunam. Həmin gün ön cəbhədən gəliblərmiş. Yağışın, palçığın içində olublar. Bir-iki saat dincəlmək istəyiblər. Oktyabrın 5-i gecə saat 4-də tapşırıq gəlib ki, ön cəbhəyə getməlisiniz. İki maşın və hərəsində 4 nəfər olmaqla yola düşüblər. Ermənilər pusqu qurublar, Cəbrayılda dərəyə girəndə bunları atəşə tutublar. Atışma olub. Hətta onların yanında bir qoca erməni meyiti də tapılmışdı. Yəqin ki, kimin ölüb, kimin sağ qaldığını yoxlayanda bizmkilər də onu öldürüb. Oğlumu bədənindən və ayaqlarından vurmuşdular, dizləri sınmışdı”.



İki il idi ki, evli olan şəhidin özündən sonra bir qız övladı yadigar qalıb. Növbəti övladı isə yaxın vaxtlarda dünyaya gələcək. Minəxanım övladının yoxluğunu nəvəsinin varlığı ilə ovudur.

“Balam şəhid olandan sonra yuxumda gördüm ki, balaca bir uşağımı itirmişəm. Qaranlıq küçələri gəzib onu axtarıram, amma tapmıram. Evə qayıdıb görürəm ki, Qəzənfər telefonuma 3 şəkil və səsli mesaj göndərib. Birinci şəkildə Hikmət Mirzəyev paradda gedir, oğlum da onun arxasınca addımlayan xüsusi təyinatlıların arasındadır. Həmin şəklə izahat olaraq deyir ki, “ana, məndən nigaran qalma, mən işdəyəm”. İkinci şəkildə isə dağlıq bir ərazidədir. Ora haqqında isə “bura mənim iş yerimdir, növbə ilə posta çıxıram” deyə bildirir. 3-cü şəkildə isə bəmbayaz və səliqəli bir otaqdır. Səs gəlir ki, bu da mənim qaldığım yerdir.

Oğlumun ölümündən sonra depressiyaya düşdüm, yataqdan qalxa bilmədim. Hər gecə hərbi formasını qucaqlayıb ağlayırdım. Qəzənfər qonşunun yuxusuna girib, ona bildirib ki, anama denən mənim üçün təkcə Yasin oxumasın, bütün Quranı oxusun. O yuxu mənə güc verdi, ayağa qalxdım. Özümü toparladım. Dedim, mən ağlayanda uşağıma ayan olur, narahat qalır”, - deyə şəhid anası vurğulayıb.





































Şahanə Rəhimli
Azvision.az


Teqlər: XTQ   Şəhid  





Xəbər lenti