Düşməni öz dilində pusquya salıb, generalı məhv edən qəhrəmanımız - VİDEO+FOTOLAR
“Elyar 5 övladımdan ilki idi. O, 1991-ci ilin oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Məktəbin 9-cu sinfindən sonra 2 il peşə üzrə təhsil alıb. Hələ məktəbli vaxtlarından 5 il karate ilə məşğul olub. Respublika yarışlarınada iştirak edib və ikinci yeri tutub.
Oğlum 2009-cu ilin oktyabr ayında ordu sıralarına çağırılıb. 2010-cu ildə hərbi xidmətdə olduğu müddətdə Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) seçim başladı. Elyar bu barədə mənimlə məsləhətləşdi, ona dedim ki, adını yazdır, ora elə sənin kimi oğlanlar lazımdır. Övladım XTQ-nin 6 aylıq ağır kursunu müvəfəqiyyətlə başa vurdu və xüsusi təyinatlıların kəşfiyyat qrupunda xidmətə başladı. 2011-ci ildə ona kiçik gizir rütbəsi verildi. Vaxtının çoxunu təlimlərdə, kəşfiyyatda keçirirdi. Fiziki göstəriciləri çox yüksək idi. Qaçış və qaydasız döyüş üzrə birinci yerə çıxmışdı. “Qafqaz Qartalı” təlimlərində iştirak edib, yaxşı nəticələr göstərmişdi. Erməni dilini öyrənmişdi. Silahların incələnməsini və sıfırlanmasını Camal İsmayılov, Sübhan Cəbrayılov, Şəhriyar Quliyev və Elyar həyata keçirirdi. Bunlar birlikdə müəyyən gizli tapşırıqları yerinə yetirirdilər. Məsələn, Xocalı aerportunun eskiz layihəsinin, xəritəsinin gətirilməsini 10 gün ərzində həyata keçiriblər.
Oğlum Aprel və Tovuz döyüşlərində də iştirak edib. Göstərdiyi şüracətlərə görə fərqlənmə medalı ilə təltif olunub. Aprel döyüşlərindən sonra 45 gün yeni gətirilən silahların incələnəsi və sıfırlanması üzrə Goranda təlimatçı olub”.
Vətən müharibəsində Arif Vəliyevin iki oğlu- Elyar və kiçik qardaşı Elçin iştirak edib. Ata qızğın döyüşlər vaxtı övladları ilə əlaqə saxlayıb, vəziyyətlə maraqlanırdı.
“Müharibə başlayanda Elçin hərbi xidmətdə idi. O, Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində, düşmənlə 70 metr məsafədə döyüşürdü. Sentyabrın 26-sı Elyarla əlaqə saxladım. Dedi, “narahat olma, biz hələ döyüşə getməmişik”. Səhəri günü gecə Füzuli istiqamətindən döyüşə girdilər. Ona kimi gözləmə mövqeyində idilər. Bir gün sonra yenə də əlaqə saxladıq. Dedim, bala özünü qoru. Cavab verdi ki, ata, mən özümü yox, vətəni qorumağa gəlmişəm. İki övladım müharibədə idi. Gün ərzində tanımadığım neçə nömrədən zəng gəlirdisə, həmin gün mən o qədər ölüb dirilirdim.
Elyarın döyüş qəhrəmanlıqları ilə bağlı yoldaşları bizə maraqlı məqamları danışıblar. Deməli, Cəbrayılı azad edib təhvil verdikdən sonra bunların qrupu bir az arxaya çəkilib dincəlirmişlər. Həmin gün yağış onları elə isladıb ki, ağırlaşan qoruyucu jiletləri belə çıxarmağa çətinlik çəkiblər. Birdən xəbər gəlib ki, düşmən Horadizdən Cəbrayıla gedən yola 12 tank və 200-ə yaxın hərbçi ilə hücum edib. Bizim 3500 nəfərlik heyyət və silah-sursatımız digər tərəfdə mühasirədə qalıb. Beləliklə, Elyar da daxil olmaqla 140 döyüşçü hücuma keçib və ermənilərin özlərini pusquya salıblar. Həmin döyüşdə oğlumgil 4 tankı vurub, 8-ni hərbi qənimət kimi ələ keçiriblər.
Elyar çox cəld hərəkət edirmiş. Cəbrayıl döyüşləri zamanı sıçrayaraq düşmənin hərəkət edən UAZ markalı maşınının içinə əl qumbarası atıb və biri general olmaqla 7 ermənini öldürüb. Onlar Zəngilanın bir hissəsində və Qubadlıda da çox uğurlu əməliyyatlar keçiriblər. Hadrutun azad olunmasında Elyargilin böyük payı var.
Hadrut döyüşləri zamanı qərara alıblar ki, meşə tərəfə gedən yolda pusqu qursunlar. Qrupun 12 üzvü olduqları yerdən təxminən 1500 metr aralandıqdan sonra gedib görüblər ki, meşəlik ərazidə düşmən qərargahı və 50- yə yaxın erməni var. Həmin hissəyə radiolokasiya yerləşdirilib və rabitə ilə bizim tərəfin danışıqlarını izləyirmişlər. Əraziyə hücum zamanı Elyar qərargahın binasına girib, bir neçə erməni əsgərini öldürüb. Hətta erməni mayoru məhv edərək, onu ikinci mərtəbədən aşağı atıb. Qərargahın rəisi həmin vaxt qaçmaq istəyəndə oğlum onu yaxalayıb və sürüyə-sürüyə çölə çıxarıb. Elyar düşmənə qarşı amansız olub. Ona görə də Elyara "Allahsız canavar" ləqəbini vermişdilər.
Yoldaşlarının dediyinə görə, Hadrutda erməniləri öz dillərində aldadıb pusquya salıblar və şəxsi heyyətin hamısını qırıblar. Düşmənə məxsus maşını partladıblar”.
Oğlunun qəhrəmanlıqları ilə qürur duyan ata Elyarın yaralı yoldaşlarına da kömək etdiyini söyləyib:
“Füzulidə Seyidbaba adlı döyüş yoldaşı minaya düşüb. Elyar onun ayağına taxta qoyub və öz botinkalarının ipi ilə sarıyıb. Xəstəxanada həmin hərbçiyə deyiblər ki, sənə ilkin tibbi yardımı kim edibsə, ayaqlarını amputasiya olunmaqdan xilas edib.
Elvin adlı yoldaşının ayağından gülləni özü çıxarıb, yarasını sarıyıb. Onların qrupları çox mehriban idi. Vətən müharibəsində dincələn zaman bir-birinin ayaqlarını qucaqlayıb yatırdılar.
Oktyabrın 17-si səngərdə oturanda qəfildən bir erməni əsgərinin qaçdığını görüblər. Elyar ayağa durub və deyib ki, “bu, mənim doğum günü sürprizimdir”. Həmin erməni əsgərin dalınca qaçıb. Bir az keçəndən sonra görüblər ki, üstü qanlı, əlində bıçaq və ratsiya ilə geri qayıdıb.
Elyar Cəbrayıl döyüşləri zamanı 40 tapança təhvil vermişdi. Sıravi əsgərdə tapança olmur. Bu, o deməkdir ki, 40 zabiti öldürüb. Bir videosu var. Sonuncu döyüşündən əvvəl çəkilib. Orada deyir ki, erməni öldürməyəndə narahat oluram, gərək erməni öldürəm ki, əlimin gicişməsi dayansın.
Axrıncı dəfə Elyarla oktyabrın 18-də danışdım. Yaxşı olduğunu deyib sağollaşdı. Çox yorğun idi. Həmin gün müharibədə olan digər oğlum Elçin də zəng etmişdi. Onları əlaqələndirmək üçün Elyara ikinci dəfə zəng edəndə telefonu sönülü idi.
Sonuncu döyüşü oktyabrın 19-u Şuşadan 14 kilometr aralıda, Qırmızı Bazar deyilən yerdə olub. Güllələri qurtarana qədər döyüşüblər. Elyarı müxtəlif istiqamətlərdə yaxın məsafələrə qumbara atanda ürəyindən vurublar. O, “Allahu-Əkbər” deyərək yerə yıxılıb”.
Elar Vəliyev bibisi qızı Türkanə xanımla ailə həyatı qurub. Onun 4 oğlu və bir qızı yadigar qalıb.
Şəhid xanımı: “Evli olduğumuz müddətdə xoşbəxt həyat yaşadıq. 2014-cü ildə böyük oğlumuz Hüseyn, Aprel döyüşlərində ikinci övladımız Aidə, 2017-ci ildə isə üçəmlərimiz doğulub. Qapıdan girən kimi deyirdi, "cumbulu balalarım, qucağıma gəlin”. Çox ailəcanlı idi. Oktyabr ayında məzuniyyət götürməyi və bizə xüsusi vaxt ayırmağı planlayırdı.
Yenə təlimə gedəcəyini deyəndə nə zaman geri dönəcəyini soruşdum. Bildirdi ki, bu təlimin günü yoxdur. Oğlumuz bu il birinci sinifə gedirdi, işi ilə əlaqədar heç məktəbə də apara bilmədi. Dedi, qayıdanda Hüseynin məktəbə getməyini ürəyim istəyən kimi qeyd edəcəyəm. Sonuncu dəfə evdə olanda həyətdə uşaqları ilə gəzdi, onlarla şəkil çəkdirdi. Sanki şəhid olacağı ürəyinə danmışdı. Elə hey sözünün əvvəli-axırı “mən həyatda olmayanda, belə edərsiniz” olurdu. Həmin axşam övladlarımız Aidə ilə Rəyyanı mənə xüsusi ilə tapşırdı. Dedi, qızıma ali təhsil verərsən. Bundan sonrakı həyatımı necə yaşayacağımla bağlı ssenari kimi danışırdı.
Qardaşım hərbçidir. Elyar cibindəki erməni zabitərinə məxsus rütbələri ona göstərib, deyib ki, mən qanımı ala-ala gedirəm. Şəhid olsam, bacına deyərsən ki, erməni mənim bir canımı alıbsa, mən saysız eməni öldürmüşəm. Oktyabrın 18-i qardaşımla bir yerdə olub. Telefonunu, çantasını ona verib və deyib ki, qayıtmasam, bunları bacına çatdırarsan.
Elə olurdu ki, bir həftə, 10 gün əlaqə saxlaya bilmirdim. Döyüş yoldaşlarının ailələrinə zəng edib, onu soraqlayırdım. Özü zəng edəndə isə elə hey gülürdü. Deyirdi, "30 ilin həsrətinə son qoyuruq. Bu torpaqlarda mənim zəhmətim var, sizi qarış-qarış gəzdirəcəyəm”.
Qızımız soruşdu ki, "ata, sən Azərbaycandasan?". Dedi, "hə qızım, Qarabağdayam. Bura mundar ayaqları sındırmaq üçün gəlmişəm”.
Elyarın digər döyüş yoldaşları kimi ən böyük arzusu Qarabağımızı işğaldan azad görmək idi. O, son damla qanına kimi qəhrəmancasına vuruşaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail oldu. Bu gün onun ruhu şaddır ki, uğrunda şəhid olduğu torpaqlarda üçrəngli şanlı Azərbaycan bayrağı qürurla dalğalanır...
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Şəhid Qəhrəman Vətən-Müharibəsi Döyüş XTQ