Bakıda oğul atasını döyərək öldürdü

   Bakıda oğul atasını döyərək öldürdü
  23 Mart 2021    Oxunub:2832
Martın 22-də Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlunun təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub. Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Bakı   Oğul   Ata   Qətl  





Xəbər lenti