Bakıda quldurluq və oğurluq edənlər tutuldu - VİDEO

Bakıda quldurluq və oğurluq edənlər tutuldu -  VİDEO
  13 Aprel 2021    Oxunub:3297
Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib. Naməlum şəxs qəsəbə ərazisində yerləşən apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib obyektin kassasından 480 manat pulu talamaqla quldurluq edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb.



O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib. Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə Zabrat və ətraf qəsəbələrdə cari ilin fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.



Bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.



Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Orxan Şahbazov və Elşən Mailov barəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Azvision.az


Teqlər: DİN   Bakı  





Xəbər lenti