Uşaqları koronavirusdan necə qoruyaq? - Həkim məsləhəti

 Uşaqları koronavirusdan necə qoruyaq? -  Həkim məsləhəti
  16 Aprel 2021    Oxunub:3833
Uşaqlar COVID-19 xəstəliyininin gizli daşıyıcıları ola bilər. COVID-19 pandemiyası yeni başlayan dövdə uşaqların virusa yoluxmaları nadir hal sayılırdı. Hazırda bütün dünyada minlərlə uşağın bu təhlükəli xəstəliyə yoluxması halları qeydə alınıb.
Bunu Azvision.az -a Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Aygün Sadıxova deyib. O bildirib ki, uşaqlar yeni növ koronavirus infeksiyasına yoluxmada fəal rol oynayırlar.

"Ona görə də, bu gün uşaqlarımızın COVID-19 xəstəliyindən qorunması məsələsi çox aktualdır. Uşaq həkimi kimi məsləhət görərdim ki, bütün valideynlər uşaqlara gigiyenik qaydalara riayət etməyi, sosial məsafə saxlamağı öyrətsinlər. Əlbəttə ki, uşaqların öz nənə və babalarının, başqa qohumlarının yanına qonaq getməsi yaxşı haldır, amma pandemiya dövründə bu, yaşlı insanları yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoymaq deməkdir. Bu kontaktları minimuma endirmək məsləhətdir. Həmçinin, uşaqların bir-biri ilə tez-tez ünsiyyətdə olmasını da azaltmaq lazımdır. Böyük bayram tədbirlərindən, ad günlərindən isə hələlik uzaq olmaları yaxşıdır".



Həkim-pediatr qeyd edib ki, uşaqların virusa yoluxmaması üçün onların immunitetinin möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır:

"Burada ilk növbədə, onların sağlam qidalanması və düzgün tərtib edilmiş gündəlik rejim mühüm rol oynayır. Gündəlik qida rasionunda zülalların kifayət qədər yer tutması zəruridir. Uşaqlar hər gün ət, kəsmik, süd məhsulları, vitamin və minerallarla zəngin meyvə-tərəvəz qəbul etməlidirlər.

İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdır. Gecə yuxusu 8 saatdan az olmamalıdır. Məsləhətdir ki, uşaqlar saat 22:00-a qədər yatmağa getsinlər. Belə ki, bu vaxt yuxuya getmiş uşaqların orqanizmində immuniteti bərpa edən və tənzimləyən hormonlar, o cümlədən melatonin hazırlanır.

Ümumiyyətlə, hər gün erkən yatan uşaqlar respirator virus infeksiyalarına az yoluxurlar. Uşaqlarda COVID-19 xəstəliyinin hər hansı əlamətlərini müşahidə etdikdə, özbaşına müalicə etməmək, mütləq pediatra müraciət etmək lazımdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Uşaq  





Xəbər lenti