Azad olunan ərazilərdə 313 abidəyə baxış keçirilib

Azad olunan ərazilərdə 313 abidəyə baxış keçirilib
  19 Aprel 2021    Oxunub:2188
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin sədrliyi ilə aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Dövlət Xidmətinin rəisi Azad Cəfərli Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətini qeyd edib.

Bildirib ki, 18 aprel tarixi dünyanın əksər ölkələrində olduğu kimi ölkəmizdə də geniş qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Vurğulayıb ki, bu il həm də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmış torpaqlarımızda yerləşən mədəni irs nümunələrimizin öz həqiqi sahiblərinə qaytarılması çərçivəsində qeyd etdiyimizə görə əlamətdardır.



İşğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin monitorinqindən danışan Xidmət rəisi bildirib ki, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinə baxış keçirilib: “Baxış zamanı onlardan 41-nin tamamilə məhv edildiyi, digər abidələrin müxtəlif vandalizm aktlarına məruz qaldığı müəyyən edilib. Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılmışdır. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 695 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 360-ı kitabxana, 283-ü mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur”.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunda təmsil olunur, eləcə də Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupuna rəhbərlik edir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinin rəhbərlik etdiyi Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupunun məqsədi işğaldan azad olunmuş ərazilərimizdə mədəni sərvətlərin qeydə alınması, bərpası, qorunması və istifadəsi sahəsində genişmiqyaslı, çoxşaxəli və əlaqələndirilmiş fəaliyyəti təmin etməkdir. Əminik ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də bərpa-konservasiya olunaraq xalqımızın mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işinə layiqli töhfə olacaqdır.



Videokonfransda çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, AZMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professoru Qafar Cəbiyev, “Abidələrin Müdafiəsi Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətini bir daha vurğulayıblar. Ölkəmizin mədəni irs nümunələrinin qorunması, həm ölkə, həm də beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan addımlardan danışıblar. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərimizdə Azıx və Tağlar mağara düşərgələri, Leylatəpə, Üzərliktəpə və Çalağantəpə yaşayış yerləri, Xudafərin körpüləri, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Qutlu Musa oğlu türbəsi və sair abidələrimiz dünya və ölkəmizin mədəni irsi üçün xüsusi əhəmiyyət kəsb edən tarix və mədəniyyət abidələrindəndir. Qeyd olunub ki, işğal dövründə düşmən tərəfi qəsdən abidələrimizə qarşı vandallıq edib, eyni zamanda məimsəməyə çalışıb.

Azvision.az


Teqlər: Mədənəiyyət   Nazirlik   Abidə  





Xəbər lenti