Salyanda 5 kəndin yolu yenidən qurulur

Salyanda 5 kəndin yolu yenidən qurulur
  17 May 2021    Oxunub:1961
Salyan rayonunda 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, cari ildə Salyan rayonunda respublika əhəmiyyətli Salyan-Neftçala avtomobil yolundan ayrılan və Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması layihəsinin icrasına start verilib. Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 15,3 km təşkil edir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasında məqsəd yol boyu yaşayan 6 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır. Qeyd edilən işlər çərçivəsində artıq sözügedən yolların 8 km-lik hissəsində torpaq yatağı işləri yekunlaşaraq əsasın alt layı örtüyünün inşasına başlanılıb. Əsasın alt layının hazır olduğu 7 km-lik hissədə isə mərhələli olaraq yol əsasının üst layının inşası aparılır. Yol əsası hazır olan hissələrdə isə yaxın müddətdə asfaltlanma işlərinin aparılması nəzərdə tutulur. Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 278 paqon-metr uzunluğunda 28 yeni metal və dəmir-beton suötürücü borular quraşdırılır. Bundan başqa kürkənd yolunda mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülür. Belə ki, Akkuşa çayı üzərində hər birinin uzunluğu 12 metr olan 2 körpü əsaslı şəkildə bərpa edilir.

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Azvision.az



Teqlər: AAYDA   Salyan   Yol  





Xəbər lenti