“Türklər Qərb mədəniyyətinə böyük təsir göstəriblər” – VİDEOKÖŞƏ

   “Türklər Qərb mədəniyyətinə böyük təsir göstəriblər” –    VİDEOKÖŞƏ
  28 Oktyabr 2022    Oxunub:6649
Dinara Jumabayeva
Çingiz Aytmatov adına “Beynəlxalq İssık-Kul Forumu”nun vitse-prezidenti
Xüsusi olaraq AzVision.az üçün

Avropanın müasir siması türk sivilizasiyasının nailiyyətlərinə və ənənələrinə əsaslanır. Vaxtilə Orta Asiya və Avrasiyanın geniş çöllüklərində yaranmış türk dünyası bütün bəşəriyyətin siyasi tarixinin ayrılmaz hissəsinə çevrilib.

Doğrudan da türk sivilizasiyasının dünya xəzinəsinə verdiyi töhfələrə dəlalət edən çox sayda faktlar mövcuddur. Görkəmli Qərb alimlərinin araşdırmalarına istinad etsək, türk xalqının ən mühüm nailiyyəti bəşəriyyət tarixində ilk dəfə yazını, o cümlədən, əlifbanı sağlam prinsip əsasında yaratması olub.



Əlifba yazısı minimum sayda və tez yadda qalan simvol-hərflərin köməyi ilə nitqi qeydə almağa imkan verirdi. Türk yazısının kəşfi elmdə heyrətamiz sensasiya idi. Ernst Doblhofer səmimi şəkildə yazırdı: “Onlar (türk yazıları) bütün Qərb mədəniyyətləri üçün “başqa dünya” olan bir ərazidən, Asiyanın lap ürəyindən gəlir və uzun müddət haqqında heç nə bilmədiyimiz bir xalqa aiddir. İndi də onlar haqqında çox az bilirik, buna görə də maraq doğururlar.

Onun başqa bir fikri: “Biz indi də qədim türk abidələrinin dilinə biganə qala bilmərik... Qədim mədəni xalqlarla daim ünsiyyətdə yetişən bu xalqlar heyrətamiz dərəcədə yüksək inkişaf səviyyəsindədir”.

Görkəmli türk alimi Sədri Maqsudinin fikrincə, prototürklərin yazısının olması və dilinin inkişafı, ilk növbədə, o dövrdə onların maddi mədəniyyət səviyyəsinin və cəmiyyətin təşkilatlanmasının digər icmalarla müqayisədə daha inkişaf etmiş və yüksək olduğunu göstərir.

Prototürklər, yəqin ki, dünyada ilk dəfə əhliləşdirilmiş atdan istifadə edərək, kütləvi maldarlığı və köçəri həyat tərzini mənimsəyiblər. O dövr üçün inqilabi olan bu bacarıqlar prototürklərə çox dinamik həyat tərzi sürməyə, geniş ərazilərə nəzarət etməyə, buna görə də, həmin ərazilər haqqında məlumat əldə etməyə və onlardan nəhəng maddi dəyərlər toplamağa imkan verirdi.

O dövr sivilizasiyasının əsas dəyəri hər hansı piramida, yaxud böyük divarın yaradılması deyil, geniş insan kütlələrini ətraf aləmi çox yaxşı bilən inkişaf etmiş köçəri icmalar halında təşkil etmək bacarığı idi. Bütün bunlar digər xalqlarla müqayisədə kifayət qədər mükəmməl və sabit bir dilin daha erkən formalaşmasına səbəb oldu. Avropa ilə Asiyanın ortasında olan köçərilər bir növ müxtəlif sivilizasiyaları, mədəniyyətləri, xalqları birləşdirən katalizator, körpü idi.

Onu da unutmaq olmaz ki, türk dünyasının mədəni qaynağı və mədəniyyəti bir çox görkəmli şəxslərin, xüsusən də, V.Vernadskinin, Cəvahirləl Nehrunun və digərlərinin etirafına görə, Qərb sivilizasiyasının inkişafının başlanğıc şərtlərini təşkil edib. Bunlar müasir elmin sübut etdiyi faktlardır. Odur ki, elmi və tarixi ədalət naminə türklərin Avropa mədəniyyətinin və sivilizasiyasının inkişafına verdiyi töhfəni bilmək lazımdır.
“Türklərin güclənməsi dünyada balans yaradacaq” – MÜSAHİBƏ+VİDEO

Bunu yadda saxlamaq, avrosentrizmin və sinfi yanaşmanın yaratdığı tarixi səhvləri, yanlış fikirləri tədricən aradan qaldırmaq üçün həmişə və hər yerdə danışmaq, yazmaq lazımdır. Bu təkcə türklər üçün deyil, hamı üçün vacibdir. Başa düşməyin vaxtıdır ki, bəşər sivilizasiyası təkcə Qərbin deyil, bütün dünyanın, o cümlədən, Avrasiyanın nailiyyətlərinə əsaslanır. Qərb dəyərləri ümumbəşəri təcrübənin vacib hissəsi olsa da, hər halda, yalnız bir parçasıdır.

Bir neçə kəlmə də qədim türklərin hərbi sənəti haqqında danışaq. Məşhur fransız filosofu Ş.Monteskye özünün “Persiya məktubları” kitabında Böyük Çöl köçəriləri haqqında açıq-aşkar heyranlıqla danışır: “Dünyada heç bir xalq... nə şöhrətinə, nə də fəthlərinin əzəmətinə görə tatarları geridə qoya bilib. Bu xalq həqiqətən kainatın hakimidir; qalan hamı sanki ona xidmət etmək üçün yaradılıb, o həm də imperiyaların qurucusu və məhvedicisidir; hər zaman yer üzündə qüdrətini göstərib, bütün dövrlərdə başqa xalqların baş bəlası olub. Tatarlar Çini iki dəfə fəth ediblər və indiyə qədər onlardan asılıdır. Onlar Moğol imperiyasını təşkil edən geniş ərazilərdə hökmranlıq edirlər. Onlar Persiyanın ağalarıdır, Kirin və Histaspanın taxtında otururlar. Onlar Moskvanı fəth etdilər. Onlar türk adı altında Avropada, Asiyada və Afrikada böyük fəthlər etdilər. Onlar dünyanın üçdə birini idarə edirlər. Daha uzaq dövrlərə nəzər salsaq görərik ki, Roma İmperiyasını dağıdan xalqlardan bəziləri onların soyundandır.

İsgəndərin fəthləri Çingiz xanın fəthləri ilə müqayisədə heç nədir. Bu qalib xalqın möcüzəvi əməllərini tərənnüm etmək üçün yalnız tarixçiləri çatışmır. Nə qədər ölməz əməllər qaranlığa gömülərək unudulub! Mənşəyini belə bilmədiyimiz nə qədər imperiyalar qurublar! Yalnız həqiqi şöhrət qazanan, əbədi qələbələrə inanan bu döyüşkən xalq keçmiş fəthlərinin xatirəsini gələcəyə daşımaq fikrində olmayıb”.

Burada fransız filosofu yalnız türklərin ona məlum olan fəthlərini sadalayır. Lakin türklərin fəth etdiyi dövlətlər daha çoxdur. Ən azından Qəznəvilərin, Teymurun, Baburların və nəhayət, Osmanlının fəthlərini götürək. Yəni bu siyahı Monteskyenin sadaladıqlarından xeyli uzundur. Bu qələbələr və fəth edilən ölkələr türklərin dünyada misilsiz döyüşçülər olduğunu göstərir. Onlar düşmənlərini hər zaman mükəmməl döyüş sənəti sayəsində, öz döyüş qaydalarını rəqiblərinə qəbul etdirə bildikləri üçün məğlub ediblər. Onlar döyüş silahlarını, hərbi texnika və taktikaları daim təkmilləşdirib, at təchizatı yaradıb, yüngül süvari, zirehli texnika, süvari düzülüşü, yeni qoşun quruluşu tətbiq edib, bununla dünya hərb sənətinə mühüm töhfələr veriblər.

Türklərdən rus dilinə məişətdən tutmuş ticarət və hərbiyə qədər müxtəlif həyat sahələrinə aid çoxsaylı sözlər keçib: çekan, tovar, moneta, boyar, boqatır, kazna, ştanı, yaşma, arkan, kiseya, neft, fitil, balaqan, berkut , izyum, kavardak, kalança, kapkan, karavan, karqa, kinjal, kirka, kuzov, kumaç, naşatır, oçaq, sazan, saray, safyan, sevryuqa, syurma, tabun, utyuq, xalat, çuqun, şalaş, divan, jasmin , karakul, kiosk, sofa, tyulpan, tyurban və bir çox digərləri...

Türklərin qonşu ölkələrin ideoloji sistemlərinə qarşı öz rütbə iyerarxiyası, hərbi intizamı, diplomatiyası, dəqiq işlənmiş dünyagörüşü var idi. Qumilyov sübut etdi ki, türklər təkcə hərbi basqınlarla məşğul olmurdular, onların oturaq yaşayış məntəqələri, sənətkarlığı və ticarəti də vardı. Sərt çöl iqlimi sayəsində onlar yundan, keçədən, xəzdən müxtəlif məmulatlar hazırlamağı, vaqon və yüngül daşınan məskənlər yaratmağı, dəmir emal etməyi, mal-qara bəsləməyi öyrəniblər.

Məhz türklər Orta Asiyada ilk dəfə sənaye dəmir hasilatı ilə məşğul olublar (Altayda VI-IX əsrlərə aid dəmir filizi, qalay, qızıl, gümüş və s. çıxarılması izləri tapılıb), bu onlara müstəqil olmaq və ordunu silahlandırmaq imkanı verib. Bunu yazılı mənbələr və arxeoloji tapıntılar sübut edir. Türk dəmirçilər sikkələr, çox möhkəm bıçaqlar, baltalar, qılınclar, qazanlar və digər əşyalar düzəldirdirdilər.

Türklər çoxlu geyim əşyaları yaradıblar. Türk döyüşçüləri hündür yaxalı, sağdan sola düymələnən xüsusi xalat, dəmir lövhəcikli və xəz köbəli baş geyimi, eləcə də dəmir lövhəli, kəmərli və haşiyəli zireh, bəbir dərisindən şalvar, yüngül və yumşaq qara keçə çəkmələr geyinirdilər.

Türklərin döyüş dəbilqəsi, araqçınları, kənarları qatlanmış şlyapaları var idi. Türklər naxışlı, ornamentli müxtəlif kaftanlar geyinirdilər. Türk sivilizasiyasının yaratdığı geyim əşyaları onların ticarəti, işğalı və məskunlaşması nəticəsində qonşu xalqlara da ötürülüb.

Böyük filosof Əl-Farabi Buxarada, Dəməşqdə və Bağdadda ərəbcə təhsil alıb. (870-950). O, fəlsəfə və məntiqlə bağlı çoxsaylı əsərlər yazıb. Fərabi “İhsa-ül-ülum” (“Elmlərin sayı”) əsərində elmlərin təsnifatını verir. O, Aristoteldən sonra məntiq elminin banisi hesab olunur.

Orta Asiyanın və bütün Şərqin böyük alimlərindən biri də Əbu Reyhan əl-Biruni əl-Xarəzmidir (973-1048). Ensiklopedik biliyə malik alim Qəznə şəhərində yaşayıb, fəlsəfə, tarix, coğrafiya, riyaziyyat, astronomiya, mineralogiya, fizika və s. mövzularda 196 əsər yazıb. O, Kopernikdən 500 il əvvəl Yerin Günəş ətrafında fırlandığını sübut edən ilk şəxs olub.

Şərqin böyük alimi İbn Sina (980-1037) Buxara yaxınlığında yerləşən Əfşanak kəndində anadan olub. Əsl adı Əbu Əli Hüseyn ibn Abdullahdır, Avropada onu “Avitsenna” kimi tanıyırlar. İbn Sina tibb üzrə 5 cildlik “Əl-qanun fit tibb” (“Tibb elminin qanunu”) kitabını, “Şəfa”, “Fisul” və s. fəlsəfi əsərlərdən ibarət ensiklopediya yazıb. O, bütün Şərqdə yeganə cərrah idi və 250 əsas əsər müəllifidir.

Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”ü və Yusif Balasaqunlunun “Kutadqu Bilik”i XI əsr türk xalqlarının böyük elmi əsərləri sayılır. Y.Balasaquninin yaradıcılığında insan həyatının mənası, əxlaq normaları, eləcə də qədim türk əfsanələri və folkloru haqqında çoxlu fəlsəfi fikirlərə rast gəlinir. “Kutadqu bilik” İslam dövrü türk ədəbiyyatının görkəmli əsəridir, müəllifi dünya miqyaslı mütəfəkkirdir.

Belə nəticəyə gəlmək olar ki, türklərin mədəniyyəti individualdır: tarixi məlumatlar türklərin öz sivilizasiyasını, həyat tərzini, qanunlarını və bir çox başqa şeylərini yaradan orijinal xalq olduğunu sübut edir. Türklər Şərq xalqı olaraq Qərb mədəniyyətinə kifayət qədər təsir göstəriblər. Türklər Şərq mədəniyyətinin ən mühüm hissəsidir və belə nəticəyə gəlmək olar ki, türk sivilizasiyası ümumbəşəri “Şərq” mədəniyyət anlayışının ayrılmaz və mühüm tərkib hissəsidir.

Hər bir xalqın da hər bir fərd kimi öz taleyi, öz tarixi var: o həm yüksəliş, həm də tənəzzül dövrlərini yaşayır. Lakin dünya tarixi xalqların dünya xəzinəsinə daxil olmuş töhfəsini yaddaşında saxlamalı, bununla zənginləşməli və bəşər mədəniyyətinin gələcək inkişafı və çiçəklənməsi üçün zəmin yaratmalıdır.

Yekun olaraq demək istərdim ki, hər bir xalq öz nailiyyətləri ilə tarixə, mədəniyyətə töhfəsini verib və bu töhfə təkcə xalqın yaddaşında deyil, həm də dünya tarixində qeyd edilməli və qorunmalıdır. Yalnız bu halda dünya xəzinəsinə verilən töhfələr ümumbəşəri mədəniyyəti zənginləşdirməklə yanaşı, onun gələcək inkişafı və çiçəklənməsi üçün də zəmin yarada bilər.

Seymur Məmmədov hazırladı


Teqlər: Türklər-və-dünya  





Xəbər lenti