“KASPARGEYT”: Avropa Parlamentini bürüyən korrupsiya sxemində erməni izi – ARAŞDIRMA+FOTOLAR

      “KASPARGEYT”:   Avropa Parlamentini bürüyən korrupsiya  sxemində erməni izi –    ARAŞDIRMA+FOTOLAR
  19 Dekabr 2022    Oxunub:3905
Başqa ölkələri korrupsiyada ittiham etmək avropalıların ən sevimli məşğuliyyətlərindən biridir. Amma hazırda bütün “köhnə dünya”nı bürüyən beynəlxalq qalmaqal göstərir ki, korrupsiyanın ən dərin kök saldığı yerlərdən biri Avropa və onun Parlamentidir.
Dekabrın əvvəlində Belçika polisinin keçirdiyi əməliyyat nəticəsində Avropa Parlamentinin vitse-spikeri, yunanıstanlı Yeva Kayli və atası Aleksandros Kayli , Avroparlamentin sosialist fraksiyasının keçmiş deputatı Pyer-Antonio Pantseri , həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederaiyasının sədri Luka Visentini həbs olundular. Onların evlərində 1,6 milyon avro nağd pul aşkarlandı.

Həbslərin səbəbi Qətərdə keçirilən futbol üzrə Dünya Çempionat ı ilə bağlı idi. Beynəlxalq mediada “Qətərgeyt” adlandırılan bu qalmaqal haqqında AzVision.az bir qədər əvvəl geniş məqalə dərc etmişdi. Amma korrupsiya sxemi təsəvvür edildiyindən daha dərin imiş. “Politiko”nun məlumatına görə, polis Belçika, İtaliya, Yunanıstanda 20 ünvanda reydlər keçirib. Araşdırmalar və dindirilmələr nəticəsində məlum olub ki, mundialın Qətərdə keçirilməsi üçün avroparlamentarilər Mərakeş və Qətər hakimiyyətlərindən rüşvət alıblar.

“Qətərgeyt” güman ki, Avropanın yeni tarixinin ən böyük qalmaqallarından birinə çevriləcək və hələ xeyli yeni təfərrüatlar üzə çıxacaq. Yeva Kayli batarkən özü ilə bir sıra digər avroməmurları da suyun dibinə çəkmək niyyətindədir. Qalmaqalın bir ucu hətta gedib Jozep Borrelə də çıxa bilər. Hazırda korrupsiya sxemində Avropa Parlamentinin ən azı 60 deputatının iştirak etdiyi güman olunur. Maraqlıdır ki, korrupsiya sxemində beynəlxalq erməni diasporunun da izi aşkarlanır.

Günahkar “Həvva”

Salonikidəki Aristotel universitetində arxitektura və mülki inşaat ixtisası alan Yeva Kayli sonradan Pirey universitetində təhsilini davam etdirərək, beynəlxalq və Avropa münasibətləri üzrə magistr dərəcəsinə yiyələnib. 2004-2007-ci illərdə teleaparıcı işləmiş Yeva 2014-cü ildən Yunanıstanın PASOK partiyasından Avroparlamentə deputat seçilərək, “Sosialistlərin və demokratların alyansı” qrupunun üzvü olur. Amma 2022-ci ildə həmin qrupdan qovulur.

Yeva Avroparlamentin vitse-prezidenti kimi həm də Yaxın Şərq problemləri üzrə fəaliyyət göstərib. Elə Yaxın Şərq məsələsi, daha dəqiq desək, futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün lobbiçiliyə görə rüşvət alması da buradan gəlir.

Güc strukturlarının Brüssel və ətraf kommunalarda həyata keçirdiyi 14 axtarış nəticəsində ümumilikdə nağd şəkildə 600 min avro, çoxlu sayda kompüter texnikası və mobil telefonlar müsadirə olunub. Yeva Kaylinin şəriki olan bir neçə yaxını və əlaltısı da həbs edilib.


Əslində elə bir ciddi xidmətləri olmadan AP-nin vitse-prezidenti kreslosuna otuzdurulan bu xanımın korrupsiyaya görə həbsi bir qədər gecikib. Belə ki, Kaylinin bir qrup həmkarı ilə ötən il noyabrın 19-da AP-də Azərbaycan əleyhinə qərəzli bəyanatla çıxış etməsi çoxları üçün ciddi siqnal olmalı idi. Elə həmin bəyanatı dəstəkləyən cəmi-cümlətanı 33 deputatın hamısına münasibətdə də. Çünki Yeva Kaylinin fəal iştirakı ilə hazırlanan bu bəyanatın tərəfdarlarının hamısının AP-də məhz “Ermənistanla dostluq qrupu”nu təmsil etməsi heç də təsadüf deyil.

AP-ni “Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları”nın qarşısını almağa çağıran bu qrupun Avropa erməniləri milli komitəsi və “Ədalət və demokratiya naminə ümumavropa erməni federasiyası” (EAFJD) ilə sıx əməkdaşlığı da o cümlədən. Yeva Kaylinin sözügedən xidmətlərə görə AP-nin vitse-prezidenti kreslosuna məhz ümumavropa erməni diasporunun dəstəyi ilə əyləşdirildiyi istisna deyil. Hüquq-mühafizə orqanlarının obyektiv istintaq aparacaqları təqdirdə bu kələfin açılacağı, EAFJD-nin prezidenti Kaspar Karampetyanın da sorğu-suala cəlb ediləcəyi şübhə doğurmur.

Almaz qaçaqmalçısının lobbiçiliyi

Hazırda dünyada kök salan “mafiya-lobbi” kriminal mexanizminin banilərindən sayılan Kaspar Karampetyanın maliyyə resursları almaz qaçaqmalçılığı hesabına formalaşıb. Erməni lobbisinin Brüsseldəki rəhbəri qismində tanınan Yunanıstan vətəndaşı Kaspar Karampetyan yeniyetməlik illərini Beyrutda keçirib. Sonradan geri dönərək, müəyyən müddət Yunanıstanda ticarətlə məşğul olub. Bir qədər sonra isə Belçikaya köçərək, burada zərgərlik köşkləri alıb. Afrikanın münaqişə bölgələrindən qaçaqmalçılıq yolu ilə Belçikaya gətirilən və cilalanan almazları korrupsiya sxemi üzrə sertifikatlaşdırmaq və Avropanın brend butiklərində satmaqla məşğul olub.

Hazırda Ermənistan, Yunanıstan və Lüksemburq vətandaşlığı olan Kaspar Karampetyan Belçikada fəaliyyət göstərən EAFJD-nin prezidenti kimi Azərbaycan əleyhinə lobbiçilk fəaliyyətinin ön sıralarında gedir.


Erməni ianələrindən yararlanan bəzi avropalı siyasətçilərin işğal altındakı ərazilərimizə səfərlərini təşkil edən K.Karampetyan onların vasitəsilə bir müddət Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş separatçı rejimi dəstəkləyən qərarların çıxarılmasına təkan verib. Onun anti-Azərbaycan fəaliyyəti 2016-cı ilin aprel döyüşlərində Ermənistanın məğlubiyyətindən sonra daha geniş vüsət alıb.

2016-ci ilin iyununda Qarabağdakı separatçı rejimin o vaxtkı rəhbəri Bako Saakyan Belçikada Karampetyanın iştirakı ilə AŞPA-nin üzvü Piet de Bryun ilə görüşüb. Həmin ilin sentyabrlnda separatçı rejimin 25 illik “müstəqilliyi” münasibətilə Dağlıq Qarabağın “xarici işlər naziri” Karen Mirzoyan K.Karampetyanın müşayiəti ilə Belçikaya işgüzar səfər edib.


AP-də dəyirmi masa müzakirələrinə qatılan “nümayəndə heyəti” Avropa İttifaqı-Ermənistan dostluq qrupunun sabiq prezidenti Eleni Teoxarus və qrupun digər üzvləri ilə görüşüblər. 2013-cü ilin yanvarında yaradılan bu qrupun ilk prezidenti, ixtisasca həkim olan kiprli deputat Eleni Teoxarus əvvəllər Ermənistanda və Dağlıq Qarabağ ərazisində müxtəlif humanitar yardım missiyalarının iştirakçısı olub. Erməni separatçıları qarşısındakı “xidmət”lərə görə ona 2018-ci il sentyabrın 28-də “Xankəndinin fəxri vətəndaşı” adı təqdim edilib. Bu fəxri ada əlavə olunan çox qiymətli boyunbağı və qızıl külçə isə Eleni lap riqqətə gətirib.

Həmin səfər çərçivəsində K.Mirzoyanın görüşdüyü Avropa-“Artsax” dostluq qrupunun prezidenti, Lüksemburqlu deputat Frank Engel mütəmadi şəkildə separatçı rejimin müdafiəçisi rolunda çıxış edən siyasətbazlardandır ki, bunun da çox köklü əsası var. Belə ki, 2006-cı ildən Ermənistanın Lüksemburqdakı fəxri konsulu Engelin eşq divanəsi olduğunu görən erməni lobbisi yaraşıqlı erməni qızı Tatev Manukyanı həyat yoldaşı qismində ona sırıyıb. Erməni əsilli Yelena-Bonnerin dabanının altına düşmüş ifrat anti-Azərbaycan mövqeyi tutan mərhum akademik D.Saxarovun nümunəsini xatırlasaq, T.Manukyanın “əri” olan F.Engelin ifrat ermənipərəstlyiyinə təəccüblənmək lazım deyil.

2017-ci il martın 15-də Strasburqdakı dəbdəbəli “Le Bartholdi Pub” restoranında bir neçə avropalı deputatı bir araya toplayan K.Karampetyan bir müddət sonra onları işğal altındakı ərazilərimizə gətirib. Bu dəfə onun toruna Belçika parlamentinin deputatları Andre de Büst de Varnaf, Emanuel de Bok və Pyer Kompani düşüblər. Sonradan həmin siyahıda deputat Joris Poşe də yer alıb.

Elə həmin il oktyabrın ortalarında Belçikaya səfərə gələn Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan ilk növbədə Flamandiya parlamentinin bir qrup üzvü ilə görüşərək, EAFJD-nin təşəbbüsü ilə yaradılan Flandriya-“Dağlıq Qarabağ” dostluq qrupunun təsisatı mərasimində iştirak edib. Qrupun təsisatının əsas məqsədi kimi, “Dağlıq Qarabağ əhalisinin təcriddən xilas olunması” göstərilirdi. Qrupun üzvləri sırasında deputatlar Piet de Bryunun, Yoris Poşenin və Paul Qordinin adları gözə dəyir.

Oktyabrın 19-da AP-də keçirilən tədbirin sponsorları qismində isə deputatlar Mariya Spiraki, Eleni Teoxarus və Manolis Kefaloyannis fərqləniblər. Çıxışçılar arasında Ermənistanın o vaxtkı Xarici İşlər naziri Edvard Nalbandyan, AP-nin üzvü Frank Engel və ermənilərin Kilikiya kilsəsinin katolikosu I Aram yer alıblar.

EAFJD-ın prezidenti K.Karametyanın və qurumun Avropa İttifaqı ilə işlər üzrə nümayəndəsi Egine Evinyanın müşayiəti ilə 2018-ci il avqustun sonlarında AP-nin deputatı Martin Sonneborn Ermənistana gələrək ölkənin yeni baş naziri Nikol Paşinyanla görüşüb. Səhəri günü isə ABŞ-da yaşayan erməni əsilli məşhur poker oyunçusu və milyonçu Dan Bilzerian ilə birlikdə Qarabağda olublar. Bilzerianın səfəri Ermənistanda ona erməni vətəndaşlığı verildikdən sonra təşkil edilib.

AP-də Almaniyanı təmsil edən deputat M.Sonneborn 2014-cü ildən Almaniyanın “Die Partei” pariyasının təsisçisi və rəhbəridir. Bu partiya öz məqsədlərindən biri kimi Almaniya ətrafında “Berlin divarı”nı bərpa etmək olduğunu açıqlayıb. M.Sonneborn isə 2000-ci ildə Futbol üzrə Dünya çempionatının 2006-cı ildə Almaniyada keçirilməsi ilə bağlı səs vermələri üçün FIFA rəsmilərinə hədiyyələr verməklə qalmaqala səbəb olub. Bu avroparlamentari habelə Almaniyanın məşhur “ZDF” kanalındakı satirik verilişlərdə bəzi “zarafatları”na görə ciddi şəkildə tənqidlərə məruz qalıb.


O vaxt Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat katibi olmuş, indi isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev M.Sonnebornun Dağlıq Qarabağa səfəri ilə bağlı çox maraqlı bəyanat səsləndirmişdi.

“Brüsseldəki erməni lobbisinin rəhbəri Kaspar Karampetyan böyük vəsaitlər xərcləyərək, əlacsızlıqdan Azərbaycanın işğal olunmuş ərazilərinə yalnız siyasətçi-klounları gətirə bilər. Çünki münaqişənin reallıqlarından, işğal və qanlı etnik təmizləmələr faktlarından xəbər tutan sağlam düşüncəli adamlar kimin kim olduğunu anlayır və belə işlərdən çəkinirlər. Maraqlıdır, görəsən, klounlar paradında növbəti şəxs kim olacaq? Kardaşyan bacıları?”, - Hikmət Hacıyev soruşmuşdu.

Hələ 2014-2018-ci illər ərzində Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək Qarabağ ərazisinə səfər etməsi ilə bağlı barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilmiş Kaspar Karampetyan “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib. Lakin buna baxmayaraq, Azərbaycana qarşı lobbiçilik fəaliyyətini davam etdirən və böyük ianələr qarşılığında bəzi avropalı siyasətbazları bu əməllərə qoşan Karampetyan Avropa qurumlarındakı korrupsiya metastazını daha da genişləndirməyə çalışır.

Karampetyan 2019-cu ilin sentyabrında Qarabağdakı separatçı rejimin təmsilçilərinin ermənilərlə sıx əlaqə saxlayan Kiprə səfərini təşkil edib.


Cəmi 3-3,5 min erməninin yaşadığı Kiprdə “Ramgavar Demokratik Liberal partiya”sı, habelə “Pharos” və “Kalaydjian” fondları kimi təşkilatların fəaliyyət göstərməsi onlara xüsusi imtiyazlar verildiyini sübuta yetirir. Təsadüfi deyil ki, 2020-ci il fevralın əvvəllərində məhz kiprli deputat Kostas Mavrides EAFJD ilə birgə AP-də “Unudulmuş qaçqınlar: Bakının ermənilərinə nə oldu?” mövzusunda konfrans təşkil edib.

İkinci Qarabağ müharibəsində Ermənistanın sarsıdıcı məğlubiyyətindən sonra daha da fəallaşan K.Karampetyan Lüksemburqun deputatlar palatasının 2020-ci il dekabrın 25-də Qarabağa münasibətdə qərəzli qətnamə qəbul etməsində xüsusi rol oynayıb. Parlamentin “Xristian-Sosialist Siyasi partiyası”nın ermənipərəst üzvü Klod Viselerin irəli sürdüyü qətnamədə bölgədəki reallıqlar təhrif olunur, Azərbaycan və Türkiyənin ünvanına əsassız ittihamlar səsləndirilir.

Ötən il noyabrın 9-da AP-Ermənistan “dostluq qrupu”nun yenidən fəaliyyətə başlması münasibəti ilə keçirilən tədbirdə Ermənistanın müstəqilliyinin 30-cu ildönümü qeyd edilib. Bu dəfə qrupa rəhbərlik AP-də Kipri təmsil edən deputat Lukas Furlasa həvalə olunub.


Bu il yanvarın sonlarında EAFJD-nin və Ermənistanın Belçikadakı səfirliyinin birgə təşkilatçılığı ilə Brüsselə 3 günlük səfərə gələn Ermənistanın sabiq İnsan hüquqları müdafiəçisi Arman Tatoyan Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüşlərdə İkinci Qarabağ müharibəsi barədə Ermənistanın mövqeyini açıqlayıb.


Kaspar Karampetyan isə bu səfəri özünəməxsus qaydada şərh edib: “Cənab Tatoyan və onun komandası çox böyük sənədləşdirmə işləri aparıblar. Bizim üçün vacib idi ki, Avropa İttifaqının siyasi dairələri məlumat və faktlarla təqdim olunan məlumatları birinci əldən ala bilsinlər. Biz Avropa İttifaqında fəaliyyətimizi ardıcıl olaraq davam etdirəcəyik, mövcud vəziyyət barədə məlumatlılığı artıracağıq və erməni xalqının hüquqlarının müdafiəsinə qalxacağıq”.

Karampetyan habelə bi il sentyabrın 8-də AP-nin üzvü Peter Van Dalenin təşəbbüsü və “Daşnaksütun” erməni inqilabi federasiyasının “Hay Dat” Avropa Komitəsinin birgə təşkilatçılığı ilə AP-də keçirilən “Müharibə 2020 və Artsaxda İnsan Hüquqları” adlı konfransa da qatılıb.


Azərbaycan əleyhinə apardığı lobbiçilik siyasətinə avropalı deputatları və məmurları qoşan 70 yaşlı Karampetyan onların maraqlarını təmin etmək üçün müxtəlif “xeyriyyəçilik” tədbirləri də keçirir. Onun sosial şəbəkələrdəki səhifəsində etirafına görə, separatçıların dəstəklənməsi üçün ötən il Brüsseldə təşkil edilən yalnız bircə qala-şam yeməyində 3 milyon 800 min avro həcmində vəsait toplanıb.

İtaliyanın “Sovranita Popolare” analitik mərkəzinin araşdırmalarında almaz biznesi ilə məşğul olan Karampetyan “Belçikadakı erməni mafiyasının xaç atası” adlandırılır. Onun qanunsuz yollarla topladığı gəlirin bir hissəsi Qarabağdakı separatçıların maliyyələşdirilməsinə sərf edilir. Ermənistanın təcavüzkar siyasətinin və Qarabağdakı erməni separatçı rejiminin Avropada dəstəklənməsi yönündə göstərdiyi lobbiçilik fəaliyyətinə görə Karampetyan 2014-cü ildə Ermənistan prezidenti tərəfindən “Mxitar Qoş”, separatçı rejimin “rəhbər”i tərəfindən isə “Vaçaqan Barepaşt” ordenləri ilə təltif olunub.
Bu təltifləri yetərli saymayan Ermənistan prezidenti 2018-ci ildə ona “Mesrop Maştots” ordenini də təqdim edib. Təltiflərdən ruhlanan Karampetyan İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən vuruşmaq üçün PKK terrorçularının da xaricdən səfərbər olunmasında böyük canfəşanılıq nümayiş etdirib.

Karampetyanın “İsveçrədə erməni mafiyasının xaç atası” adlandırılan Vardan Sirmakeslə əlaqəli fəaliyyət göstərdiyi də qeyd olunur.


1998-ci ildə saatsaz Frank Müller ilə birlikdə “Franck Muller” şirkətini yaratmış Vardan Sirmakes həm də “ArmSwissBank”ın prezidenti olmaqla yanaşı, Ermənistanın Fransadakı (Marsel) baş konsuludur. Zəngilan rayonunun Vejnəli kəndində çıxarılan qızıldan “Franck Muller” saatların dizaynında qanunsuz istifadə edilməsinə görə ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb.

Avropada rüşvətlə ələ keçirdiyi deputatlara və məmurlara güvənən K.Karampetyan isə o dərəcədə azğınlaşıb ki, Azərbaycanda onun cinayətkar əməllərini ifşa edən KİV-lərə qarşı təhdidlərə əl atıb. Belə ki, Eynulla Fətullayevin “haqqin.az” saytında “Kasparın işi: xüsui xidmətlər, brillyantlar və qan” sərlövhəli məqaləsi dərc olunandan sonra Karampetyanın vəkili Corc Henri Byussi saytın redaksiyasına məktubla müraciət edərək, həmin məqalənin dərhal silsinməsi tələbini irəli sürüb. Bu cinayətkar cütlük əks halda E.Fətullayevin Belçika Cinayət məcəlləsinin 443-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna biləcəyini deyiblər.

Eleni Teoxsrusu çox qiymətli boyunbağı və qızıl külçə, eşqə düşmüş Frank Engeli erməni xanım Tatev Manukyan, gey Piter Omtzixti onunla eyni cinsi orientasiyalı Karen Ohacanyan ilə ələ alan cinayətkarların hədə-qorxularına AP-nin rəhbərliyinin necə reaksiya verəcəyi həqiqətən də çox maraqlıdır. Ümumiyyətlə reaksiya vercəklərmi?
Gözləyirik və izləyirik.

Sahil İsgəndərov,
politoloq
AzVision.az



Teqlər: Kaspargeyt   Avropa-Parlamenti   Korrupsiya  





Xəbər lenti