Adı qədər qorxulu deyil: “Kraken” ilə bağlı nələri bilməliyik
Oktyabrda ABŞ-da peyda olan “Kraken” artıq bütün Avropaya yaılıb, Azərbaycanın qonşu ölkələrində - Rusiyada, Gürcüstanda da qeydə alınıb. Virusun yoluxuculuq qabiliyyəti o qədər yüksəkdir ki, Avropada yoluxanların sayı hər gün iki dəfə artır. Bir otağa “Kraken”ə yoluxmuş insan daxil olsa, oradakıların hamısı mütləq yoluxacaqlar. Amma xoşbəxtlikdən, qorxulu tərəfi elə bununla da yekunlaşır.
“Kraken” COVİD-sələflərindən fərqli olaraq, insan orqanizminin immun cavabından və vaksinlərin təsirindən daha asan yayına bilir. Buna görə, istər koronavirusa artıq yoluxmuş, istərsə də peyvəndlənmiş insanlar da ona tutulurlar. “Kraken”ə yoluxmuş hər insan orta hesabla 10-12 adamı yoluxdurur. “Omikron” üçün bu göstərici 5-6 nəfər idi. Səbəblərdən biri də “Kraken”in bədəndə inkubasiya dövrünün lap qısa olmasıdır.
Amma bütün bunlarla yanaşı, Kraken “COVİD-19”un əvvəlki modifikasiyaları qədər qorxulu deyil. Bir çox hallarda əlamətləri yaxşı tanıdığımız kəskin respirator virus infeksiyalarına - məsələn, qripə bənzəyir. Temperatur azca qalxır, burun tutulur, boğaz ağrısı və öskürək meydana çıxır. İybilmə və dadbilmə adətən, itmir.
Yoluxan şəxslərə əksər hallarda heç xüsusi antikorona müalicəsi də tələb olunmur. Xəstəliyi keçirəndən sonra orqanizm üçün heç bir ağırlaşma halı qeydə alınmır.
Amma əlbəttə ki, bütün hallarda bu, ölüm göstəcisi təxminən qripə bərabər, yəni 0,5 faiz olan xəstəlikdir, ona görə də virusu qarşılamağa hazır olmaq vacibdir. Bunun üçün ilk növbədə yaxşı yatmaq və bədəni yüngül fiziki yüklənmələrə məruz qoymaq lazımdır. Yaşı 65-dən çox olanlar risk qrupu sayılırlar.
Xarici ekspertlər deyirlər ki, “Kraken” – Koronavirusun normal təkamülü nəticəsində ortaya çıxmış modifikasiyadır. Planetdə hər kəs ona yoluxacaq və onunla birgə yaşamağı öyrənəcəyik.
Dünyanın heç bir ölkəsi “Kraken” ilə bağlı məhdudiyyətlər tətbiq etməyi düşünmür. Açığı, yoluxuculuq əmsalı bu qədər yüksək olan virusdan qorunmağın mənası da yoxdur.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Kraken