"Gödənlərini doldurmaqla məşğuldurlar" - Əlisa Nicat

 "Gödənlərini doldurmaqla məşğuldurlar" -  Əlisa Nicat
  23 Fevral 2023    Oxunub:4308
“Həyatda çox şey görmüşəm. Dünya artıq məni nə iləsə təəccübləndirə bilməz”.
Bunu yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat AzVision.az-ın həmsöhbəti olarkən deyib.

“Müharibələr, zəlzələlər gördük. 88 yaşlı adamı bu dünyada artıq nə təəccübləndirə bilər?! Ancaq istisnalar həmişə olur. Məsələn, xalqların xarakteri haqqında düşünəndə təəccüblənməyə bilmirəm. Nümunə olaraq Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini göstərə bilərəm. Onun beyninə SSRİ-ni yenidən yaratmaq girib. Bu yolda xalqları qurban verir. Ancaq anlamır ki, zorla nəsə etmək olmaz. Xalqların qırılması heç vecinə də deyil.

Bizim insanların xarakteri də məni incidir. Ətalət var.Başa düşməmək, anlamamaq, yaxşı şeyin qədrini bilməmək, yaxşı musiqiyə qulaq asmamaq, yaxşı kitabları oxumamaq sanki dəb olub. 100 nüsxə kitab çıxır, rəflərdə qalır. Xalq ancaq gödənini doldurmaqla məşğuldur. Vəziyyət də çətindir. O buna kələk gəlir, bu ona kələk gəlir. Bütün müharibələr, qırğınlar xalqların xarakterindən doğulur”.

Söhbət zamanı yazıçının səhhəti və ev şəraiti ilə də maraqlandıq.

“Hələ ki yaxşıyam. Evim indi istidir. Hər şey düzəldi. Bütün günü tək oluram. Uşaqlar da ayrı yaşayır. Musiqi dinləyirəm, əsərlərim üzərində işləyirəm. 88 yaşında bir adamın başqa nə işi ola bilər? Hərdən geriyə boylanıram. Görürəm ki, həyatımı düzgün yaşamışam, enerjimi doğru bölüşdürmüşəm.

Allah insan orqanizminə müəyyən qədər enerji verir. Hər şey insanın enerjini necə xərcləməsindən asılıdır. Çində 256 il yaşayan insan var. Bu həmin enerjidir. Həyatımda hər şeyi ehtiyatla etmişəm”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti