İki dənizin dibi ilə: Türkmənistanın “yaşıl enerji”si Azərbaycandan daşına bilərmi – VİDEOKAST

      İki dənizin dibi ilə:    Türkmənistanın “yaşıl enerji”si Azərbaycandan daşına bilərmi –    VİDEOKAST
  09 Mart 2023    Oxunub:11377
Azərbaycan hazırda yalnız ənənəvi enerji resurslarının yox, həm də bərpaolunan, “yaşıl enerji”nin Qərbə ixracı sahəsində yeni mərhələyə başlayır. Bu məqsədlə böyük infrastruktur layihələrinin yaradılmasına start verilib. Həmin infrastrukturdan qonşu ölkələrin də istifadə etməsi mümkündürmü?
Söhbət ilk növbədə sahil qonşumuz Türkmənistandan gedir. Bu ölkənin bərpaolunan və “yaşıl enerji” potensialı nə yerdədir? Həmin potensialı Azərbaycanın təqdim etdiyi infrastruktur vasitəsilə reallaşdırmaq mümkündürmü?

BDU-nun “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov AzVision.az -a bildirib ki, Xəzər sahilindəki ərazilər, ümumiyyətlə, küləkli zonalardır: həm Şimalda, həm Qərbdə, həm də Şərqdə. Eyni zamanda burada, xüsusilə də Türkmənistanda il ərzində günəşli günlərin sayı çoxdur. Qara-Qum səhrasında günəş radiasiyası çox yüksəkdir. Deməli, günəş energetikasının istifadə imkanları da böyükdür. Ona görə də, Türkmənistanın böyük alternativ enerji potensialı var.

- Lakin o ölkələrdə ki, ənənəvi enerji mənbələri kifayət qədərdir, bərpaolunan enerji mənbələri kölgədə qalır. Hərçənd, son vaxtlar Qaraboğaz göldən şərqdə, Türkmənistanın şimalında Balanabad və Taşauz vilayətlərinin kəsişdiyi yerdə Altın-Asır adlı süni göl yaradılır. Bu gölün tam doldurulması 2025-ci ildə yekunlaşacaq. Orada drenaj sularının toplanması ilə yanaşı, “yaşıl energetika”nın inkişafı ilə bağlı layihələr artıq icra olunur. Bu layihələr günəş və külək enerjisinin 10 MqVt gücü olan bir elektrik stansiyasında toplanaraq, elektrikə çevrilməsini nəzərdə tutur.
Azərbaycan sahilində olan külək enerjisi imkanları Türkmənistan sahillərində də var. Lakin əgər Azərbaycanın sahilində təxminən 4 milyona yaxın əhali məskunlaşıbsa, Türkmənistan sahilində 200 mindir. Deməli, orada tələbat da o qədər yüksək deyil. Resurs potensialı isə təbii ki, zəngindir.



- Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya yüksək gərginlikli elektrik xəttinin və yaxud, dəhlizin yaradılması ilə bağlı protokol imzalayıblar. Azərbaycanla Türkmənistan, öz növbəsində, ənənəvi enerjidaşıyıcıları sahəsində əməkdaşlıq edirlər, yəni “Dostluq” yatağı var. Onda gələcəkdə Türkmənistanın da bu layihəyə qoşulması üçün unikal imkan yaranmırmı?
- Təbii ki, hər bir ölkə kimi Türkmənistan da iqtisadi əlaqələrini genişləndirməkdə və dərinləşdirməkdə maraqlıdır. Yalnız neft-qaz ixracı yox, digər enerji resurslarının ixracı da Türkmənistan üçün alternativ əməkdaşlıq imkanlarıdır. Amma gəlin bu məsələyə bir az geniş baxaq.
Bilirsiniz ki, uzun illər Transxəzər qaz kəməri haqqında müzakirələr getdi, bunu Avropa Birliyi də dəstəkləyirdi. Lakin layihə realizə olunmadı. Onun səbəblərinə təbii ki, ərazidəki geosiyasi maraqlar səpkisində baxmalıyıq. Rusiya və İranın təkidi ilə Xəzərin hüquqi statusu haqda Konvensiyaya “ekoloji problem” adı altında (amma əlbəttə ki, burada əsas məsələ geosiyasi maraqlar idi) belə bir xüsusi bənd əlavə olundu ki, hər hansı boru kəmərinin inşasına Xəzəryanı ölkələrin hamısı razılıq verməlidir.

Rusiya əgər Ukrayna müharibəsindən öncə buna üstüörtülü şəkildə “yox” deyirdisə, indi açıq “yox” deyəcək. Çünki əgər müharibəyə qədər Rusiya Avropa bazarındakı tələbatının 40%-ni təmin edirdisə, indi 8%-ə düşüb. Yəni qaz ixracı baxımından Avropa bazarı Rusiya üçün demək olar ki, bağlanıb. Demək, Rusiya Qərbə yeni çıxış yoluna qətiyyən icazə verməyəcək.

Doğrudur, sual oluna bilər ki, axı yüksək gərginlikli elektrik xətti qaz kəməri deyil və bu məsələdə hansı ekoloji problemdən söhbət gedə bilər? Bilirsiniz ki, Xəzərin statusuna əsasən, 15 kilometrlik sahilyanı zolaq mill dövlətlərin nəzarəti altında olan hissədir. Orta hissə isə ümumi zona sayılır. Orada Rusiyanın güclü hərbi donanması var. Buradan gərginlik xətti keçsə, kim təminat verə bilər ki, günlərin birində onda “qəza” baş verməyəcək? Kim isbat edəcək ki, bu kimin işidir? Biz anlamalıyıq ki, hansı təhlükələr var.

Yalnız Rusiya yox, İran da buna qarşı çıxış edəcək. Çünki bu layihələrdən kənarda qalır. Amma biz həm Rusiya, həm də İranla elektrik mübadiləsi əlaqələrinə malikik. Həm qaz, həm də elektrik enerjisini biz İrana veririk, həmin həcmdə qaz və yaxud da elektrik enerjisi İrandan Naxçıvana ötürülür. Azərbaycanın Rusiya ilə də elektrik xətləri əlaqəsi var. Sanki burada bir şəbəkə mövcuddur. Amma bu şəbəkə çərçivəsində nəzərdə tutulan yüksək gərginlikli elektrik xəttinin Türkmənistandan Azərbaycana keçməsinin təhlükəsizliyini təmin etmək üçün, geosiyasi oyunları nəzərə almaq lazımdır.

- Tutaq ki, Rusiyanın da, İranın da razılığı alındı. Bəs texniki və rentabellik baxımından bu layihə özünü doğruldacaqmı? Gəlirlərin bölünməsi baxımından nə qədər maraqlı ola bilər?
- Təbii ki, texniki-iqtisadi hesablamalar aparılmalı, əsaslandırma olmalıdır. Məsələn, ilkin məlumata görə, Gürcüstan sahilindən Rumıniyaya sualtı kabelin çəkilməsinin orta dəyəri 2 milyard avrodur. Təbii ki, burada investorlar Avropa ölkələri olmalıdır. Çünki bu xətt onlar üçün çəkilir.
Azərbaycan bugünlərdə Mingəçevirdə istilik-enerji stansiyası (İES) istifadəyə verdi, onun sərmayəsinin 60%-i öz hesabımızadır. Düşünürəm ki, sözügedən xəttin bizim ərazimizdən keçəcək hissəsini də kənardan kreditlər cəlb etmədən, öz hesabımıza başa gətirəcəyik.


Ancaq Qara dənizin dibindən keçən hissələrə gəldikdə, Avropa ölkələri maraqlı olduqları üçün həm investisiya, həm də texnoloji baxımdan xüsusi diqqət yetirməlidirlər. Çünki açıq etiraf edək ki, Azərbaycanın yüksək gərginlikli sualtı elektrik xətlərinin çəkilməsində elə bir təcrübəsi yoxdur. Amma Avropada belə təcrübə toplanıb. Atlantik okeanın, Aralıq dənizinin dibindən gedən xətlər var. Xəzər dənizində orta hissədə dərinlik maksimum 300-500 metrdir. Əsas məsələ dərinliyin və məsafənin nə qədər olacağından asılıdır. Bu isə, əlbəttə ki, hesablamalıar tələb edir. Ola bilər ki, Qara dənizlə müqayisədə Xəzərdə iki dəfə az investisiya tələb olunsun. Çünki 80 metrdən aşağı dərinlikdə Qara dənizin suyunun tərkibi çox aqressiv bir mühitdir. Orada kabelin korroziyasının qarşısını almaq üçün xüsusi örtüklər olmalıdır ki, bu da xərcləri çoxaldır. Xəzər dənizində də cərəyanlar, dərinliyin dəyişməsi halları var, bunları nəzərə almaq lazımıdr. Yəni sərmayənin həcminə təsir göstərən çoxlu prametrlər var.

- Türkmənistanın bərpaolunan enerjisinin Azərbaycanın üzərindən keçməklə daşınması reallaşarsa, bu, geosiyasi münasibətlərə necə təsir göstərə bilər?
- Təbii ki, müsbət! Əməkdaşlıq həmişə ölkələrin iqtisadi inkişafına, əhalinin rifahının artmasına, yeni iş yerlərinin açılmasına təkan verir. Lakin hazırkı qarşıdurma 1-2 illik deyil, uzunmüddətlidir. Mən düşünürəm (və təkcə mən bu fikirdə deyiləm) ki, 10 ildən çox çəkəcək. Qarşıdurma bütün sahələri əhatə edib. Bu, yalnız siyasət deyil, həm də iqtisadiyyatdır, insani münasibətlərdir, psixologiyadır. Antaqonizm həm Qərbdə, həm də Rusiyada böyük çat əmələ gətirib. Qərbin Rusiyaya, Rusiyanın da Qərbə inamı yoxdur. İqtisadi-siyasi münasibətlərdə bu inamı qaytarmaq böyük vaxt tələb edir. Rusiya beynəlxalq münasibətlərə uyğun addımlar atmalı, Avropa da anlamalıdır ki, hər ölkənin öz baxışı var. Yəni dünyanı unifikasiya etmək (bir arşınla ölçüb-biçmək) düzgün deyil.

- Bayaq qeyd etdiniz ki, Türkmənistanda alternativ energetika sahəsində işlər görülür. Bəs nəticə əldə olnunandan sonra həmin enerjini hara satacaq?
- Düşünürəm ki, indiki vəziyyətdə Türkmənistan təşəbbüskar kimi önə çıxmayacaq. O, milli iqtisadi mənafelərinə uyğun olaraq, təbii ki, bunda maraqlıdır. Amma sinəsini qabağa verib təşəbbüs göstərməyəcək. Çünki Türkmənistanın enerjisinə tələbatı olan Avropa ölkələridir. Ölkə ildə 80 milyard kubmetr təbii qaz ixrac edir və həmin gəlirlərlə 5-6 milyon əhalini təmin edir. Deməl, Türkmənistanın elə də ehtiyacı yoxdur. Bir daha deyirəm ki, maraqlıdır, amma təşəbbüskar olmayacaq.
Sərmayə, sualtı kabelin çəkilmə texnologiyası və onun təhlükəsizliyinin təmin edilməsi kimi üç vacib məsələni Avropa Birliyi özü həll etməlidir. Edə biləcəksə, Türkmənistan məmnuniyyətlə qoşulacaq. Əks halda özü qabağa düşüb, heç nəyi həll etməyəcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Energetika   Türkmənistan  





Xəbər lenti