Şir həmişə şirdir, mənim qardaşım! - Rus təlimçi ilə müsahibə

      Şir həmişə şirdir, mənim qardaşım!    - Rus təlimçi ilə müsahibə
  11 Aprel 2023    Oxunub:6115
Qavrilov Rastislav Bakı Dövlət Sirkində hamının sevə-sevə izlədiyi “Big Cat” şousunun rəhbəridir. O, Rusiyada yaşayır və 21 yaşından heyvan təlimçisi kimi fəaliyyət göstərir. Bir neçə aydır ki, ailəsi ilə birgə Bakıda qastrol səfərindədir.
AzVision.az peşəkar təlimçi ilə müsahibəni təqdim edir:

- Mənim 29 yaşım var. Kiçik yaşlarımdan yırtıcıların əhatəsində olmuşam. Atam 30 il heyvan təlimçisi kimi işləyib. Uşaqlıqdan şirləri, pələngləri görmüşəm. Və indi də atamın işini davam etdirirəm. O, əvvəlcə heyvan baxıcısı, daha sonra asistent, ən sonda isə təlimçi olub. Atam heyvanlardan ibarət xüsusi qrup yaradır, sonra bu qrupu artistlərə təhvil verir. Artistlər manejdə çıxış edir. O, indi qəfəs arxasında dayanır və heyvanları nəzarətdə saxlayır ki, uyğunsuz heç nə baş verməsin. Necə deyərlər sanki o boz kardinaldır.



- Siz artist kimi peşəkar səhnəyə nə zaman çıxmısınız?
- Mən artist kimi manejə 21 yaşımda çıxmışam. Onda artıq peşəkar artist kimi heyvanlarla çıxış edirdim. İlk səhnəciyim Maqda adlı pələnglə olub. Maqda və Martini ailədir. Onların Kendi və Fendi adlı övladları var. Hər biri bizim şouda iştirak edir. Amma eləsi də var ki, qohum deyil, başqa zooparkdan alınıb gətirilib.



- Heyvanlarla işləmək, onları öyrətmək çoxmu çətindir?
- İstənilən iş çətindir. Sadəcə olaraq, sən bununla məşğul olmağı sevirsən. Şirlər mənim üçün uşaqlar kimidir. Uşaqlar da bəzən valideyinlərini əsəbiləşdirir, bezdirir, ancaq buna baxmayaraq, biz uşaqlarımızı sevirik, onlarla dostcasına yaşayırıq. Onlar böyüyür, nədəsə bizə kömək edirlər. Heyvanlarla da belədir, onları uşaqlarımız kimi böyüdürük. Biz böyük ailə kimiyik. Siz nəzərə alın ki, yetişkin pələngin intellekti 3 yaşlı uşağın intellektinə bərabərdir. Onlar çox ağıllı heyvanlardılar, hər şeyi başa düşürlər.



- Bakıya qədər hansı ölkələrdə qastrol səfərlərində olmusunuz?
- Rusiyada çıxış edirik, Qazaxıstanda, Monqolustanda şoularımızı göstəririk. Azərbaycanda isə ilk dəfədir ki, qonağıq. Bizim “Big Cat” şousu 7 ildir ki, fərqli sirklərdə davam edir.

- Pələnglərinizin hər biri yəqin ki, fərqli xüsusiyyətə malikdir. Onlarla individual davranırsınız...
- Bəli fərqlidirlər. Eləsi var ki, onunla xoş davranmalısan, eləsi də var ki, çığırmalısan, danlamalısan. Onlar çox güclü hissiyata malikdirlər. Səsindən əhvalını hiss edə bilirlər. Hər bir pələngə fərdi yanaşmalısan. Bizim 6 pələngimiz və bir şirimiz var. Məsələn, Beyba adlı pələngimiz çox tənbəldir. Onunla digərləri kimi davranmaq olmaz.



- Onların adını necə seçirsiniz?
- Hansı ad xoşumuza gəlsə, ailə məsləhəti ilə onu seçirik. Bəzən elə olur ki, instaqramdan izləyicilər yeni doğulan pələnglərə adlar təklif edirlər. Azərbaycanlı bir izləyici Rikardo adını təklif edib. Düşündüm ki, yaxşı addır, ona görə də telefonumun yaddaşına qeyd etdim.

- Heç elə olubmu ki, çıxışlar zamanı heyvanlar aqressivləşsin və ya kiməsə hücum etmək istəsin?
- Gözlənilməz hadisələr olur. Hər bir çıxış individualdır. Və heyvanlar özlərini hər dəfə fərqli aparır. Bahar mövsümündə hormonlar dəyişir deyə onlarda aqressiya ola bilər. Məsələn, erkək şirlər arasında dişi şirlərə görə konfilikt yaşana bilər. Bəzən Maqda Martinlə dalaşır, onların ailə davası olur. Daha sonra dişi şir “məni rahat buraxın” deyə mırıldanır. Ancaq ciddi hücumlar olmayıb. Məndən və atamdan başqa heç kimi dişləməyiblər.

Ötən həftə Beyba ilə birgə efirə çıxmışdıq. Atam kadr arxasında dayanıb hər şeyə nəzarət edirdi. Ən əsası insanlar özlərini təhlükəsizlik texnikalarına uyğun aparmalıdırlar ki, heyvanlar qıcıqlanmasınlar. Çünki onlar elə şey edə bilər ki, heyvanlar özlərini çox da yaxşı aparmaya bilər.



- Onların təhlükəli anlarını necə duyursunuz?
- Hərəkətindən, baxışından hiss edirik. Pələnglər qıcıqlananda tez-tez quyruğunu tərpədə bilər. Bu onu göstərir ki, onlar çox əsəbidir. Və ya qəzəblənəndə qulaqlarını sıxır. Valideyinlər uşaqlarının xarakterini bildiyi kimi, biz də heyvanları bu cür əlamətlərinə görə qiymətləndiririk.

- Rənglər pələngləri qıcıqlandırırmı?
-Rəng hansısa rol oynamır. Mənə elə gəlir ki, bu sadəcə mifdir.

- Sizin sirkin pələng və şirləri nə qədər yaşayır?
-Təbiətdə şirlər 13-15 il yaşayırlar. Sirkdə və zooparkda isə onlar 25 ilə qədər yaşaya bilir. Orta yaş həddi 20 ildir.

- Bəzi insanlar düşünürlər ki, sirkdəki heyvanlara təlimçilər işgəncə verir. Onları şouya hazırlayarkən incidirlər. Buna görə də o qisim adamlar sirki, bu cür şouları baykot edib gəlmirlər. Bu haqda nə deyə bilərsiniz?
- Biz uşaqlar və böyüklər üçün sevinc bəxş edirik. Siz bizim şouya qatılsanız, heyvanlara münasibəti görərsiniz. Biz bu həyatı pələnglərlə birlikdə yaşayırıq, bir ailəyik, onlar mənim üçün sanki uşaqdılar. Pələngləri qucaqlayıram, onlarla birgə gəzirəm. Bizim münasibətlər sağlam şeylər üzərində qurulub. Hesab edirəm ki, biz niyə də belə yaşamayaq?



- Heyvanlarınızı nə ilə qidalandırırsınız?
- Onlar günboyu 6-8 kiloqram ət yeyirlər. Həftədə bir gün isə ac qalırlar. Bu onların orqanizmi üçün çox faydalıdır. Pələnglər kökəlsə onurğası əyilə bilər. Piy ürəyə də ziyandır. Onların toyuq günləri olur. Daha sonra vitamin kompleksi qəbul edirlər. Bəzən isə kökü, günəbaxan yağını, toyuq yumurtasını, dəniz kələmini qarışdırırıq və veririk. Cücərdilmiş buğdanı ətlə qarışdırıb yedizdiririk. Bu, onların immunitetinə yaxşı təsir edir.

- Bakıya tək gəlmisiniz yoxsa ailəniz də sizi müşayət edir?
- Bura ailəmlə birgə gəlmişəm, həyat yoldaşım, oğlum, anam və atam da Bakıdadırlar. Oğlumun 8 yaşı var. O Bakıda məktəbə gedir. Biz hər ölkəni, şəhəri dəyişdikcə oğlum da məktəbini dəyişir. Biz bir ailəyik. Bu, bizim həyat tərzimizdir. Özümümüzü bütünlüklə bu heyvanlara həsr edirik. Çətin olur, ancaq hər ailənin öz taleyi var. Ailəm Moskvada evdə qalsa, onda gərək məni heç görməsinlər. Oğlumun yolumu davam etdirəcəyi ilə bağlı indidən proqnoz vermək çətindir. İlk növbədə ona təhsil vermək lazımdır. O gələcəyini qurmaqda azaddır.

- Azərbaycana gələndən sonra bu dildə öyrəndiyiniz söz, cümlə olubmu
- "Şir həmişə şirdir, mənim qardaşım". (gülür)



























Şahanə Rəhimli
Fotolar: Aytən Hüseyinli



Teqlər:





Xəbər lenti