Yalnız azərbaycanlı olduğuna görə əsgərimizin fiziki toxunulmazlığı pozulub. O, qəddarcasına döyülüb, ağır işgəncələr verilib. Bu işgəncələr onun qətllinə, yaxud şikəst edilməsinə hesablanmış addımlardır. Böyük ehtimalla, erməni tərəfi bir çox açılmayan cinayətləri əsgərlərimizin üzərinə atmaq üçün əlindən gələni edəcək.
"Balama işgəncə verməsinlər" - Əsir Hüseynin anası |
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dərhal əsgərlərimizi ziyarət etməli, onları ailələri ilə GÖRÜNTÜLÜ danışdırmalı, onların sağlamlıq vəziyyəti haqqında AKT tərtib etməli və ƏLLƏ yazılmış məktub gətirməlidir. 2 gün ərzində əsgərlərimizin qaytarılmayacağı təqdirdə BQXK-nın və RSK-nın Xankəndi ilə humanitar əlaqələri məhdudlaşdırılmalı, bütün hərbi təsir mexanizmləri isə salınmalıdır.
Ermənilərin insan ləyaqətinə qarşı növbəti təhqiramiz və alçaldıcı davranışları cəzasız qala bilməz. Onların şəhid Mübariz İbrahimovun əli-qolu bağlı cəsədi ilə necə davrandıqlarını da unutmamışıq. Beynəlxalq təşkilatların reaksiyası Xocalı soyqırımı və digər qətliamlara olan reaksiyadan fərqlənməyəcək. 3890 nəfər itkin məsələsini dilinə almayanlardan müsbət heç nə gözləmirəm. Bu yolda yalnız Ali Baş Komandanımıza, qəhrəman Silahlı Qüvvələrimizə və xalqımızın dəstəyinə güvənməliyik.
Əsgərimizin verilən müddət ərzində qaytarılmayacağı təqdirdə Müdafiə Nazirliyi döyüş meydanında düşməni anladığı dildə "başa salmaq" məqsədilə dərhal fəaliyyətə keçməlidir.
Yaralı erməni əsgərin yarasını sarıyan və onu hərbi hospitalda ziyarət edən Azərbaycan zabitinin davranışına qarşı əsgərimizin əl-qolunu bağlayaraq başına təpiklə zərbə endirənləri cəzalandırmaq Müdafiə Nazirliyinin müqəddəs vəzifə borcudur. Bu təpiklər "Dəmir Yumruq" şəklində ləyaqətsiz düşmənin başına endirilməlidir.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün