İrəvan Şuşa məğlubiyyətində separatçı "komandan"ı günahkar çıxarıb - Detallar

 İrəvan Şuşa məğlubiyyətində separatçı "komandan"ı günahkar çıxarıb -  Detallar
  14 Aprel 2023    Oxunub:4729
Ermənistanın İstintaq Komitəsi Qarabağ separatçılarının "Müdafiə Ordusunun" keçmiş komandanı, general- leytenant Mikayel Arzumanyanın işi ilə bağlı yeni təfərrüatları təqdim edib.
İstintaqın məlumatına görə, 2020-ci il sentyabrın 28-də 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyət kəsb edən Areqa yüksəkliyini (Arzumanyanın müşahidə məntəqəsinin yerləşdiyi yer) ələ keçirib.

Məğlubiyyətdə günahlandırılan Arzumanyan bölmə komandiri ilə əlaqə saxlayıb və vaxtilə onun rəisi olmasından, səlahiyyətindən istifadə edərək qoşunların ərazidən çıxarılmasını tələb edib. Bölmə komandiri isə tabeliyində olanlara göstərişlərə əməl etməyi əmr edib. Qeyd edilib ki, 2020-ci il oktyabrın 3 və 5-də yüksəkliyi geri almaq üçün yeni cəhdlər edilsə də, onlar uğursuzluq və erməni tərəfində itkilərilə başa çatıb.

Bundan əlavə, istintaqa əsasən, 2020-ci il oktyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Əsgəran rayonunun Çanaxçı kəndini ələ keçirib.

Arzumanyan həmin gün tərtib etdiyi yazılı sənədlərdə Azərbaycan ordusunun hədəfinin Şuşa olduğunu göstərib.

Oktyabrın 29-da Azərbaycan bölmələri Sığnağı ələ keçirərək Şuşa və Daşaltı istiqamətində irəliləyib. Bu şəraitdə Arzumanyan Daşaltı kəndindən 4 km cənubda yerləşən ərazidə mövqe tutmaq əmri verib, lakin məlum olub ki, bu ərazi artıq Azərbaycanın nəzarətində olub.

Bütün bu məlumatlara malik olan yüksək rütbəli zabit müdafiəni təşkil etmək üçün oraya qoşun göndərməyib.

İstintaqın məlumatına görə, general-leytenantın oktyabrın 30-31-də döyüş tapşırığının həllinə cəlb olunmayan 550 hərbi qulluqçudan müdafiədə istifadə etmək imkanı olub, lakin o, bunu etməyib.

İstintaq yekunlaşıb, iş məhkəməyə göndərilib.

Xatırladaq ki, Arzumanyan 2022-ci il avqustun 30-da 44 günlük müharibə zamanı Şuşinin müdafiəsində səhlənkarlıq ittihamı ilə saxlanılıb. 2022-ci il sentyabrın 1-də o, həbs edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti