İki müharibənin səbəbi: Qarabağ ermənilərinin dünya ermənilərindən fərqi nədir?

    İki müharibənin səbəbi:    Qarabağ ermənilərinin dünya ermənilərindən fərqi nədir?
  11 Sentyabr 2023    Oxunub:4672
Azərbaycanda olan erməniləri digər ölkələrdəki ermənilərdən fərqləndirən bir cəhət vardı: siyasi statusa malik olmaları. Bu, mədəni muxtariyyətdən başladı. Nəhayət, muxtar vilayət statusuna yiyələndilər. Uzun müddət bu statusda yaşayandan sonra “müstəqil” olmaq istədilər.
Bu arzunun Qarabağ ermənilərinin özündə baş qaldırması, yoxsa, kənardan gəlməsi hazırda əsas deyil. Fakt budur ki, Qarabağ erməniləri dünya erməniləri arasında statusu olan yeganə icma idi. Bu üstünlüyün nəticəsində regionda iki müharibə törədiblər, üçüncüyə də ciddi hazırlıq gedir.

Üçüncü mümkün müharibəyə hazırlığın səbəbi ermənilərin fərqlənmə cəhdlərinin Avropa, xüsusilə Aİ strukturları tərəfindən dəstəklənməsidir. ABŞ-da belə meyllər var. Qarabağ ermənilərinin fərqlənmə statusunun müəllifi isə çar Rusiyası olub. Güney Qafqazda “Ermənistan” adlı dövlətin, Qarabağda ermənilərin məskunlaşmasının səbəbi çar Rusiyasıdır. Sonra SSRİ, ardınca indiki Rusiya da təxminən bu siyasət davam etdirib.

Bu gün sadə azərbaycanlı Qərb dünyasının Qarabağda çar Rusiyasının yürütdüyü imperiya siyasəti uğrunda mübarizə apardığını görəndə çaş-baş qalır. Qarabağ erməniləri avtoxton deyil, gəlmədilər. Rusiyada arxiv sənədləri var. İran arxivlərində Rusiya qədər olmasa da, hər halda, var. Avstriya, Fransa, Almaniya arxivlərində də bu məzmunda sənədlərə rast gəlinir. Çar Rusiyası Qarabağa nəinki erməniləri, hətta yunanları da köçürüb. Vaxtilə Qarabağ ərazisində yunanların məskunlaşdığı Mehman kəndi bunun sübutudur.

Qarabağ azərbaycanlılarının dədə-baba yurdlarına qayıtması bu gün Qərbdə dəstəklənmir. Rusiya Qarabağ azərbaycanlılarının qayıtmasının tərəfdarıdır, amma bunu lazım olan formada təqdim etmir. Avropalıların Ağdam-Xankəndi yolunu görməzliyə vurması həm də bununla bağlıdır. Qarabağ azərbaycanlıları öz dədə-baba yurdlarına qayıtmayacaqlarsa, regionda sabitlik ola bilməz. Ermənistan və onun Qərbdəki havadarları Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini tanıyırsa, bu tanınma axıra qədər olmalıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ   Ermənilik  





Xəbər lenti