ABŞ Ermənistanı İrana qarşı forposta çevirir – ŞƏRH

   ABŞ Ermənistanı İrana qarşı forposta çevirir –    ŞƏRH
  12 Sentyabr 2023    Oxunub:4885
Sentyabrın 11-də Ermənistan öz ərazisində ABŞ ilə birgə hərbi təlimlərə başladı. ABŞ-ın İranın qonşuluğunda hərbi təlim keçirməsinin böyük simvolik anlamı var. Çünki ABŞ 2000-ci ilin 11 sentyabr terror hadisəsində İranı günahkar bilir. İran məhkəməsi isə bu yaxınlarda 1980-ci illərdə ölkədə dövlət çevrilişi etmək cəhdlərinə görə ABŞ-a qarşı məhkəmə qərarı çıxardı.
Təlimlərdən bir neçə gün öncə ABŞ Ermənistanda PUA-larının olduğu mesajını verdi. Ermənistanın ABŞ-ın PUA-larından istifadə etmək ixtiyarı yoxdur. ABŞ Dövlət Departamenti xüsusi olaraq bildirdi ki, təlimlər Azərbaycana qarşı yönəlməyib. Elə isə, əsas variant kimi İran önə çıxır. 2000 km. məsafəni görə bildiyini iddia edən İran qulağının dibindəki ABŞ PUA-larını görmədi.

Ermənistan ABŞ üçün İranla bağlı ən böyük məlumat bazasıdır. ABŞ-ın Ermənistandakı səfirliyində üç xüsusi qrup İran vətəndaşları ilə iş aparmaqla məşğuldur. Uzun illərdir ki, ABŞ-ın Ermənistandakı səfirliyi fars, ingilis və erməni dillərində işləyir.

Rusiya prezidenti Vladimir Putin etiraf etdi ki, Paşinyan daim onunla əlaqədədir. Nikol Paşinyanın ABŞ-la hərbi əlaqələri barədə Rusiyanı məlumatlandırmaması mümkün deyil. Xüsusilə də hərbi təlimlər ərəfəsində. İki ölkənin təmasları heç də yalnız Qarabağ mövzusu ilə bağlı deyil, ola da bilməz. İstisna deyil ki, ABŞ-ın İran istiqamətində planlarının reallaşmasında Kremlin rolu ola bilər. Bu, ABŞ-ın Rusiyaya münasibətinin yumşalmasına təsir göstərərdi. ABŞ-ın dövlət katibi Blinkenin Rusiya istiqamətində son bəyanatları əvvəlki tək kəskin deyil. Putinin də Vladivostokda bu mövzuda açıqlamaları ənənəvi mövqedən xeyli yumşaq oldu.

ABŞ son illərdə Fars körfəzi zonasında hərbi qüvvələrini artırmaqda maraqlı deyil. İndi üzə çıxanlar göstərir ki, Vaşinqton Ermənistan ərazisində uzun müddətdir iş aparırmış. ABŞ tərəfindən məhz Ermənistan ərazisinin seçilməsi təsadüfi deyil. İran ermənilərə çox asanlıqla aldanır. Tehran istəsəydi, vaxtında bu təhlilləri apara bilərdi. Sadəcə, İranın rəhbərliyinin beynində anti-Azərbaycançılıq hər yeri zəbt edib. Bu mərəz artıq onların sağlam düşünməsinə də imkan verməyəcək həddə çatıb.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: İran   ABŞ   Ermənistan  





Xəbər lenti