Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib - FOTOLAR

Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib -    FOTOLAR
  14 Sentyabr 2023    Oxunub:1193
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. Festival “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkında təşkil olunub. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.
Mövsümün 6-cı toxum sərgi-satış yarmarkası Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosasiyasının təşkilatçılığı ilə keçirilib.

Festivalda 30-a yaxın dövlət və özəl toxumçuluq subyektləri iştirak edib. Yarmarkada sertifikatlı toxumun üstünlükləri barədə fermerlər maarifləndirilib.

Festival zamanı “Toxum istehsalı və emalı” mövzusu üzrə toxum istehsalçılarına və fermerlərə təlim keçirilib, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Festivalda ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış 60-a yaxın dövlət və özəl bölməni təmsil edən qurumlar, eləcə də xarici şirkətlər iştirak edib.
Hacıqabul rayonundakı festivalda toxum sərgi-satışı ilə yanaşı festivalların ənənəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib. Festivalda ilk dəfə olaraq kənd təsərrüfatı sahəsində istifadə olunan dirəksiz anqarlar və yeni texnikalar nümayiş olunub.
Həmçinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap yarışma və müsabiqələrin iştirakçıları öz prototiplərini, məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər.

Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkasının keçiriləcəyi Aqrar İnnovasiya Festivalı sentyabrın 22-də Sabirabad rayonunda təşkil olunacaq.

AzVision.az

Qalereya




Teqlər: Yarmarka   Festival  





Xəbər lenti