HƏMAS-ın mənəvi liderinin oğlu uzun müddət İsrailə işləyib
Uzun illərdir ki, “HƏMAS-ı tənqid edən və bu hərəkatın əleyhdarlarından biri olan Musab Həsən Yusif tədbir iştirakçıları qarşısında çıxış edərək, HƏMAS-ın “siyasi sərhədlərə inanmadığını” və bunun hələ də “hər kəsə aydın olmadığını” söyləyib.
O, bildirib ki, HƏMAS-ın Fələstin cəmiyyətinə qarşı əsas cinayəti uşaqlara kiçik yaşlarından “İsrail dövlətini məhv etmək” ideyasını aşılamaqdır.
Şeyx Həsən Yusifin ailəsinin böyük oğlu olan Musab Həsən Yusif onun əsas varisi sayılırdı. Musab ilk dəfə 10 yaşında olarkən Birinci İntifada zamanı İordan çayının qərb sahilində məskunlaşan yəhudilərə daş atdığı üçün saxlanılıb. 1990-cı illərin ortalarında Yusif ömrünün bir neçə ilini İsrail həbsxanalarında keçirib. Onun sözlərinə görə, məhz orada, həbsdəki qrup üzvlərinin İsraillə əlaqədə şübhəli bilinən digər məhbuslara işgəncə verdiyini müşahidə edərkən HƏMAS-ın cinayətkar təşkilat kimi fəaliyyət göstərdiyini anlayıb.
1996-cı ildə Musab Həsən Yusif İsrailin “Şin Bet” təhlükəsizlik xidmətinin xəbərçisi olmaq təklifini qəbul edib. Bir il sonra həbsdən azad olunub və 10 il “Yaşıl Şahzadə” məxfi adı altında çalışıb. Ondan alınan məlumatlar sayəsində xüsusi xidmət orqanları israillilərə qarşı onlarla terror aktının və hücumların qarşısını ala bilib, HƏMAS-ın bir çox lideri isə həbs edilib. Bununla belə, o, İsrailə yerini açıqladığı terrorçuların həyatının saxlanması şərti əsasında “Şin Bet”lə əməkdaşlıq etdiyini bildirib.
2007-ci ildə axın Şərqi tərk edən Musab bir neçə ildən sonra ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq alıb.
Maraqlıdır ki, Musab Həsən Yusifin atası Şeyx Həsən Yusif İordan çayının qərb sahilindəki HƏMAS təşkilatının rəhbərliyinin üzvüdür (son illərdə onun sözçüsü kimi fəaliyyət göstərirdi) və qrupun ruhani liderlərindən biri hesab olunur. Dəfələrlə İsrail hakimiyyəti tərəfindən həbs edilmiş Şeyx Həsən Yusif, ümumilikdə 20 ildən çox həbsdə yatıb. Sonuncu dəfə oktyabrın 19-da İsrail təhlükəsizlik xidməti orqanlarının və hərbçilərinin yeni müharibə başlayandan sonra İordan çayının qərb sahilində həyata keçirməyə başladığı genişmiqyaslı reydlərindən biri zamanı onlarla digər HƏMAS üzvü ilə birlikdə həbs olunub.
Amma necə deyərlər, oğul atasına görə cavabdeh deyil. Elə Musab Həsən Yusif də çoxdandır ki, bu prinsiplə yaşayır.
Sahil İsgəndərov
AzVision.az