"Bilmədim ki, bu “dəyənək” kimin əlindədir" - Sarkisyan

   "Bilmədim ki, bu “dəyənək” kimin əlindədir" -    Sarkisyan
  28 Dekabr 2023    Oxunub:912
"Xarici siyasət vektorunda öz hökumətimin kursu ilə baş nazir Nikol Paşinyanın komandasının bu gün atdığı addımlar arasında ortaq heç nə görmürəm".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan deyib.

“Onlar bir meydançadan digərinə atılırlar və bunun mənim siyasətimlə heç bir əlaqəsi yoxdur. Mənim hakimiyyətim dövründə zorla boynumuza heç bir şey qoyulmayıb, xüsusən də açıq şəkildə edilməyib”, - Ermənistanın eks-prezidenti deyib.

O, Paşinyanın Qarabağ məsələsinin xarici qüvvələr tərəfindən İrəvana təzyiq rıçaqı kimi istifadə edilməsi ilə bağlı bəyanatından da danışıb.

Mən hələ də başa düşə bilmədim ki, bu “dəyənək” kimin əlindədir. Dağlıq Qarabağın statusu məsələsinin xalqın iradəsini azad ifadə etməsi yolu ilə həll edilməli olduğunu dəfələrlə bəyan edən həmsədrlərdə?".

Keçmiş dövlət başçısı Paşinyanın Ermənistanın resurslarının böyük hissəsinin Qarabağa yönəldilməsi ilə bağlı dediklərini də təkzib edib. Sarkisyanın sözlərinə görə, Ermənistanın büdcəsinin cüzi bir hissəsi Qarabağa ötürülüb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin noyabrında parlamentdə Qarabağ məsələsinin Ermənistan dövlətçiliyinin möhkəmlənməsinə qarşı alət kimi istifadə edildiyini bildirmişdi.

Onun sözlərinə görə, müəyyən qüvvələr (baş nazir kimdən danışdığını dəqiqləşdirməyib) Qarabağ məsələsindən erməni dövlətçiliyinin inkişafının qarşısını almaq üçün rıçaq kimi istifadə ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti