Prezident İndoneziyanın nümayəndə heyətini qəbul etdi

Prezident İndoneziyanın nümayəndə heyətini qəbul etdi
  16 Aprel 2013    Oxunub:1529
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alienin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında münasibətlərin ikitərəfli formatda uğurla inkişaf etdiyini bildirdi, əlaqələrimizin siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirildiyini vurğuladı.

Son vaxtlar siyasi əlaqələrimizin daha da intensivləşdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə daim qarşılıqlı dəstək verdiklərini deyən dövlətimizin başçısı bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alienin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alie ölkələrimiz arasında əlaqələrin təhsil, turizm, ticarət, tikinti və digər sahələrdə genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi, münaqişənin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu dedi.


Teqlər:  





Xəbər lenti