Zığ-Hava limanı yolunda təmir-bərpa işlərinə başlanıb
Təmir-bərpa işləri çərçivəsində yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra yola lazımi qalınlığında monolit-beton tökülərək örtük bərpa olunur.
Sonda təmir-bərpa işləri yekunlaşan hissə üzrə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetiriləcək.
Sözügedən yol ilə nəqliyyat axının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyinə görə işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
AzVision.az