Ceyhun Bayramov tacik həmkarı ilə görüşüb
Görüşdə nazirlər son illərdə daha da artan tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün geniş potensialın olduğunu vurğulayıblar.
Ölkəmizin Mərkəzi Asiyanın qardaş və dost ölkələri ilə əlaqələrə böyük önəm verdiyi diqqətə çatdırılıb. Bir sıra çoxtərəfli tədbirlərlə yanaşı, 2023-cü il sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə olaraq iştirakının əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov Azərbaycanın ortaq tarixi, dini və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya ölkələri ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırmaq niyyətində olduğunu bildirərək, iki ölkə arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə edilən intensivliyin davam etdirilməsinin vacibliyini qeyd edib. O, beynəlxalq və regional təşkilatlarda əməkdaşlığın, eləcə də iki ölkə arasında ikitərəfli siyasi məsləhətləşmələrin davam etdirilməsi və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Tacikistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini qeyd ediblər.
Bununla yanaşı, ticarət, sənaye, kənd təsərrüfatı, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.
Görüş zamanı tərəflər qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi yollarının araşdırılması, hər iki ölkənin geniş turizm potensialını nəzərə alaraq, birgə turizm marşrutu, Orta Dəhliz üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini qeyd ediblər.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: XİN Tacikistan görüş