Səfirimiz Kubada "Azərbaycan - orta güc ölkəsi" mövzusunda çıxış edib

Səfirimiz Kubada "Azərbaycan - orta güc ölkəsi" mövzusunda çıxış edib
  12 Aprel 2024    Oxunub:1106
Kuba səfirimiz Ruslan Rzayev ölkənin Beynəlxalq Siyasi Tədqiqatlar Mərkəzində (CIPI) "Azərbaycan – orta güc ölkəsi" mövzusunda təqdimatla çıxış edib.
Səfirlikdən AzVision.az -a bildirilib ki, Havanada fəaliyyət göstərən beyin mərkəzlərinin regionumuz üzrə tədqiqatçılarının, eləcə də Kuba Xarici İşlər Nazirliyi nümayəndələrinin iştirakı ilə baş tutan təqdimatda o, Azərbaycanın artan qlobal nüfuzu, enerji siyasəti, Avropanın enerji təhlükəsizliyinin təminatında müstəsna rolu, yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, beynəlxalq əhəmiyyətli nəqliyyat qovşaqlarının mərkəzində yerləşməsi, son illərdə nüfuzlu beynəlxalq təşkilatlara sədrliyi və bu il COP29 kimi mötəbər tədbirin keçiriləcəyi barədə geniş məlumat verib.

Səfir həmçinin 44 günlük Vətən müharibəsi, ötən ilin sentyabrında lokal antiterror tədbirləri, Azərbaycanın sülh gündəliyi və Ermənistanla münasibətlərin normallaşması prosesi barədə danışıb. İştirakçıların ölkəmizin xarici siyasəti, Latın Amerikası ölkələri, eləcə də Azərbaycanın qonşuları, habelə regional təşkilatlarla münasibətləri və digər maraq doğuran mövzular ətrafında suallarını da cavablandırıb.

AzVision.az


Teqlər: Azərbaycan   Kuba   səfir   təqdimat  





Xəbər lenti