“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”
  17 Aprel 2024    Oxunub:853
“Azərbaycanda hər dəfə mötəbər tədbirlər keçirilən zaman ölkəmizə qarşı həm xaricdə, həm də daxildə qəribə bir təzyiq kampaniyasına start verilir. Bu ərəfələrdə biz Avropada və ölkəmizdə müəyyən qüvvələrin fəaliyyətlərinin sanki eyni mərkəzdən idarə olunduğunu müşahidə edirik. Beynəlxalq səviyyəli COP-29 sammitinin Azərbaycanda keçiriləcəyindən istifadə edən qüvvələrin fəallaşmasını təsadüfi saymaq olmaz. Maraqlıdır ki, bu fəallıq daha çox Ermənistana bağlı siyasi qüvvələrin, Fransa hökumətinin və radikal müxalifətin fəaliyyətlərində gözə çarpır”.
Bunu politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bir dövləti xarici qonaqlar üçün cəlb edən ən başlıca faktor sabitlikdir: “Söhbətləşdiyimiz xarici turistlər etiraf edirlər ki, onlar Azərbaycanda, Bakı şəhərində gördükləri sabitliyi, qonaqpərvərliyi başqa heç bir ölkədə görməyiblər. Bütün bunlar Azərbaycan dövlətinin düzgün siyasəti, hüquq mühafizə orqanlarının peşəkar fəaliyyətinin, ayıq-sayıqlığının nəticəsində mümkün olub. Ölkəmizdə sabitliyi pozmaq istəyən xarici və daxili qüvvələr mövcuddur. Hətta bəzi qonşu dövlətlərimizə bağlı olan qüvvələr COP-29 sammiti ərəfəsində ölkəmizdə sabitliyi pozmaq üçün hərəkətə keçiblər. Son günlər hüquq-mühafizə orqanları xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə məşğul olan qrupları, şəxsləri ifşa edirlər, saxlayırlar. Erməni lobbisi beynəlxalq təşkilatlarda məsələ qaldırırlar ki, Azərbaycanda insan haqları, ekoloji təhlükəsizlik pozulur, odur ki, COP-29 sammiti Bakıda keçirilə bilməz və s. Fransa dövləti də bu məsələdə erməni lobbisinə dəstək verir. Fransanın Azərbaycandakı səfirinin geri çağırılması da ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Təsəvvür edin ki, Rusiya ilə düşmən münasibətdə olan Qərb dövlətləri rus hərbçilərinin sərhədlərini qoruduğu Ermənistana qucaq açır, amma rus sülhməramlılarını ölkə ərazisindən çıxaran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Ötən gündən başlayaraq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk etməyə başlayır. Əslində dünya mediasının gündəmində olacaq bir mövzudur. Dünyanın super güclərinin bacara bilmədiyi Rusiya kimi bir ölkənin hərbçilərinin Azərbaycandan çıxarılması rəsmi Bakının çox böyük siyasi-diplomatik uğurudur və Qərb dövlətləri bunu dəyərləndirməlidir”.

R.Alıyev onu da qeyd etdi ki, Azərbaycanda hər dəfə beynəlxalq tədbir keçiriləndə aktivləşən qüvvələrdən biri də radikal müxalifət və onların media orqanlarıdır: “Avroviziya” musiqi yarışması, Avropa oyunları, “formula-1” yarışları və digər beynəlxalq tədbirlər ərəfəsində də müxalifə aksiyalar keçirirdi, insan hüquqları, siyasi məhbus məsələsini, hətta heyvan haqlarını gündəmə gətirirdilər. Onların media orqanları Bakının kənarlarında axsayan, ölən itlərin, pişiklərin şəkillərini çəkib dünyaya hay salırdılar ki, Azərbaycanda küçə heyvanlarına qarşı kobud davranılır və s. Həmin qüvvələr yenidən fəallaşıblar. “5-ci kolon”un üzvləri ölkədə təxribatlar törətmək üçün hərəkətə keçiblər. Payızda keçiriləcək COP-29 tədbirlərinin yüksək səviyyədə keçirilməsinə maneə olmaq üçün onlar erməni lobbisinin, Fransadakı ayrı-ayrı təşkilatların pullu sifarişlərini yerinə yetirəcəklər. Radikal müxalifətdən şou göstərmək üçün istifadə edilir. Uzun müddətdir ki, heç bir aksiya keçirməyən, hətta prezident seçkiləri ərəfəsində belə fəallıq göstərməyən radikalların indi aktivləşməsi təsadüfi deyil”.

Politoloq onu da qeyd etdi ki, erməni lobbisinin maliyyəsi ilə hərəkət edən avropalı siyasətçilər beynəlxalq təşkilatların iclaslarında guya ölkəmizdə insan haqlarının pozulduğunu bəhanə edərək Azərbaycana qarşı sanksiya məsələsini gündəmə gətirirlər: “Onların bu çağırışına ölkəmizdə sevinən psevdo-demokratlar da var. AXCP sədri Əli Kərimli Qubad İbadoğlu, Tofiq Yaqublu və digərlərinin həbsini bəhanə edərək onların azadlığa buraxılması üçün aksiya keçirəcəklərini bəyan ediblər. Hər iki şəxs bir neçə ay öncə həbs olunublar və onlara konkret ittihamlar irəli sürülüb. Nə Qubad İbadoğlu, nə də digərlərinin yaxınları onların həbsini şoulaşdırmayıblar və məhkəmənin ədalətli qərar çıxaracağına inamlarını ifadə ediblər. O zaman sual olunur. Bəs nə üçün Əli Kərimli bu qədər narahatdır, özünü ortaya atıb? Milli Şura və Əli Kərimlinin indi yadına düşdü, Qubad İbadoğlunun həbsi? Təbii ki, Əli Kərimlinin davası maliyyə davasıdır. Onlar erməni lobbisinin və onlardan maliyyələşən təşkilatların sifarişlərini yerinə yetirirlər. AXCP üzvləri diqqət yetirsələr görərlər ki, Əli Kərimlinin aksiya tələbi həbs olunan şəxslərlə bağlı deyil. AXCP mitinq müraciətində göstərib ki, onlar üç yerdə aksiya keçirə bilərlər. “28 may”, “Nərimanov” metrolarının qarşısı və “Məhsul” stadionu. Hökumət dəfələrlə onlara aksiya keçirmək üçün “Məhsul” stadionunu təklif edib. Amma getməyiblər. Bilirdilər ki, aksiyaya gələn olmayacaq. Amma bu gün “Məhsul” stadionuna getməyə hazırdırlar. Çünki sifariş gəlib ki, nəyin bahasına olursa, olsun aksiya keçirin, polislə qarşıdurmaya gedib, təxribat törədin, şou düzəldin. Ona görə də heç şübhəsiz ki, aksiya iştirakçıları qəsdən polislə qarşıdurma yaradacaqlar, sonra fotolar çəkib onu dünyaya yayacaqlar ki, ölkədə müxalifətçilər sıxışdırılır, döyülür, həbs olunur və s. Bunlar bizə tanış ssenarilərdir. Təəssüf ki, müxalifətin sıravi üzvləri “liderlərinin” erməni lobbisinin sifarişi və maliyyəsi ilə hərəkət etdiklərinin fərqində deyillər. Bütün hallarda Azərbaycanın hüquq mühafizə orqanları radikal müxalifətin planlaşdırdığı təxribatların qarşısını alacaq və günahkarlar cəzalandırılacaq”.(Yeniazerbaycan.com)
AzVision.az



Teqlər: Müxalifət  





Xəbər lenti