Qarpız nə vaxt təhlükəli olur - Oxuyun, zəhərlənməyin!

Qarpız nə vaxt təhlükəli olur -  Oxuyun, zəhərlənməyin!
  11 İyun 2024    Oxunub:932
Yayın dözülməz istisində bir dilim sərin qarpız susuzluğu yatırmaq üçün əla vasitədir. Təəssüf ki, bəzən qarpız sevgisi onu mövsümündən əvvəl yeməyə sövq edir. Halbuki erkən qarpız xəstəliklərə, hətta zəhərlənməyə səbəb ola bilər. Əslində hər şey qazanc güdən istehsalçıların bu giləmeyvənin böyüməsini sürətləndirmək, çəkisini artırmaq üçün dibinə səpdikləri nitratlar və müxtəlif böyümə stimulyatorları ilə başlayır. Bu yazıda sizə qarpızın tərkibindəki nitratların təhlükəli olduğunu, həmçinin qarpızı nə vaxt yeməyin təhlükəsiz olduğunu izah edəcəyik. 
Mövsümü gəlməyən və ya erkən qarpız dedikdə, ilin istənilən vaxtı istixanalarda yetişdirilə bilən qarpız nəzərdə tutulur. Mövsümdən kənar dövrdə qarpız yetişdirilməsi üçün istifadə olunan kimyəvi maddələr (pestisidlər, gübrələr) düzgün tətbiq edilmədikdə və ya normadan çox istifadə edildikdə qarpızın tərkibində zərərli maddələr əmələ gəlir.

İdxal olunan və ya uzun müddət saxlanılan qarpızlarda mikroorqanizmlər inkişaf edir. Bu da meyvənin çürüməsinə və ya bakterial infeksiyalara, zəhərlənməyə səbəb olur. Qarpızla zəhərlənmənin əsas əlamətləri qızdırma, ürəkbulanma, qusma, ishal, qarın ağrısı, sancılar, baş ağrısı və başgicəllənmədir.

Bütün bunlardan qorunmaq üçün ilk növbədə qarpızın mövsümündə yetişməsini gözləməliyik. Qarpız alarkən, onun təzə və sağlam göründüyündən əmin olmaq, istifadədən əvvəl yaxşı yumaq, doğrayarkən gigyena qaydalarına əməl etmək, anormal bir qoxu və ya dad olub-olmadığını yoxlamaq lazımdır.

Qida eksperti Ağa Salamov AzVision.az -a bildirdi ki, zəhərlənmələrin əsas səbəbi qarpız becərilməsində istifadə olunan gübrələrin dozasının düzgün təyin edilməməsidir”.

“Qarpızın tərkibində nitratın hansı səviyyədə olduğunu araşdırmaq vacibdir. Bəzi fermerlər Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə işləməyi özlərinə ar bilirlər. Hər gübrənin öz istifadə dozası var. Onlar yetişdirdikləri məhsula hansı gübrədən nə qədər verdiklərini açıqlamalıdırlar. Doza həddini aşmaq olmaz. Zəhərlənmələrin əsas səbəbi də elə doza həddininin aşılmasıdır”.

Ağa Salamov: "Yerli qarpız daha sağlamdır"

Ekspert qeyd edib ki, nitrat səviyyəsi yüksək olan qarpızlar zəhərlidir:

“Təbiət bütün meyvə və tərəvəzləri öz mövsümündə kodlaşdırır. Ona görə də yaxşı olar ki, hərəsinin öz mövsümünü gözləyək.

Azərbaycanın yerli qarpızlarına üstünlük verilməsi daha məqsədəuyğundur. Tağda yetişən qarpızlar daha sağlamdır”.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti