Deputata gələn "İran mesajı"nın səbəbi | Ekspert izah edir

 Deputata gələn "İran mesajı"nın səbəbi  | Ekspert izah edir
  20 İyun 2024    Oxunub:966
Millət vəkili Sabir Rüstəmxanlı Yardımlıda olarkən telefonuna “İrana xoş gəlmisiniz…” mesajının gəldiyini bildirib . Deputat buna görə "Azercell" mobil operatorunu sərt tənqid edib.
Və məlum olub ki, bu, ilk hal deyil. Sərhədə yaxın kənd və rayonlarda vətəndaşlar tez-tez belə mesajlar alırlar.

AzVision.az artıq bir neçə gündür müzakirə mövzusuna çevrilən məsələ ilə bağlı “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, IKT mütəxəssisi Elvin Abbasovun fikirlərini öyrənib.

- Elvin bəy, Azərbaycan ərazisində telefonlarımıza belə mesajların gəlməsi normal haldırmı? Bəziləri bunun qarşısını almaq üçün İranın rabitə yayımının hüdudlarını məhdudlaşdıracaq cihaz qurulmalı olduğunu deyirlər.

- Burada hansısa bir yenilik yoxdur. Hətta SSRİ dönəmində də sərhədyanı ərazilərdə antenlər qonşu ölkənin radio və televiziya dalğasını tuturdu. İranla sərhədə yaxın ərazilərə gəlincə isə orada hansısa məhdudlaşdırma aparmaq mümkün deyil. Əgər mobil operatorlar siqnal ötürücü dalğaları məhdudlaşdırsa, sərhəd yaxınlığında yaşayan vətəndaşların başqa problemi yaranacaq.

Hazırda bir çox sərhəd keçid məntəqələrindən 10-15 km aralandıqdan sonra da Azərbaycanın mobil operatorlarının dalğalarının tutduğunun şahidi oluruq. Bu, mobil operatorlarımızın qonşu ölkənin dalğalarına müdaxilə etməsi anlamına gəlməməlidir.

Eyni hal millət vəkilimiz Sabir Rüstəmxanlının qeyd etdiyi situasiyada da keçərlidir. Onun telefonuna mesaj gəlməsi nə Azərbaycanın, nə də İranın məqsədli şəkildə müdaxiləsinin nəticəsi deyil. Bu, texnologiyanın avantajı və ya dezavantajıdır.

Daha ətraflı izah etsək, deyə bilərəm ki, coğrafi informasiya sistemləri üzərində “Location”larımız(olduğumuz yer) qeydə alınır və "Android", yaxud da "İOS" sistemi ilə izlənə bilirik. Ancaq bu, hər zaman baş vermir. O halda olur ki, biz tətbiqi aktiv edirik.

Əgər şəxs antenə, yaxud onun əhatə dairəsi radiusuna daha yaxındırsa və rouminq telefonda açıqdırsa, vətəndaş qarşı ölkəyə keçmiş hesab olunur. Bu, normal bir haldır. Bütün dünya ölkələrinin sərhədlərində eyni şeylər baş verir. Gizli olan situasiya deyil.

- Azərbaycanın mobil operatorlarının tezliyinin zəif olduğu fikirləri də səsləndirilir. Bildirilir ki, bu səbəbdən qonşu dövlətlərin tezliyi bizimkiləri üstələyir. Bununla bağlı da şərhinizi almaq istərdik.

-Tezlik insanların sağlamlığına zərər verməyəcək formada tənzimlənir. İndi əvvəlki kimi geniş radiusu əhatə edəcək anten quraşdırıla bilməz. Antenlərin tezliyi ötürmə qabiliyyəti beynəlxalq standartlara görə tətbiq olunur.

Hazırda Azərbaycanda G4 cihazlarından istifadə olunur, G5-ə isə keçid dövrüdür. G5 cihzalar yaxın, əhatə dairəsi isə daha az olacaq. Heç bir ölkə bu standartdan kənara çıxa bilməz.

- Daha bir versiyaya aydınlıq gətirmənizi istərdim. Cəbrayıla, Zəngilana səfər edən bəzi şəxslər bildirirlər ki, həmin ərazilərdə mobil telefonların saatı İran vaxtını göstərir. Belə bir hal qəbul ediləndirmi?

- Bunu əməliyyat sistemlərinin istifadəçilərinə təqdim etdiyi xüsusiyyət adlandırmaq olar. Məsələn, mən Türkiyəyə daxil olarkən avtomatik olaraq telefonumda həm oranın, həm də Azərbaycanın yerli saatı görsənir. Bu, "location"la tənzimlənir. Telefonunuz başqa bir ölkənin mobil operatoruna keçid edəndə iki ölkənin saat sistemini göstərir.

Azərbaycanda olub, kənara çıxamadan da siz bu təcrübəni yaşaya bilərsiniz. Bir neçə ölkənin saat sistemini tətbiq etmək mümkündür.

Qeyd edək ki, "Azercell" şirkəti də deputatın toxunduğu məsələyə aydınlıq gətirib:

"Hörmətli Sabir müəllim,
Nəzərinizə çatdırırıq ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsilə həyata keçirilir. Bu səbəbdən də, sərhədyanı bölgələrdə qonşu ölkənin mobil rabitə operatorlarının siqnallarının təsir zonasına düşdükdə, rouminq xidməti açıq olan və şəbəkə seçilməsi avtomatik sazlanan telefon cihazları digər ölkənin mobil operatorunun şəbəkəsinə qoşula bilər. Ölkə daxilində (xüsusən də sərhədyanı bölgələrdə), həmçinin də rouminqdən istifadə edərkən müvafiq telefon cihazında şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Eyni zamanda bildiririk ki, abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə, həmçinin mobil telefon cihazında mövcud olan tətbiqlərlə bağlı, istifadə etdikləri ağıllı mobil telefonun ("smartphone") funksiyaları vasitəsilə məlumat əldə edə və istifadə imkanlarını müstəqil şəkildə idarə edə bilərlər. Abunəçinin mobil telefon nömrəsindən istifadə etdiyi ərazinin təsbit edilməsi, GPS koordinatlarının təqdim edilməsi kimi xidmətin göstərilməsi “Azercell Telekom” MMC tərəfindən nəzərdə tutulmamışdır. “Azercell Telekom” MMC tərəfindən, internet brauzerlərdən və ya hər hansı sosial şəbəkələrlə əlaqədar hər hansı məhdudiyyət qoyulması və ya müdaxilənin edilməsi mümkün deyil, müvafiq tətbiqlərdən (o cümlədən internet brauzer, "messenger", sosial şəbəkə və s.) istifadə üçün, yalnız mobil internet şəbəkəsi təmin edilir, onlardan istifadə zamanı baş verən hallara görə cavabdehlik daşınmır. İstifadə zamanı qarşılaşdığı hallarla bağlı abunəçilər sual və mülahizələri ilə əlaqədar müvafiq tətbiqlərin proqram təminatçısına müraciət edə bilərlər. Məlum olduğu kimi, ağıllı mobil telefonlarda ("smartphone") mövcud olan əməliyyat sistemləri telefon yerləşdiyi bölgəyə görə müvafiq tip məlumatlar internet vasitəsilə təmin edir. Yəni abunəçi tərəfindən yüklənən və yaxud telefonun öz yaddaşında olan müvafiq proqram təminatı abunəçinin olduğu yeri nəzərə alaraq, öz xəritəsi əsasında coğrafi ad, hava, saat qurşağı və digər məlumatları internet üzərindən telefonda əks olunmasını təmin edir. Müvafiq proqram təminatının abunəçinin olduğu yerin dəqiqliklə müəyyən edilməsində hər hansı xətanın olub-olmamasını, istifadə edilən xəritələrdə coğrafi adların, saat qurşağının yanlış və ya düzgün əks olunub-olunmaması, hava və sair məlumatların, o cümlədən hava haqqında proqnozların mötəbərliyinin hər hansı operatorun telekommunikasiya şəbəkəsinə aid edilə bilməz.
Xahiş edirik nəzərə alasınız".


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti