Pentaqon: “Rusiya cəbhədə müəyyən uğurlar qazanıb”

      Pentaqon:    “Rusiya cəbhədə müəyyən uğurlar qazanıb”
  10 Sentyabr 2024    Oxunub:867
Pokrovsk istiqamətində şiddətli döyüşlər gedir. Rusiya qüvvələri müəyyən uğurlar əldə edib, lakin onun ələ keçirdiyi ərazilər barədə ABŞ-nin dəqiq məlumatı yoxdur.
AzVision.az xəbər verir ki, Pentaqonun rəsmi təmsilçisi general Patrik Rayder belə açıqlama ilə çıxış edib.

“Pokrovskın hüdudlarından kənarda gördüyünüz, bildiyiniz kimi, gərgin döyüşlərdir. Rusiyanın nələr götürdüyü barədə konkret coğrafi məlumatım yoxdur. Bilirik ki, onlar yaxın keçmişdə Pokrovsk istiqamətində hücumlarını davam etdirərək müəyyən uğurlar qazanıblar”, - amerikalı general deyib.

Pentaqon bildirir ki, ruslar Pokrovsk istiqamətində hücumlarını davam etdirir, Ukrayna qüvvələri isə şiddətli müqavimət göstərirlər. Rayder Rusiyanın bu şəhəri özünün əsas hədəfi adlandırdığını və Donbassda səylərini ikiqat artırdığını vurğulayıb. Bununla belə, o, Rusiya ordusunun hələ şəhərə çatmadığını və onu ələ keçirməyə yaxın olmadığını diqqətə çatdırıb.

Cəbhədə yaranmış mürəkkəb vəziyyət fonunda Ukraynanın Müdafiəsi üzrə Təmas qrupunun (UDCG) iclasında bu ərazilərin müdafiəsi üçün Kiyevə dəstək məsələsi də müzakirə olunub.

- Düşünrəm ki, rusların bunun (Pokrovskı tutmaq) onların əsas vəzifəsi olduğunu dediyini gördünüz və onlar bu istiqamətdə səylərini ikiqat artırdılar. Beləliklə, UDCG-də müzakirənin bir hissəsi Ukraynanı bu sahədə müdafiəsində daha yaxşı dəstəkləmək barədə idi. Ona görə də, bu məsələ ilə bağlı onlarla məsləhətləşməni davam etdirəcək və onlara ən yaxşı şəkildə necə dəstək olacağımızı öyrənəcəyik”, - Pentaqon rəsmisi bildirib.

Yeri gəlmişkən, dünən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Aleksandr Sırski “CNN” telekanalına müsahibəsində Pokrovskı itirməmək üçün Kiyevin əlindən gələni etdiyini deyib. Onun sözlərinə görə, Kursk əməliyyatı Pokrovskın müdafiəsinə təsir göstərib ki, bu da rusları digər istiqamətlərdən əlavə qüvvələr ötürmək imkanından məhrum edib. Sırski bildirib ki, son altı gündə Pokrovsk yaxınlığında düşmən bir metr irəliləməyib, bu isə Ukraynanın müəyyənləşdirdiyi strategiyanın işlədiyini sübut edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pentaqon   Rusiya   Ukrayna  





Xəbər lenti