Kembric Universitetində COP29 müzakirə edilib

Kembric Universitetində COP29 müzakirə edilib
  19 Oktyabr 2024    Oxunub:1018
Kembric Universitetində COP29-un elmi-praktik aspektlərinə həsr olunmuş panel müzakirə keçirilib.
Universitetin Mərkəzi Asiya Forumunun direktoru, COP29-un Elm Şurasının üzvü Montu Saksenanın moderatorluğu ilə keçirilən paneldə əvvəlcə COP29-a hazırlıq prosesinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Montu Saksena çıxışında Kembric Universitetinin Azərbaycan ilə uzun illərdən bəri elmi-praktik əməkdaşlığına toxunub. O, Azərbaycanın tədbirə olduqca yüksək səviyyədə və böyük məsuliyyət hissi ilə hazırlaşdığını deyərək COP29-un uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.

Paneldə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov tədbirin məhz 18 Oktyabr - Müstəqilliyin Bərpası Günündə keçirilməsinin rəmzi əhəmiyyətinə toxunaraq COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin son 33 ildə müstəqil dövlət və regional lider kimi inkişaf etməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Elin Süleymanov Azərbaycanın COP29-a hazırlıq prosesi və prioritetlərindən danışıb. Səfir qeyd edib ki, maliyyə hədəfinin müəyyənləşməsi, karbon bazarlarının tənzimlənməsi kimi məsələlərin danışıqların əsas yer tutacağı COP29 tədbirində həm də inkişaf etməkdə olan ölkələr, o cümlədən iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətləri xüsusi diqqət mərkəzində olacaq. Bu xüsusda, Elin Süleymanov qərargahı Londonda yerləşən Millətlər Birliyi təşkilatı ilə Azərbaycanın birgə həyata keçirdiyi layihələrdən söz açıb. Azərbaycanın enerji keçidində nümunəvi liderliyi və alternativ enerji layihələrinə güclü sərmayə yatırmasından bəhs edən diplomat COP29-un fəaliyyət gündəliyinə daxil olan təşəbbüslər barədə də məlumat verib. Ölkəmizin tədbir davam edəcəyi müddətdə bütün dünyanı “COP atəşkəsinə” çağıracağını deyən səfir Süleymanov hər kəsi bu təşəbbüsə dəstək verməyə dəvət edib.

Kembric Universitetinin fizika və kimya üzrə professoru Sian Dutton, Axşay Rao və Prajakti Kalra mineralların təmiz enerji keçidindəki rolu, enerji resurslarının tarixi təkamülü və iqlim dəyişikliyinin inkişaf gündəliyinə təsiri kimi məsələlərdən danışıblar. Universitetin Memarlıq fakültəsinin professoru Nikolas Ray iqlim dəyişikliyinin şəhərsalma prosesinə təsirlərindən bəhs edib. Ekspertlərin hər biri iqlim fəaliyyətinin irəli aparılmasında COP prosesinin əhəmiyyəti və xüsusən Azərbaycanda keçiriləcək COP29 tədbirinin həlledici rolunu vurğulayıb. Onlar qeyd ediblər ki, Azərbaycanın prosesin inklüzivliyini prioritetləşdirməsi və elmi-tədqiqatı iqlim fəaliyyətinin ayrılmaz hissəsi kimi görməsi təqdirəlayiqdir. Tədbir sual-cavab sessiyası ilə davam edib.

AzVision.az



Teqlər:





Xəbər lenti