Şuşada sağlamlıq turizminə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Şuşada sağlamlıq turizminə həsr edilmiş beynəlxalq konfrans keçirilib
  29 Oktyabr 2024    Oxunub:668
Oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdiyi tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sağlamlıq turizmi üzrə zəngin və geniş potensiala malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görüldüyünü qeyd edib:

“Azərbaycanın sağlamlıq turizmi üzrə Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi üçün zəngin potensiallı ərazilər mövcuddur. Bu ərazilərdə Türkiyədən olan mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resurslarının araşdırılması aparılaraq müvafiq təkliflər verilib. Bu istiqamətdə, əlbəttə, Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir. Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir. Həmçinin, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan, müvafiq sağlamlıq turizmi potensialına malikdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər”.

Fuad Nağıyev qeyd edib ki, ölkəmizin sağlamlıq turizmi üzrə imkanlarının regional və beynəlxalq səviyyədə tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili, brendin yaradılması Dövlət Turizm Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olunub. F.Nağıyev çıxışının sonunda dövlətin dəstəyi, ölkə rəhbərliyinin diqqəti və sənayenin birbaşa iştirakı ilə yaxın illərdə sağlamlıq turizminin inkişafında əməli nəticələrin olacağından əminliyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxışında zəngin turizm potensialına malik Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən “İstisu” sanatoriyasının yenidən qurulması haqqında məlumat verib. O, Qarabağda beynəlxalq standartlara malik 3 hava limanının olmasının gələcəkdə Kəlbəcərə xarici turistlərin gəlməsinə şərait yaradacağını qeyd edərək konfransa öz işində uğurlar arzulayıb.

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Cənab Prezidentin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının ölkə başçısının turizmə, sağlamlıq turizminə olan diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib. Bu sərəncamın icrasının Naftalanın sağlamlıq turizm mərkəzi kimi dünyada tanıdılmasına xidmət edəcəyini bildirib.

Salamlama nitqlərindən sonra Azərbaycanın sağlamlıq turizm mərkəzlərini, tibbi turizm xidməti göstərən hotel və sanatoriyaları haqqında məlumatı əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.

“Azərbaycan sağlamlıq turizmi mərkəzi kimi: cari vəziyyət və imkanlar” mövzusunda ilk sessiyada mövzu ilə bağlı beynəlxalq və yerli mütəxəssislər məsələyə dair baxışlarını ortaya qoyublar. Azərbaycanın təbii ehtiyatlarının qlobal turizm bazarında layiqli dəyərləndirilməsi, ölkənin mədəni irsi ilə sağlamlıq turizmini birləşdirən strateji yanaşmaların inkişaf etdirilməsi və mövcud infrastrukturun daha da təkmilləşdirilməsi üzrə planlar müzakirə olunub.

Digər sessiyalarda dünya üzrə uğur qazanmış ölkələrin sağlamlıq turizmi təcrübələri ilə yanaşı, onların tətbiq etdiyi texnologiyalar, rəqəmsal innovasiyalar, həmçinin sağlamlıq turizmi xidmətlərinin keyfiyyətini artırmaq üçün istifadə olunan yeni metodlar ətrafında da fikir mübadiləsi aparılıb. Həmçinin, Azərbaycanın mövcud resurslarının və təbii müalicəvi ehtiyatlarının düzgün qiymətləndirilməsi məsələsi də müzakirə obyekti olub. İştirakçılar Azərbaycanın zəngin təbii müalicəvi ehtiyatları - Naftalan nefti, müalicəvi palçıqlar, termal sular, o cümlədən tarixi və mədəni irsi, mövcud sağlamlıq infrastrukturu kimi amillərin dünya bazarında önə çıxarılması üçün yeni imkanları nəzərdən keçiriblər.

Sonuncu sessiyada Azərbaycanın tibbi turizminin inkişafı istiqamətində perspektivlər, strateji yol xəritəsi araşdırılıb, ölkənin qlobal tibbi turizm xəritəsində mövqe tutmasına kömək edəcək əsas təşəbbüslər müzakirə edilib.

Tədbir çərçivəsində Sağlamlıq Turizmi və Tibbi Turizm üzrə işçi qrupların müzakirələri də keçirilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti