Paşinyan Qərbi Azərbaycandan danışdı
“Kiminsə “Qərbi Azərbaycan” ifadəsini işlətməsini ağır qəbul edirik. Bəs biz “Qərbi Ermənistan” deyəndə, bunun kimisə qıcıqlandırdığını düşünmürük? Bu sözlərdən sonra məni yenidən yenidən xəyanətdə və alçaqlıqda ittiham edəcəklər. Amma mən elə bir vəziyyətdəyəm ki, insanlarla danışmağa və səbəb-nəticə əlaqələri göstərməyə borcluyam. Əgər bunu etməsəm, bu, ölkəni qəsdən dövlətçiliyin itirilməsinə aparmağım deməkdir”, - Paşinyan vurğulayıb.
Ermənistanın baş naziri, həmçinin, növbəti dəfə qeyd edib ki, ölkənin Müstəqillik Bəyannaməsində ətraf ölkələrlə uzun və dərin münaqişə məntiqi ehtiva olunur.
Xatırladaq ki, hələ bu il yanvarın 19-da Nikol Paşinyan Ermənistana “yeni geosiyasi şəraitdə ölkənin həyat qabiliyyətini təmin edəcək” yeni Konstitusiyanın lazım olduğunu bildirib. Daha sonra o, Ermənistan Konstitusiyasının əsasını təşkil edən Müstəqillik Bəyannaməsinin müddəalarının ölkəni müharibə ilə hədələdiyini açıqlayıb.
Bununla belə, rəsmi İrəvan Azərbaycanla sülh sazişinin imzalanmasını əngəlləyən müddəalqarın Ermənistan Konstitusiyasından çıxarılması yönündə konkret addımlar atmağa tələsmir. Avqustun sonunda isə Ermənistanın Ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə açıqlamasında Konstitusiya islahatları müstəvisində referenfumun 2027-ci ildə keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Paşinyan QərbiAzərbaycan Konstitusiya