General: "İsrail "Hizbullah" təhlükəsini hələ üstələməyib"

      General:    "İsrail "Hizbullah" təhlükəsini hələ üstələməyib"
  29 Noyabr 2024    Oxunub:367
"İsrail hələ də "Hizbullah" təhlükəsi ilə üz-üzədir. Onun yeni hücumlarının qarşısını almaq üçün istənilən yerə cavab zərbəsi endirməyə hazır olmalıyıq".
Bu sözləri İsrail Ordusunun briqada generalı Yisrael Şomer ölkənin "Israel Hayom" qəzetinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "hələ onilliklər boyunca terrorçularla müharibə qaçılmazdır".

"Hizbullah"a qarşı mübarizəmiz naminə mühüm nailiyyətlər qazanmalı, onları qoruyub saxlamalıyıq. Nəticədə tamamilə arxayın olmalıyıq ki, Livanda və ya Qəzzada terror təhlükəsi yenidən böyüməsin. Əgər bu baş verərsə, mütləq cavab zərbələri həyata keçirməliyik", - hərbçi bildirib.

Xatırladaq ki, ötən günlərdə İsrail və "Hizbullah"ın simasında Livan arasında atəşkəs sazişi qüvvəyə minsə də, İsrail dünən axşam saatlarında Livanın cənubundakı "Hizbullah" mövqelərini atəşə tutub. Tərəflər bir-birini atəşkəs pozmaqda ittiham edirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Hizbullah   atəşkəs   hücum  





Xəbər lenti