Uydurma “Kürdüstan”dan gerçək Laçına: Sənədlər nə deyir? | ARAŞDIRMA

   Uydurma “Kürdüstan”dan gerçək Laçına:    Sənədlər nə deyir? | ARAŞDIRMA
  30 Noyabr 2024    Oxunub:2247
Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasının müdiri

(Yazının əvvəlini buradan oxuya bilərsiniz)

Xalq Torpaq Komissarlığı 16 iyun 1926-cı il tarxli, 16 864 nömrəli sərəncamı və 2-ci Qarabağ yerquruluşu dəstəsinin 25 oktyabr 1926-cı il tarixli, 804 nömrəli qərarı ilə Abdallar kənd icmasının kənd torpaq bölüşdürücü komissiyasının üzvləri Səməd Həsənqulu oğlu, Qara Dünya oğlu, İsa Səməd oğlu və Məmməd Şahvələd oğlunun, həmçinin qonşu (həmmərz) torpaqlar cəmiyyətinin təmsilcilərindən Laçın şəhəri üzrə yerli Təsərrüfat şöbəsindən Stepan Osipov, Kürdüstan Qəzası Torpaq şöbəsindən Əsədov Nəsirin iştirakı ilə yerölçən - yerquruluşçusu Fedorov 1926-cı il 25 noyabr tarixində akt tərtib edir.
Akta əsasən həmin gün səhər saat 10-da Fedorovun rəhbərliyi ilə torpaq icmasının istifadəsində olan ərazilərdə kənar sərhədlərin yoxlanılmasına başlanılır. Yoxlamadan sonra əldə edilən sərhəd xətlərinin təsviri aşağıdakı kimi müəyyən edilir:

Həmin yerdə köhnə şəhər torpaqları üzrə sərhədlərin yoxlanması işləri yekunlaşır. Şəhərin hüdudları daxilində olan və Abdallar kənd icmasına aid bütün əkin torpaqları irəlidə tikinti işləri aparılanadək, yuxarıda adıçəkilən icmanın faktiki və mübahisəsiz istifadəsində qalır. Yerli Təsərrüfat Şöbəsi isə tikinti aparılacaq ərazilərdəki əkin torpaqlarının əvəzinə başqa yerdə Abdallar kənd icması üçün yeni torpaq sahələri verməklə vəzifələndirilir.

Onu da qeyd etmək lazımdır ki, şəhər sərhədlərinin müəyyən edilməsi prosesində torpaq mübahisələri, narazılıqlar, çəkişmələr, etirazlar baş verirdi. Mübarizə aparanlar isə əsasən Abdallar camaatı idi, çünki əkin-biçin yerləri əllərindən çıxmışdı. İcmanın digər kəndlərinin əhalisi isə bu mübahisələrdən kənarda qalmışdı.


Beləliklə, Abdallar kənd icmasının bəzi torpaq sahələri də şəhər ərazisinə qatılır. Hökumət isə Azərbaycan SSR Torpaq məcəlləsinin 172, 174 və 177-ci bəndlərini əldə rəhbər tutmuşdu.

Lakin Laçın şəhərinin çertyojunun hazırlanması, mübahisəli məntəqələr və onların sahəsinin müəyyən edilməsi məsələsinin həlli 15 dekabr 1926-cı il dən 8 sentyabr 1927-ci ilədək uzanır. Nəhayət, 4 oktyabr 1927-ci ildə “Laçın şəhərinin şəhər torpaqlarının sərhədlərini göstərən çertyoj” hazırlanır. Məntəqənin bütün torpaqları 425 desyatin və ya 1200 kvadrat sajın idi.

Çertyojda masştab bir ingilis düymü 200 sajın olmaqla hesablanır. Aşağıdakı şəkil Laçın şəhərinin ilk çertyoju olmaqla, həm də onun ilk xəritəsi kimi də qəbul edilə bilinər. Təbii ki, sonralar şəhər ərazisi böyüdükcə onun xəritəsinin konturları da dəyişəcəkdi.



Xalq Torpaq Komissarlığı yer quruluşu İdarəsinin Kürdüstan Qəzası Dəstəsi müdirinin 8 iyul 1928-ci il, 334 nömrəli bildirişində Laçın şəhərinin torpaqlarının həcmi göstərilir. Abdallar kəndinin torpaqlarının bir hissəsi də şəhər torpaqlarına qatılır. Bütövlükdə Abdallar kəndi icmasına məxsus torpaqlar hesabına Laçın şəhərinin sərhədləri daxilində əkin və suvarmaya yararlı 22. 85 hektar, örüş torpaqları 201. 00 ha, kolluqlar 41. 91 ha, meşə 152. 35 ha, bağlar 3. 585 ha, yarğanlar 0. 92 ha, yollar 3. 585 ha və Laçın şəhərinin tikildiyi ərazi 15.78 ha hesablanmaqla, bütünlükdə şəhərin ərazisi 437. 545 ha idi.

Gələcəkdə tikinti işləri aparmaq üçün dövlət tərəfindən zəbt olunanadək əkin torpaqları, bağlar, örüşlər və s. Abdallar kənd icmasının faktiki istifadəsində qalırdı.

Yeni tikilən bu şəhər mərkəzi relyefi, iqlimi, təbii zənginlikləri, iqtisadi faydalılığı və s. ilə hakimiyyətin diqqət mərkəzində idi. Şəhər tikildikcə qazıntılar zamanı bir sıra arxeoloji tapıntılar da üzə çıxırdı.

Beləliklə, mənbələrdən xülasələri izləyək...

1925-ci il

Azərbaycan Arxeoloji Komitəsi İdarəsinin 1 sentyabr 1925-ci il tarixli iclasında qərar qəbul edilir: Qızıl sikkələrin tapıldığı yerlərdə qazıntı işləri aparmaq üçün komitə katibi V. M. Sısoyev və təlimatçı Q. Sadıqi Laçın şəhərinə ezam olunsun və bu ezamiyyət üçün lazım olan bir min (1000 ) rubl vəsait XKS və AZ.MİK-in vəsaitindən xahiş edilsin.

Həmin yığıncaqda T. Şahbazi, D. Aleksandroviç, Uşkov, V. Sısoyev, Q. Sadıqi və Kürdüstan qəza icraiyyə komitəsinin sədri Qarayev iştirak edirdilər. Gündəliyə çıxarılan məsələ isə Laçın şəhərində torpaq işləri aparılan zaman tapılmış Bizans imperatoru XIII Konstantin Duqasa (1059-1067) aid Kürdüstan qəza icraiyyə komitəsinin sədri Qarayevin Azərbaycan Arxeoloji Komitəsinin sədri T. Şahbaziyə gətirdiyi 5 qızıl sikkə ilə bağlı idi. Beləliklə, Laçına ezamiyyətə getmək üçün Arxeoloji komitə 5 sentyabrda 500 rubl, Az.MİK isə 8 sentyabrda 250 rubl ezamiyyə xərci ayırır.



Bu ərəfədə Laçında tikinti işləri də davam edir. “Kommunist” qəzetində “Məhəlli hökumət çalışıyor” adlı məqalə dərc olunur: “Kürdüstan qəzasında hamam olmadığı üçün hər tərəfdə qoturluq xəstəliyi vardır. Bu barədə bir çox dəfələr “Kommunist” qəzetəsində yazılmış idi. Hökumət səsimizi eşidərək, Kürdüstan qəzasının Laçın şəhərində bir böyük hamam qayırılmasına təsəbbüs etmiş və hazırda hamam da qayırılmaqdadır. Bu gün birinci dəfədir ki, Kürdüstan kəndliləri hamam üzü görüyor. Bu qədər hökumətlər gəlib getmişsə də, kəndlilərin qeydinə qalan olmamışdır. Hamam başa gəlməmiş kəndlilər onun tamaşasına gəlib. Məhəlli hökumətinin təşəbbüsünü təbrik ediyorlar”.



...Qəzet həm də xəbər verir ki, Abdallarda müalicə məntəqəsi açılıb: “Məntəqədə diş təbibi də var. Hər gün məntəqəyə iki yüzdən artıq gələn oluyor. Hoçaz kəndində də bir feldşer məntəqəsi açılmışdır”.

...Qəzet yenə yazır: “Kürdüstan qəzasının mərkəzi olan Laçın şəhərindəki kooperativ dükanının başqa işlərindən degil, yalnız aşxanasından danışmalıyız. Laçın şəhəri işçi mərkəzidir. Şəhərdə iki xüsusi aşxana vardır. Aşxana işçilərin maaş miqdarı ilə hesablaşmayaraq, yeməklərin qiymətini özü bildiyi kimi təyin etməkdədir. Kooperativ idarəsi indiyə qədər başqa yerlərdə olduğu kimi burada da bir aşxana açmalıdır”.

“Kürdüstanda inşaat işləri” başlıqlı bir yazı da dərc olunur: “...Küdüstan qəzasının mərkəzi olan Laçın şəhərində bu yaxınlarda şura idarələri üçün 40-a qədər otaq tikilib tamam olmuşdur. İndilik qəza idarələri ümumən bu binaya yerləşmişlərdir. Kooperativdən ötrü 3 barak və çörəkxana tikilmişdir.
4 otaqdan ibarət ev hazırlanıb posta - teleqraf idarəsinin ixtiyarına verilmişdir. Postaxananın sabiq binası böyük təmiratdan sonra xəstəxanaya təslim edilmişdir.
Qəza milisləri atlarının ehtiyacı üçün hər biri 15 arşından ibarət 3 tövlə tikilmişdir.
Qəza təsərrüfat şöbəsi tərəfindən hazırlanmış məzkur (adları çəkilmiş) binalardan başqa maarif komissarlığı tərəfindən də bir məktəb binası tikilmişdir”...

1926-cı il

Qış aylarıdır...
Qəzetlər yazır: “Laçını indi tanımaq mümkün deyil. 6-8 ay bundan qabaq orada olan adama indi elə gəlir ki, bura sanki sehrli bir çubuqla toxunublar və ambulatoriya binası, 16 otaqdan ibarət məktəb, kooperativ, klub və bir sıra kiçik daş evlər sanki yerdən boy atıb.
Hər yerdən balta səsi, taxtapuş dəmirinin şaqqıltısı; mədənlərdən, yandırılmış əhəngdən çıxan qatı tüstü pərdə kimi dərə boyu uzanır, lütfkar çayçı isə öz iri samovarı və qızarmış kömürlə dolu manqalının iştahverici görüntüsü ilə insanı özünə cəlb edir. Kooperativ dükanının ətrafında manufaktura malları, kerosin və qənd almaq üçün çoxlu kəndlilər dayanıb.
Laçın - siyasi mərkəzdir. Lakin hələlik onun iqtisadi əhəmiyyəti o qədər də böyük deyil.
Şuşa - Gorus yolu da təmir edilmişdir. El arasında həmin yolu zarafatla “Qarayev şossesi” adlandırırlar. Yolu salmaqda məqsəd isə Gorusa gedən yolçuların Laçına da baş çəkmələrini təmin etmək idi. Güman edilir ki, Laçını dirçəltmək üçün mehmanxana da tikiliməlidir”.

1927-ci il yanvar ayının 1-nə olan məlumata görə Az.SSR şosse və torpaq (qrunt) yollar şəbəkəsinə daxil edilmiş Laçın şəhəri üzrə mövcud yollar aşağıdakı kimi idi:
1. İttifaq əhəmiyyətli şosse yolu: Yevlax-Şuşa-Zabux; Abdallar-Qubadlı; Abdallar-Minkənd (Kürdhacı)-Çorman-Ballıca.
2. Respublika əhəmiyyətli şosse yolu: Abdallar - Laçın.


Azərbaycan üzrə 1926-cı il siyahıyaalma nəticələrinə görə, şəhər əhalisinin sayı 339 nəfəri kişi, 95 nəfəri qadın olmaqla, cəmi 434 nəfər idi.

1929-cu il

Laçının salınmasından 5 il ötür. Lakin o zamanlar yubiley günlərinin keçirilməsi dövlət siyasətinin gündəmini təşkil etmirdi. Dəbdə olan isə məhsul bayramları (sərgilər) idi.
Laçın şəhərinin 5 illiyi də “qeyd olundu”, lakin sadəcə mətbuatda, xırda bir xatırlatma ilə.
“Bakinskiy raboçiy” qəzeti Laçın şəhərinin salındığı gün - 14 may tarixində nəşr olunan buraxılışının (№ 109, 14 may 1929-cu il) ilk səhifəsində bu münasibətlə şəhərdə tikilmiş 3 yeni obyektin – 1) Uşaq evi; 2) Kəndli Gənclər məktəbi; 3) “Ocaq Qulu” adına Yeni Xəstəxana binasının fotolarını dərc edir.
Nəzərinizə çatdırım ki, “Uşaq evi” - sonralar Laçın Şəhər Uşaq Bağçası adı ilə 1992- ci ilədək fəaliyyətini davam etdirdi.

“Kəndli Gənclər Məktəbi”nin binasında isə həmin məktəb ləğv edildikdən sonra “Laçın Pedaqoji Texnikumu”, “Laçın Şəhər Səkkizillik Orta Məktəb” və nəhayət, “Laçın Rayon Tarix - Diyarşünaslıq Muzeyi” fəaliyyət göstərdi.

“Ocaq Qulu” adına Yeni Xəstəxana binasının tikintisinə 1924-cü ildə başlanılmış və 1925-ci ildə xəstəxana artıq qapılarını açmışdı. Daha sonralar Laçın Rayon Səhiyyə Şöbəsinin Mərkəzi Xəstəxanasına məxsus böyük bir ərazidə təcili yardım, poliklinika, doğum evi və s. obyektlərdən ibarət xəstəxana kompleksi inşa olunsa da, ilk xəstəxana binası həcminə görə ən iri və mərkəzi bina olaraq qalırdı. 58 çarpayılıq həmin qədim binada həm də cərrahiyyə şöbəsi fəaliyyət göstərirdi.
Hər 3 tarixi bina şəhərin mərkəzində - “Kommunist” küçəsində (indiki Heydər Əliyev) tikilmişdi.



Azərbaycanda inzibati-ərazi bölgüsü sahəsində 1921-1926-cı illər arasında bir sıra dəyişikliklər baş verir. Quberniyalar (Bakı, Gəncə) ləğv edilir və əsas inzibati ərazi vahidləri olan qəzalar təşkil olunur. 1921-ci ildə 17; 1922-ci ildə 16 qəza və 2 qəzadan ibarət Naxçıvan diyarı; 1923-cü ildə Az.MİK-in 7 noyabr 1923-cü il tarixli 298 nömrəli qərarı ilə qondarma DQMV; elə həmin il yeni Tovuz qəzası təşkil edilir. DQMV-in yaranması ilə Cavanşir və Şuşa qəzaları tamamilə ləğv edilir və yeni Ağdam qəzası yaradılır.

1923-cü ildə eyni zamanda Naxçıvan diyarının iki qəzası (Naxçıvan və Şərur-Dərələyəz) da ləğv edilir. Bütün bu dəyişikliklərdən sonra Azərbaycanın tərkib 15 qəza, Naxçıvan diyarı və DQMV-dən ibarət olur.
AZ.MİK-in 9 fevral 1924-cü il tarixli 7 nömrəli qərarı ilə Naxçıvan Diyarı Naxçıvan Sovet Sosialist Muxtar Respublikasına çevirilir.
1926-cı ildə Şamxor və Ağdaş qəzaları da ləğv edilir.
1927-1929-cu illər ərzində respublikanın inzibati bölgüsündə ciddi dəyişikliklər baş vermir.
1929-cu il aprelin 1-də VI Ümum Azərbaycan Şuralar Qurultayı açılır. Qurultayın 6 aprel tarixli səhər iclasında Teymur Əliyev “Şuralar Azərbaycanının dairələşməsi haqqında” məruzə edir. Məruzədən bəlli olur ki, “...indi mövcud olan qəzaların əvəzinə 8 okruq və Naxçıvan Sosialist Şura Cümhuriyyəti təsdiq olunacaqdır”.
Qurultayın sonuncu günü - 8 aprel tarixli iclasının qərarı ilə respublika ərazisində 8 dairə yaradılır.

25 may 1930-cu il

Az. MİK-in Rəyasət Heyəti iclas keçirir.
Gündəlikdə müzakirəyə çıxarılan məsələlər Zaqatala-Nuxa dairəsinin yenidən təşkil edilərək 2 müstəqil dairəyə - mərkəzi Zaqatala və Nuxa şəhərləri olmaqla Zaqatala və Nuxa dairələrinə çevirilməsi və Qarabağ dairəsinin hüdudlarından çıxarılaraq, mərkəzi Laçın şəhəri olmaqla, keçmiş Kürdüstan qəzası sərhədlərində müstəqil Kürdüstan dairəsinin yaradılması barədədir.


Yığıncaq qərar qəbul edir: “Keçmiş Kürdüstan qəzası ərazisinə Qarabağ dairəsinin Zəngilan rayonu və Cəbrayıl rayonunun bir hissəsi də birləşdirilərək, mərkəz Laçın şəhəri olmaqla Kürdüstan dairəsi yaradılsın”.
Beləliklə, qəzaların tamamilə ləğv ediməsi ilə respublikada 10 dairə yaradılır. Lakin dairə bölgü sisteminin istər idarəetmə, istərsə də iqtisadi və s. keyfiyyətlilik baxımından effektivliyi özünü təsdiqləyə bilmir və bu istiqamətdə yeni yollar axtarılır.
İlk növbədə respublikada İnzibati ərazi vahidləri ilə bağlı dövlət siyasəti sahəsində fəaliyyətin yaxşılaşdırılması ilə bağlı dəyişikliklər edilir. Bunun bariz nümunələrindən biri rayonlaşmanın aparılması idi. Hökumət düşünürdü ki, bu, bir sıra inzibati idarəçilik və s. məsələlərin həllində inkişafa gətirib çıxaracaqdı.

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda da dövlət ərazisinin müəyyən idarəçilik sahəsi (İnzibati-siyasi, təsərrüfat, hərbi və s.) üçün ayrılan hissəsi “dairə” və ya “mahal” adlandırılırdı. Sovet muxtariyyətinin bir forması olan dairə və ya mahal İnzibati iqtisadi vahid kimi 1923-cü ildə yaradılmış və 30-cu ilə qədər mövcud olmuşdu. Lakin respublikada kütləvi və mədəni-maarif işlərinin şaxələndirilməsi, fəhlə, muzdur, yoxsul, kolxozçu və ortabablar arasındakı fəalların rayonda rəhbər işlərə cəlb edilməsi və irəliyə çəkilməsi, kənd sovetlərinin işlərinin möhkəmləndirilməsi və genişləndirilməsi, plan işlərinin qurulması və s. kimi məsələlərin həlli ilə bağlı təcili tədbirlər görülməli idi. Bütün bu məsələlərin və dairələrin ləğv olunması ilə bağlı müzakirələrin aparılması məqsədilə AZ.MİK rayon və kənd işçilərinin iştirakı ilə sentyabr ayında geniş iclas çağırır. İclasda dairələrin ləğv olunmasının təsərrüfat-siyasi əhəmiyyəti müzakirə olunur. Məsələ RİK-in plenumlarında, kənd sovetlərində, muzdur-yoxsul, qadın və digər yığıncaqlarda kütləviləşdirilir. Beləliklə, çox keçmədən dairə bölgü sisteminin ləğvi məsələsi də gündəmə gəlir.

8 avqust 1930-cu il

Az.MİK və Az.SSR XKS “Dairələrin ləğv edilməsi barədə” qərar qəbul edir. Qərarın 1-ci bəndinə əsasən 01 oktyabr 1930-cu il Azərbaycanda bütün dairələrin ləğv edilməsinin son tarixi qəbul edilir.
Dairələr ləğv edildikdən sonra respublikada rayon bölgü sistemi tətbiq edilir.
Bununla əlaqədar 30 avqust 1930-cu ildə eyni zamanda “Az. SSR-də rayonlar şəbəkəsi və onların kateqoriyalar üzrə bölünməsi barədə” Az.MİK-in daha bir qərarı qüvvəyə minir. Bununla da Azərbaycanda 22-si 1-ci, 22-si 2-ci və 19-u 3-cü kateqoriya olmaqla yeni inzibati ərazi vahidləri - rayonlar yaradılır.

Beləliklə, 1923-cü ildə qəza kimi yaradılmış, 1929-cu ildə isə okruqa çevrilən uydurma Kürdüstanın mövcudluğu da başa çatır. Laçın şəhəri isə yeni təşkil edilən Laçın rayonunun mərkəzi olur və rayon respublikanın 3-cü kateqoriya (iri) rayonlar şəbəkəsinə daxil edilir.



Bu araşdırmada bir əsrlik tarixi özü ilə gələcəyə daşıyan bənzərsiz şəhərin tarixi və inkişaf yolunun bəzi məqamlarına sənədlərin işığında səyahət etdik. Laçınla bağlı bitib-tükənməyən silsilə yazılarımız da mövcuddur və maraqlanan izləyicilərimizi zaman-zaman sevindirmək fikrindəyik.
Tezliklə mən də Laçındakı evimizə qovuşaraq sevinmək istərdim...

Qovuşanadək, Əfsanə Şəhər!


Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasının müdiri
AzVision.az üçün


Teqlər: Laçın   Araşdırma   Tarix  





Xəbər lenti