Bir vaxtlar əvvəlki hakimiyyətlərlə sülh danışıqlarında iştirak etmiş müxalifət nümayəndələrindən biri Ayman əl-Asmi “The National” portalına müsahibəsində bildirib ki, Dəməşqdə mərkəzi hökumətin süqutundan sonra keçid orqanı idarəetmə səlahiyyətlərini öz üzərinə götürməlidir.
“Tranzit strukturun tərkibi müstəqil texnokratların iştirakı ilə “müxalifət institutları və mövcud müxalifət platformaları vasitəsilə” razılaşdırılmalıdır. Keçid dövrü təxminən 18 aya yaxın davam edəcək. Yeni Milli Konstitusiya və ona səs vermək üçün seçki qanununun yazılması üçün Milli Məclisin çağırılması üzərində iş aparılır”, - siyasətçi deyib.
Tanınmış müxalifət simalarından biri, türk nəşrlərinin “Suriyanı idarə edəcəklər” arasında adını hallandırdıqları Hadi əl-Bəhra isə bildirib ki, onun rəhbərlik etdiyi Suriya Müxalifətinin Milli Koalisiyası keçid hakimiyyətinin formalaşmasını öz üzərinə götürməlidir. Doğrudur, bundan əvvəl əl-Bəhra “The Middle East Eye” portalına müsahibəsində dissident platformasının “müxalifətin yeni elementlərini” əhatə edəcək şəkildə genişləndirilməli olduğunu deyib.
- Hələlik isə Bəşər Əsədin dövründə çalışmış məmurlar öz funksiyalarını yerinə yetirməyə davam etməlidirlər. Biz hazırkı dövlət qurumlarını məhv etmək istəmirik. Biz onların işləməyə davam etmələrini istəyirik”, - əl-Bəhra vurğulayıb.
Verilən bəyanatlara əsasən, siyasi müxalifətin BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli 2254 saylı qətnaməsini yerinə yetirməyə sadiq olduğu nəzərə çarpır. Həmin sənəddə “tam icra səlahiyyətlərinə malik nümayəndəli keçid idarəetmə orqanının yaradılması” tələb olunur.
Amma əsas sual uzun müddət mühacirətdə yaşayan dünyəvi fəalların və ziyalıların silahlı islamçılarla mövqelərini nə qədər uzlaşdıra biləcəkləridir. Belə ki, parçalanma Suriya müxalifətinin “anadangəlmə zədəsi”dir.
Bu kontekstdə gözlənilən siyasi keçiddə kürdlərin iştirakı problemi də nəzərə alınmalıdır. Onların maraqlarını təmsil edən hərbiləşdirilmiş qüvvələr Vaşinqtonun dəstəyi ilə Suriyanın şimal-şərqinə nəzarət edir və bir sıra silahlı qruplara yaxın xarici donor olan Türkiyə ilə açıq qarşıdurma münasibətlərindədir. Kürdlərin iştirakı təmin edilmədən yeni güc formulunun hazırlanması prosesi əhatəli olmayacaq.
“The National” portalının mənbələrinin iidiasına görə, indiyə qədər “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin “yaşıl işığı olmadan səhra konandirləindən heç kim hərəkət edə bilməz”.
Onun özü isə ictimai şərhlərində artıq Suriyanın yenilənmiş rəhbərlik strukturlarına inteqrasiya etmək üçün öz radikal təşkilatını dağıtmağa hazır olduğunu bildirib. Lakin bu, çətin ki, bu avtomatik şəkildə təşkilatın liderləri üçün rəhbərlik vəzifələrindən imtina etmək deməkdir.
“Hələlik hər şey öz qanununa və öz Konstitusiyasına malik yeni dünyəvi dövlətin yaradılması konsepsiyasına doğru gedir. Suriyada yalnız bir ordu olacaq. Məncə, bunun üçün təhlükəsizlik və hərbi məsələlərlə məşğul olacaq Hərbi Şura yaradılacaq”, - bir zamanlar prezident Bəşər Əsədin siyasi oppnenti olmuş Suriya Milli Şurasını Rusiyada rəsmi şəkildə təmsil edən müxalifətçilərdən biri Mahmud əl-Həmzə bildirib.
Fidan: "Yeni dövr başlayır" |
- Suriyada yeni dövr başlayıb. İndi biz geriyə baxmamalı, gələcəyə fokuslanmalıyıq. Yeni dövrdə biz Suriyanı müxtəlif etnik və dini qrupların inklüziv idarəetmə yanaşması ilə sülh şəraitində yaşadığı bir ölkə kimi görmək istəyirik. Qonşuları ilə yaxşı münasibət quracaq, bölgəmizə sülh və sabitlik qatacaq yeni Suriya görmək istəyirik”, - Türkiyə XİN-in rəhbəri Hakan Fidan ölkənin xaricdəki səfirlərinin Ankarada keçirilən illik konfransının açılışında deyib.
Yeri gəlmişkən, Ankara Dəməşqdəki siyasi konfiqurasiyanın dəyişməsindən iqtisadi baxımdan da faydalana bilər. Belə ki, Suriyanın yeni rəhbərliyi dövründə qonşu ölkənin infrastrukturunu bərpa etmək üçün müqavilələr qazanacaqları gözləntiləri fonunda dünən Türkiyənin tikinti şirkətlərinin səhmləri bahalaşıb.
İndi sual altında qalan məsələlərdən biri də Suriyanın xaricdəki diplomatik nümayəndəliklərinin necə fəaliyyət göstərəcəyidir. Çünki bu müstəvidə keçid hökumətinin və sonrakı Suriya hakimiyyətinin verəcəyi qərarlar ən azı Bəşər Əsədi dəstəkləmiş Rusiya və İranla Dəməşqin indən sonra münasibətləri necə qurmaq məramını ortaya qoyacaq.
Hələlik isə Dəməşqdə hakimiyyətə gələn islamçılar fövqəladə vəziyyət rejimi elan ediblər. Silahlıların birgə qərargahı paytaxt bölgəsində komendant saatı tətbiq edib. Eyni tədbirlər sahilyanı Latakiya və Tartus şəhərlərində də həyata keçirilib.
Sahil İsgəndərov
AzVision.az