Təlimlər AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən, əsas istiqamət kimi aparılan maarifləndirmə xəttinin davamı olaraq jurnalistlərin Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, onların qida təhlükəsizliyi ilə bağlı biliklərinin və bu sahə üzrə peşəkarlıqlarının artırılması, həmçinin ictimai nəzarətin gücləndirilməsi məqsədilə keçirilib.
20-yə yaxın jurnalistin iştirak etdiyi təlimlər çərçivəsində çıxış edən AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov bildirib ki, Agentlik tərəfindən ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin olunması, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.
Bu istiqamətdə maarifləndirmə işinə, o cümlədən də təlimlərin təşkilinə xüsusi diqqət yetirilir. M.Nəcəfov həyata keçirilən tədbirlər çərçivəsində qida sahəsində istehlakçı hüquqlarını qorumaq və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı vətəndaş şikayətlərini operativ şəkildə qəbul etmək məqsədilə yaradılan "E-Qidam" mobil tətbiqinin də faydalı olacağına əminliyini ifadə edib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev isə Agentliyin qida təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdiyini önə çəkib. Bu istiqamətdə ictimai nəzarətin təmin edilməsində media nümayəndələrinin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra jurnalistlər üçün qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlimlər keçirilib. İştirakçılara HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri), halal sertifikatlaşma və “Ulduz-reytinq” layihəsi barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki sağlamlığı, o cümlədən bitki mühafizə vasitələrindən istifadə, eləcə də heyvandan insana keçən zoonoz xəstəliklər və heyvanlar arasında epizootoloji vəziyyətin stabil saxlanması barədə məlumatlandırılıb. Təlimlər zamanı müvafiq mövzularla bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Sonda media subyektlərinin nümayəndələrinə təlimlərdə iştiraka görə sertifikatlar təqdim olunub.
AzVision.az