“Bu eybəcər və yanlışdır. İndi Ağ Evdən Kremlin tezisləri təkrarlanır. Bu müharibəni Ukraynanın başladığını söyləmək dəlilikdir. Onların etdikləri ilə rus təcavüzü arasında mənəvi bərabərlik yaratmalarına nifrətlə yanaşıram. Mən, sadəcə, nifrət edirəm”, - Böyük Britaniyanın keçmiş baş naziri deyib.
Onun iddiasına görə, Taker Karlson kimi insanların böyük təsiri var. Trampın başına çoxlu cəfəngiyyatlar doldurublar. Tramp isə bu skeptiklərə Amerikanın Ukraynaya dəstəyinin müqabilində ABŞ-nin nəsə alacağını göstərməyin bir yolunu tapmalıdır. Məhz bu baxımdan, ABŞ prezidenti Tramp hesablamalar əsasında hərəkət edir və Vaşinqton üçün faydalı “sövdələşmə” bağlamağa çalışır. Lakin bunun əvəzində avropalılara təzyiq göstərir ki, Ukraynanı qorumaq üçün daha çox iş görsünlər.
Bununla belə, Trampın təklif etdiyi “sövdələşmənin” mübahisəli məqamlarına baxmayaraq, Conson ümumilikdə onun Ukrayna üçün faydalı olduğunu iddia edir. Çünki bu müqavilə ABŞ-ni Ukraynanın suverenliyinə və təhlükəsizliyinə uzunmüddətli dəstək verməyə məcbur edir.
- Hesab edirəm ki, Ukrayna bu müqaviləni imzalamalıdır. Bəli, açığını desəm, orada Kiyevin tərəfdarı kimi bəyənmədiyim məqamlar var. Lakin o, ABŞ-ni azad, suveren, təhlükəsiz Ukraynanı dəstəkləməyə, gələcəkdə Ukraynaya maliyyə ayırmağa məcbur edir. Bu çox qiymətlidir. Bəli, ABŞ bu investisiya fondundan qazancın 50 faizini alacaq. Ancaq Ukrayna azad, suveren və təhlükəsiz olana qədər həmin fonda bir qəpik də getməyəcək. Bu isə böyük qazancdır”, - Boris Conson vurğulayıb.
Onun fikrincə, Kiyevin nöqteyi-nəzərindən bu razılaşma sərt görünsə də, yaxşıdır, çünki o, ABŞ-ni, hətta dəhşətli sözlər deyən Trampın dövründə də azad, suveren, təhlükəsiz Ukraynanı dəstəkləməyə məcbur edir. Conson deyib ki, ukraynalı olsaydı, Moskva və Putinin nəzarətindənsə, buna üstünlük verərdi.
![]() |
Boris, sən də...Boris, sən haqlı deyilsən! |
“Mən ABŞ prezidenti olsaydım, dərhal deyərdim: Vladimir Putin, sən uduzmusan. Sənin əsas ideyan Ukraynanı kölə dövlətinə çevirmək, yenidən Rusiya imperiyasının tərkibinə qatmaq idi. Mənim dövrümdə bu heç vaxt baş verməyəcək. Eynilə digər Amerika prezidentinin dövründə olduğu kimi. Odur ki, razılaş və bunun bitdiyini etiraf et. Bunu sübut etmək üçün biz Ukraynanın təhlükəsiz sərhədləri olan kimi onun NATO-ya qoşulma prosesinə başlayacağıq. Əgər biz hələ də davam edən Rusiya işğalı səbəbindən Ukraynanı tam şəkildə qəbul edə bilməsək, o zaman 50-ci illərdə Almaniya ilə eyni şeyi edəcəyik. Onda Almaniyanın hamısı NATO-ya daxil olmadı, lakin bəziləri NATO-ya üzv oldu. Biz eyni şeyi edəcəyik”, - Boris Conson şərti ABŞ prezidenti kimi siyasi baxımdan Putini necə “tərksilah” etmək fəlsəfəsinin mahiyyətini açıqlayıb.
Amma atalar belə yerdə deyiblər ki, avazın yaxşı gəlir, əgər oxuduğun Quran olsa. Donald Trampın ritorikası və atdığı addımlar da Boris Consonun hipotetik siyasətinin hələ ki, utopiya olduğunu sübuta yetirir.
Sahil İsgəndərov
AzVision.az