Tanıya bilməyəcəksən bu ölkənin insanını...

Tanıya bilməyəcəksən bu ölkənin insanını...
  26 Aprel 2013    Oxunub:1251
"Son vaxtlar qanunvericiliyin təkmilləşməsi o qədər dərinə işlədi ki, sonda cəmiyyətin bütün vətənsevər insanlarının ürəyinə su səpəcək bir qanunun müjdəsi də gecikmədi. İçi bəndəniz qarışıq, ayrı-ayrı siyasətçilər, qəzetçilər, tədqiqatçılar, hətta həvəskarlar tariximizdə olan-qalan hər kəsə yaxşı və pis niyyətlə o qədər dil uzatdılar ki, "Tarixi şəxsiyyətlərin qorunması haqqında" Qanunun qəbul olunması barədə gözlənilməz təkliflər də səslənməyə başladı."
Bunu millət vəkili "facebook" səhifəsində "Gerçəklik haqqında qanun" adlı məqaləsində yazıb:

"Az-çox hüquq düşüncəsindən xəbardar olan biri kimi, hansısa qanundan söz açılanda mənasını izah etmək üçün haradan başlayacağımı təsəvvür etsəm də, açığı bu qanunun qulpundan necə yapışmaq lazım gəldiyini heç cür idrak edə bilmədim. Məzmunu necə olacaq, hər tarixi şəxsiyyətin məzarının yanına mühafizəçimi qoyulacaq, heykəlinin yanına tikanlı məftillərmi çəkiləcək, qohum-əqrabasına həmin şəxsiyyəti qorumaq üçün imtiyazlarmı veriləcək? Anlaşılan bu ki, sözün arqument olaraq tükəndiyi yerdə ya yumruqlar işə salınmalı, ya da qanunla məsələyə əncam çəkilməlidir. Bununla belə, bu mövzunun gündəmə gətirilməsi, cəmiyyətimizdə natamamlıq deyə tərif verdiyimiz bir sira boşluqları üzə çıxartmış oldu.
Yəqin ki, bir qanunvericilik texnikası gərəyi, bu qanun da anlayışların izahından başlayacaq. Yəni birinci cavablandırmalı sual o olacaq ki, tarixi şəxsiyyət kimdir?

Əslində özümüzə aid etdiyimiz etnik və dini tariximizdə yaşamış hər bir şəxs bu anlayışın subyekti ola bilir. O zaman söylənə bilir ki, tariximizdə adı keçən və ya unudulan hər bir kəs diqqətçəkən ömür yaşamayıb ki... Onların böyük əksəriyyətini şəxsiyyət kateqoriyasına aid etmək olmaz. Bəs o zaman şəxsiyyəti necə müəyyənləşdirək? Əsl dava-mərəkə də bu sualın qoyulduğu zaman başlayacaq. Çünki yenicə formalaşmaq istəyən bir cəmiyyətik və indiyədək bizim əvəzimizə kimlərin tariximizdə önəmli şəxsiyyətlər olması siyasi sistemlər və idarəçilik rejimləri tərəfindən müəyyənləşdirilib. Təqribən günümüzün gerisində buraxdığımız və sahiblənmək istədiyimiz bir neçə tarixi mərhələyə baxsaq, müşahidələrimiz yetərli sayıla bilər. İslama qədərki dövrün şəxsiyyətləri yarımifik (Tomris) və real həyatda mövcudluğu təsdiqlənən (Məzdək); İslam sonrası dövrdə Cavanşir, Babək, Şəmsəddin Eldəgiz, Xaqani, Nizami, Uzun Həsən, Şah İsmayıl, Füzuli, Nadir şah, Ağa Məhəmməd şah Qacar və onlarla başqa adlar. Çar Rusiyası işğalından sonrakı dövr, Xalq Cümhuriyyəti dövrü, Sovet Azərbaycanı dövrü və nəhayət, ikinci dövlət müstəqilliyi dövrünün ortaya çıxardığı simalar.

Burada müxtəlif adları sadalayıb vaxt aparmamaq üçün problemin mahiyyətinə kəsə olaraq gəlmək istəyirəm. Tariximizdə az-çox rolu olan hər kəsi tarixi şəxsiyyət kateqoriyasına daxil etmək olar. Bu gün yaşayan, yaradan müasirlərimizin də hansının tarixdə qalacaq izləri olacaqsa, onlar da gələcək nəsillərimizcə mütləq xatırlanacaqlar. Bununla belə, bizim tarixdən axtarışımız yalnız və yalnız bu günün və gələcəyin tələbləri doğrultusunda olmalıdır ki, anlamsız mübahisələrə və qapalı tunelə doğru yol almayaq. Bu gün yaşatdığımız faydalı dəyərlər nədirsə, onların yaranmasında rolu olan, fədakarlığı olan hər kəsi faydalı tarixi şəxsiyyət olaraq ideallaşdırmadan baş tacı etməyimizə dəyər. Millətimizin tarixi əxlaq dəyərlərinin ana xəttini İslam əxlaqı təşkil edir. Demək ki, inanclarımızın keyfiyyət dərəcəsindən asılı olmayaraq, ən azı tarixi şəxsiyyət olaraq Məhəmməd Peyğəmbərə ayrıca dəyər verməliyik. Müstəqil dövlətə sahib olmaq bizim üçün əvəzedilməz dəyərdir. Bu dəyərin ərsəyə gəlməsində, qorunmasında rolu olan hər bir tarixi şəxsiyyətin haqqını vermək başımızın borcudur. Məhəmməd Əmin, Nuru Paşa, Nəsib bəy, Topçubaşov, Əbülfəz bəy... Və daha kimlər, kimlər. Ana dili bizim üçün yaşatdığımız ən böyük dəyərlərdəndir. Vaqif, Zakir, Axundov, Zərdabi, Mirzə Cəlil, Sabir, Haqverdiyev, Səməd Vurğun, Rəsul Rza və onlarla adını çəkmədiyim simalar. Musiqi mədəniyyətimizin formalaşmasında əvəzsiz xidmətləri olan Üzeyir Bəyi, Fikrət Əmirovu, Qara Qarayevi, Niyazini, son dönəm ziyalılıq meyarlarımızın formalaşmasında rolu olan Xudu Məmmədovu, Şirməmməd Hüseynovu necə unutmaq olar? Bir savaşçıdan tutmuş, bir idmançıya qədər, bir siyasətçidən tutmuş, bir elm adamına, yazara qədər bir çoxları bu dəyərləndirmə içində yer alma haqqına sahibdirlər.

İndi gələk mətləbə. Bütün bu tarixi şəxsiyyətləri absurd bir Qanunla necə qoruyacaqsan? Xristianlarda olduğu kimi, müqəddəs elan edib, toxunulmazlıq statusu verəcəksiniz? Əslində bütün tarixi simaları müzakirəyə çıxarmalıyıq, tanımalıyıq, miras qoyduğu dəyərlərin yanlış və ya doğru olduğunu dartışmalıyıq. Kimisə söymədən, təhqir etmədən, sadəcə konkret tarixi şəraitin adamı kimi soyuqqanlı baxaraq təhlil etməliyik. Sən tutaq ki, qanunda yazacaqsan ki, Babəkə toxunmaq olmaz, Səfəviləri incitmək olmaz, mən isə onların miras qoyduğu dəyərləri millətim üçün təhlükəli və yanlış hesab edirəmsə, öz düşündüklərimdən geri durmalıyam? Mən deyəcəyəm ki, ən böyük qəhrəmanımız Nuru Paşadır, sən deyəcəksən ki, olmaz, o Türkiyədən bizi işğala gəlib, sənin və ya anlayışsız bir çoxluğun xatirinə öz haqlı düşüncələrimdən vaz keçməliyəmmi?

Bu gün gətirdiyi, miras qoyduğu dəyərlərindən imtina etdiyimiz, hətta iyrəndiyimiz halda adamları qəhrəman olaraq görən cahil bir kəsimə görə doğrulardan imtina etmək mümkünsüzdür. Birbaşa söyləyirəm, Səməd Vurğuna “dılğır” demək yolverilməzdir, ancaq niyə Səməd Vurğunun irsi yaxşı- pisi ilə dartışılmasın? Şəxsən mən, Məhəmməd Əmin haqqında ilk müsbət bilgini bu poemadan almışam. Səməd Vurğunun mənfi mənada tanıtdığı Məhəmməd Əmin nicatın yalnız Türklərdə olduğunu söyləyir, bundan yaxşı tanıtım ola bilərmi? Səməd Vurğunun tarixi şəxsiyyət olaraq miras qoyduğu siyasi irs deyil ki, yaxasından yapışaq. O, müasir Azərbaycan türkcəsinin ədəbi dil olaraq zənginləşməsində xüsusi roluna görə sevilir, onun dövrün tələbi ilə təqdim etdiyi siyasi tezisləri hara istəyirsiniz tullayın və faydalanmayın. Ən prinsipial şairlərdən saydığımız Hüseyn Cavidin son dövr əsərləri sistemlə barışıq yönündə bir geri çəkilmə deyildimi? Mirzə Cəlil də eləcə. Axundov da Çar rejimini təbliğ edirdi, İslam Peyğəmbərini ələ salırdı. Bu tərəfdən yanaşsaq, Axundov heç ortaya çıxarılası deyil. Ancaq Azərbaycan ictimai-siyasi fikrinin formalaşmasında onun rolunu necə görməzdən gəlmək olar?

Əslində ağır olan bu təhqir sayılan sözlər, tarixi şəxsiyyətlərə qarşı amansız yanaşmalar deyil. Ən ağırı Səməd Vurğunu qazaxlıların, Həcəri qubadlılıların, Cavidi naxçıvanlıların, Sabiri şamaxılıların müdafiə etməsi kimi bir vaqeənin ortaya çıxmasıdır. Bir tarixi şəxsiyyətin Azərbaycana aid olduğunu iddia edən şəxslər, əslındə onların öz əyalətlərinin hüdudlarından kənara çıxmasını belə narahatçılıqla qarşılayırlar. Buraxın, əgər qoyduqları miras qalıcıdırsa, Azərbaycanın hər bölgəsindən sinəsini qabağa verib onları müdafiə edənlər tapılacaq. Faciə burasındadır ki, azərbaycanlıların çoxu əyalətçiyin, regionçuluğun zərərindən, zəhərindən danışa-danışa, özü də zəhərlənməyə başlayır. Soruşuram, hansı ləyaqət sahibi naxçıvanlı Əkrəm Əylislinin bədnam mövqeyini müdafiə edər? Hansı ləyaqət sahibi lənkəranlı Əlikramın ayrılıqçı çağrışlarını müdafiə edər? Biz yaratdığımız partiyanın təməl prinsiplərini Xudu Məmmədovun görüşlərindən götürəndə, baxmalıydıq harada doğulub? Biz üçrəngli bayrağa baş əyəndə ağlımıza haçansa Məhəmməd Əminin harada doğulduğumu gəlib?

Tarixi şəxsiyyətlər, əgər faydalı miras qoymuşlarsa, bütün təlatümlər sürəcindən rahat çıxıb yaddaşlarda yerlərini qoruyacaqlar. Onları sakitcə zamanın rəqabətinə buraxın və inhisara götürməyin. Bir də Azərbaycana haradan boylanmaq önəmli deyil. Bir əyalətdən də, Amerikadan da, Afrikadan da baxıb nələrinsə yaxşı və ya pis olduğunu təhlil edə bilərsən. Sadəcə yanlış dəyərlərə inadla sarılmağa davam edəcəksənsə, tanıya bilməyəcəksən bu ölkəni və bu ölkənin insanını.

Gerçəklik haqqında hazır Qanun var. Bu Qanun, yaxşı ki, parlamentdə çıxarılmır. İman və ağılla öyrənilir. Öyrənib birinci özümüzü qorumalıyıq. Dövrümüzün, zamanımızı şəxsiyyətlərinə çevrilmək üçün..."

AzVision.az


Teqlər:





Xəbər lenti