Bəla yaxınlaşır - Dəm qazından necə qorunmalı?

Bəla yaxınlaşır - Dəm qazından necə qorunmalı?
  13 Oktyabr 2014    Oxunub:2074
Qış mövsümü yaxınlaşdıqca dəm qazı və onun yaratdığı problemlər yenidən gündəmə gəlir.

Son illərə diqqət yetirdikdə dəm qazından zəhərlənənlərin və bu səbəbdən dünyasını dəyişənlərin sayının artdığı müşahidə olunur. Bu məsələ hər qışda ölkə gündəmini zəbt edən əsas problemlərdəndir. Bu problemin qarşısını almaq üçün ilk növbədə evlərin boruları və bacaları mütəmadi yoxlanılmalıdır. Qaz cihazları və istilik sistemlərinin sazlığına daim və ciddi nəzarət edilməli, qaz sızmasına qarşı etibarlı siqnalizasiya sistemi quraşdırılmalıdır.

Ekspertlər diqqəti belə bir məqama yönəldirlər ki, ölüm halları daha çox İranda istehsal olunmuş sobaların düzgün işləməməsindən meydana çıxır. Bu səbəbdən də qaz sobalarının borusu yalnız dəmirdən hazırlanmalı və onun bayıra çıxışı olmalıdır. Bundan başqa, otağın havası tez-tez dəyişməli, bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev AzVision.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qazdan istifadə qaydaları ilə bağlı qərarı var.

Qurum rəsmisinin sözlərinə görə, təhlükəsizliyin təmin olunması daha çox abonentlərin özündən asılı olan məsələdir.

“Bu qərarla abonentlərin üzərinə bir sıra vəzifələr qoyulur. Hər bir abonent o qaydalarla üzərinə düşən vəzifələri dəqiq yerinə yetirməlidir. “Azəriqaz” İstehsalat Birliyinə gəldikdə isə bizim qurum tərəfindən mütəmadi olaraq texniki baxışlar keçirilir. Bu ildən etibarən bu texniki baxışları yerli “Azəriqaz”ın qaz istismarı sahələri deyil, yeni yaradılan qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi yerinə yetirir.

Həmin sahə peşəkar mühəndislərdən ibarətdir və onlar tərəfindən texniki baxışlar gücləndirilib. Qeyri-qanuni qaz birləşmələri, standartdan kənaraçıxma kimi halların qarşısını almaq üçün tədbirlər görülür. Ümumilikdə mütəmadi olaraq bizim müvafiq şöbələrdə təbii qazdan qeyri-qanuni istifadə hallarını aşkarlamaq üçün reydlər keçirirlər. Bununla bağlı maarifləndirici tədbirlər aparılır və bundan sonra da davam etdiriləcək”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla dəm qazından zəhərlənmənin çox ciddi fəsadları olduğunu heseb edir. Bildirir ki, bu cür zəhərlənmələrin ən təhlükəli tərəfi insanın dəm qazı sızmasını hiss etməməsi və asanlıqla huşunu itirməsidir.

“Dəm qazı orqanizmə düşdükdə qandakı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir, nəticədə oksigen daşıyan fəal hemoqlobinin miqdarı aşağı düşür. İnsan nəfəs alsa da, oksigen toxumalara gedib çata bilmir. Bu birləşmə nə qədər çox olsa, konsentrasiya o qədər aşağı düşür. Nəticədə kəskin anemiya yaranır. Beynin və ürəyin sıradan çıxmasının, huşun itməsinin əsas səbəbi budur”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti