Xəstə ruhların əzgin bədənləri

Xəstə ruhların əzgin bədənləri
  27 Oktyabr 2014    Oxunub:4580
Aydın Cəfərov

İnsanın bütün xəstəlikləri xarakterinin pis xüsusiyyətlərindən - həyata düzgün olmayan münasibət və bununla bağlı yaranan neqativ hallardan qaynaqlanır. Başqa sözlə, istənilən xəstəlik öncə zehni səviyyədə (xarakter və ruhi vəziyyət) yaranır, sonradan inkişaf səviyyəsinə görə orqanizmdə əlamətlərini büruzə verir.


Bədən ruhun güzgüsüdür. Psixika və düşüncə səviyyəsində baş verən istənilən dəyişiklik mütləq bədəndə əks olunur...

İnsanın xarakterı güclü təsirlərə məruz qaldıqda neqativ yüklənmələrə dözməyən bədəndə xəstəliklər baş qaldırır. Günümüzdə çox qarşılaşdığımız davranış tərzləri və onların yaratdığı xəstəliklərdən bəzilərinə diqqət yerirmək kifayətdir:

Tamahkarlıq – bulemiyaya səbəb olur, orqanizmdə kəskin prosseslər, onkoloji xəstəliklərlə nəticələnir

Antaqonizm (ədavət və düşmənçilik) – iltihabi prosseslər, miqren və şəkərli diabetin səbəblərindəndir.

Apatiya – iştahın itirilməsi, atrofik qastrit, amenoreya, arteriyal təzyiqin aşağı düşməsi və şəkərli diabetə səbəb olur.

Aqressiya (təcavüzkarlıq)– arterial təzyiqin qalxmasına səbəb olur, ziyillər və xora xətəliklərinin yaradır.

Bayağılıq və zövqsüzlük – həzm sisteminin pozulması səbəbidir, bulemiya ilə nəticələnə bilər.

Prinsipsizlik –xroniki infeksiyalar və xəstəliklərin səbəbidir.

Diqqətsizlik (dəlisovluq) – travmalar yaradır, bədbəxt hadisələr (avtomobil qəzaları) baş verir və epilepsiyalara gətirib çıxarır.

İnamsızlıq – orqanların disfunksiyası və aşağı arterial təzyiqin səbəblərindəndir

Narahatlıq – ürək xəstəlikləri yaradır, yuxunun pozulması və dəri xəstəlikləri ilə nəticələnir

Qəzəb – Hepatitlərin, yuxusuzluğun, bulemiyanın, yüksək turşuluqlu qastritlərin və orqanizmdə kəskin prosseslərin səbəbidir

Kobudluq (ədəbsizlik, tərbiyəsizlik) – virus xəstəlikləri, hemoroy, xolesistit, eroziv qastritlər, bronxitlər yaradır, qalxanabənzər vəzinin funksiya artımına gətirib çıxarır.

Depressiya – sətəlcəm və vərəmə gətirib çıxara bilər (atalarımız "dərddən vərəmlədi" dedikdə bunu əxz edirmişlər)

Xəsislik – piylənmə, yuxusuzluq, xolesistit, xroniki xəstəliklər, hepatitlər və cizvə sizanaqlarına səbəb olur

Qəddarlıq (zülmkarlıq) – astma, bronxitlər, onkoloji xəstəliklər, epilepsiya, göbələk xəstəlikləri, impotensiya, qastritlər, amenoreya, anemiya və müxtəlif travmaların səbəbidir.

Qorxu – sistit, iştahın itirilməsi, bulemiya, miqrenlər, yuxusuzluq, astma, hepatit, dəri xəstəliklərin səbəbkarıdır; qorxu həmçinin dölün (insanın!) itirilməsinə səbəb ola bilər...

Eqoizm – yüksək turşuluq, hemoroy, angina yaradır

Göründüyü kimi, xəstəliklərin psixoloji səbəbləri var. Dərdi dərmansız müalicə etmək üçün xarakterimizin xəstəliyi yaradan pis xüsusiyyətindən (zehniyyət və ruh halı) qurtulmalıyıq.

Depresiya zəiflik, süstlük, ümidsizlik halına yuvarlanmaqdır. Bu, bir ağrı - çarəsizlikdir. Depressiya - ölümə sövq edən bir ruh halıdır. Depressiya itki nəticəsidir - insanı yaşamağa sövq edən, həyat enerjisi ilə təmin edən "var olma" hissinin itirilməsidir. Sonrası boşluq və ölümdür.

Əksər hallarda depressiya həyatımızda bizi qane etməyən nələrisə dəyişməyəndə baş verir. Qəlbin kədəridir depressiya. Özünə eləmək istədiyin şeylərə icazə verdikdə, və ya canını sıxan şeylərdən uzaqlaşdıqda depressiya ötüb keçir. Təəssüf ki, cəmiyyətdəki stereotiplər məngənəsinin basqısı altında çox zaman istədiklərimizi etməyi özümüzə yasaqlayırıq . Elə yüklər var ki, onları daşımağa məcbursan - xoşuna gəlsə də, gəlməsə də...

Depressiya həyata sərt baxışlardan yaranır. Məsələn, “mən mütləq uğurlu insan olmaliyam - böyük biznes, yaxşı ailə, cəmiyyətdə hörmət, bankda böyük hesab, İspaniyada ev və s.” Əgər bunlar əldə olunmursa, insan özünü uğursuz hesab edərək, depressiyaya düşür. Onun ağlına belə gəlmir ki, ruhuna nə villalar nə də ki, "Bentley" lazımdır. O, bu həyata dünyanı kəşf etmək, günəşin doğuşundan, yarpağın titrəyişindən, dənizin ləpələrindən və sinədolusu yaşanacaq həyatdan zövq almaq üçün gəlib. Maddi qənimətlər ardınca siçovul kimi qaçmaqdan ötrü yox.

Depressiyanın səbəbi - özünü reallaşdırmanın qarşısının alınması və gərəkli daxili özünəinamın olmamasıdır. Eləcə də bilginin yoxluğu və təsadüfi sistemsiz informasiyaların hopdurulması...

Əsas səbəblərdən biri qeyri-sabitlik və naməlumluq qorxusudur: işsizlik, infiliyasiya, ərzağ və digər məhsulların, təhsilin, kommunal xidmətlərin qiymətinin qalxması. İnsan bilmir ki, onu sabah nə gözləyir. Ailədəki gərgin münasibətlər və ya şəxsi həyat problemləri də depressiya səbəblərindəndir.

Naməlumluq qorxusu... İnsan bilmədiyi, dərk etmədiyi, nəzarətində olmayan şeylərdən qorxur. Bu qorxu insanın ruhuna sirayət edib, onu içindən yeyir. Bu, bir xəstəlikdir. Bu şərtlər daxilində hər kəs ona yoluxur. O, ruhlara hakim kəsilib.

İşsizlik, pulsuzluq, bahalıq nəticədə insanları küncə sıxıb, psixoloji baxımdan möhkəm əzir. Həyata yeni atılan gənclərin oxumağa hara getmələri, harada işləməli və özlərini necə ifadə etmələri tam divara dirənir. Və bu məqamda gənclər arasında alkoqolizm, narkomaniya, cinayətkarlıq, həmçinin də intiharların artmasını müşahidə edirik.

İnsanlar öz gələcəklərini aydın, daha doğrusu, istədikləri kimi görə bilmirlər. Tam məyusluq və ümidsizlik birbaşa olaraq düşüncə tərzi və emosiyalarda əks olunur. Fikirlərsə maddiləşir... Təssüflər olsun ki, əksəriyyətimiz heç də yaxşı şeylər haqda düşünmürük (ümumiyyətlə düşünə bilməyənlərdən danışmıram).

Vucud və psixika xəstəlikləri - cəmiyyət, bədən və daxili aləmlə harmoniyanın pozulma nəticələridir.

Dilimizdə depressiya həm də "əzginlik" kimi ifadə olunur. Hər kəs özü özündə nəyi əzdiyini axtarıb tapmalıdır. Qurtuluş bundadır.

Kənar təsirlər insanı depressiyadan nadir hallarda çıxara bilər, o da qısa müddətə. Daxili müqavimət, dirəniş, oyanış lazımdır. Klinik depressiya kompleks müalicə aparılmadıqda suisid təhlükəsi və əliliklə nəticələnə bilər.

Problem dərk olunmadan müalicə aparıldıqda, nəticə simptomların aradan qaldırılması olacaq ki, bundan sonra da qürurla pasientin boynuna "sağlamdır" tablosunu asmaq olar. Amma problemlər bununla ötüb keçməyəcək, əksinə, alt şüurda daha dərinlərdə kök salacaq...

Sizə qızımın öz otağında necə səliqə-səhman yaratmasından danışmaq istəyirəm. O, bütün oyuncaqlarını şkafa və siyirmələrə dürtüşdürür. Otağa girisən... təmizlik... səliqə-səhman... amma şkaf və siyirmələri açmayasan da... bu səliqə-səhman çox da uzun çəkmir.... şkafsız da olmur axı...

Maraqlıdı ki, kənd yerində (təbiət, təmiz hava) yaşayanlar arasında depresiyaya düçar olanların sayı qismən azdır. İnsanlar səhərdən axşamadək ağır fiziki işlə məşğuldur, işsizlik, bahalaşma haqqında düşünməyə vaxtları belə yoxdur. Pis və ya yaxşı özlərini dolandırmaq iqtidarındadlar.

Kəndə gedəndə, atama kömək etmək məcburiyyətindən bəzən mən də işləməli oluram. Çox yorulsam da, görülən işin nəticəsindən olmazın zövq alıram. Nəticə varsa, neqativ yoxdur! Amma təbii ki, hər kəs kəndə gedib əlinə bel ala bilməz...

Təyinatınızı müəyyənləşdirin - bu həyata nə üçün gəlmişik? Özlüyünüzdə bu sualları cavablandırın: ən çox nə etməyi xoşlayırsınız (saatlarla internetdə eşələnməkdən savayı)? Güclü tərəfiniz nədir? Nəyi davamlı və hətta pulsuz etsəniz də, bundan zövq alardınız? Nədir sizi ehtiraslandıran, şövqləndirən? Həyat təyinatınız nədir?

Özünüzə və şüuraltı dünyanıza bu sualları mümkün qədər tez-tez verin. Cavab mütləq gələcək. Faydalı bir işlə məşğul olun.

Qoy iş bizi seçməsin, işimizi biz seçək! Özünüzü əzməyin...

Diqqətli olun, sözün hər mənasında hər şey GENdən görünür!


Teqlər:





Xəbər lenti