İsrail və ABŞ-ın Suriya planları

İsrail və ABŞ-ın Suriya planları
  04 May 2013    Oxunub:1470
İsrail Suriyaya zərbə endirib, ABŞ isə hələ də bu ölkəyə qoşun yürütmək fikrində deyil. Lakin Təl-əvivin əsas məqsədi Hizbullahı sarsıtmaqdır
Məlum olduğu kimi İsrail Suriyaya zərbələr endirib. Yaraqlıların mövcud olduğu bütün obyektlər hədəfə alınıb. Bu barədə Qərb mətbuatı adlarının açıqlanmasını istəməyən Amerikanın hakim strukturlarında olan mənbələrə istinadən məlumat yayıb.

Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, avia-zərbələr həftənin 4-cü günündən 5-ci gününə keçən gecə həyata keçirilib. Bununla yanaşı bildirilir ki, İsrailin hədəfə aldığı obyekt kimyəvi silahların saxlanıldığı ərazi yox, adi silah anbarı olub və bu kimi hallar əvvəllər də baş verib.

İsraili ən çox narahat edən Livanın Hizbullah təşkilatının bu yaxınlarda Bəşər Əsədə yardım göstərəcəyini bəyan etməsidir. Və buna görə də İsrail məhz Hizbullahın Surriyadakı silahlılarını məhv etmək niyyətindədir.

Xatırladaq ki, 2007-ci ildə İsrail hərbi təyyarələri Suriyanın şimal-şərqində yerləşən nüvə reaktorunun yerləşdiyi ərazini bombalayıb. 2013-cü ilin yanvarında isə israillilər Dəməşq yaxınlığındakı bir sıra hədəfləri vurublar. Bəzi məlumatlara görə İsrailin əsas hədəfi Suriyanın hərbi araşdırmalar mərkəzi , digərlərinə görə isə Hizbullah silahlıları olub.

İsrailin Suriyaya son hava zərbəsi isə ABŞ prezidenti Barak Obamanın Kosta-Rikada mətbuat konfransında çıxışından sonraya təsadüf edir. Qeyd edək ki, Obama jurnalistlər qarşısında çıxışında bildirib ki, Birləşmiş Ştatlar Suriyaya qoşun yürütmək ssenarisini nəzərdən keçirir.

Son zamanlar Suriyanın kimyəvi silahdan istifadə etməsi gündəmə gəlib. Bu yaxınlarda İsrailin keçmiş müdafiə naziri Benyamin Ben –Eliezer bəyan edib ki, artıq Suriya prezidenti Bəşər Əsəd terrorçu Hizbullah qruplaşmasına kimyəvi silah satır. (https://azvision.az/redirect.php?url=http://www.mk.ru/politics/article/2013/04/29/848926-eksministr-oboronyi-izrailya-schitaet-chto-asad-peredayot-himicheskoe-oruzhie-hezballe.html)

Öz növbəsində Barak Obama, Mərkəzi Amerika ölkələrinin sammitində çıxışı zamanı deyib ki, ABŞ hələ də Suriya hökumətinin öz ölkəsinin vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə edib-etmədiyin araşdırır.

Obama bildirib ki, arzuolunmaz hallara yol verməmək üçün rəsmi Vaşinqton araşdırmaların nəticələri bəlli olduqdan sonra da cavab tədbirləri görməyə tələsməyəcək.

ABŞ prezidenti bundan əvvəl də dəfələrlə qeyd edib ki, Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi onun üçün “qırmızı xətti” keçməyə bərabərdir. Əgər bu xətti keçərsə Suriyadakı vətəndaş müharibəsinə xaricdən müdaxilə qaçılmaz olacaq.

Ağ evin Suriya mücahidlərini silahla təmin etməyə məhdudiyyətlər qoyduğu bir vaxtda bir sıra konqresmenlər administrasiyadan müxalifətə kömək məqsədilə Bəşər Əsədə qarşı qruplaşmaları silahlandırmağı tələb edir.

Hazırki vəziyyətdə əsas narahatlıqlar Obama və onun komandası eləcə də amerika silahlarının asan şəkildə Əl-qaidə təşkilatı ilə əlaqəli ekstremistlərin əlinə keçəcəyi ilə bağlıdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti