Muravyova: “Gəlmişəm ölümqabağı sizinlə vidalaşım”

Muravyova: “Gəlmişəm ölümqabağı sizinlə vidalaşım”
  10 May 2013    Oxunub:1819
Bu gün S.Vurğun adına Rus Dram Teatrında Aleksandr Ostrovskinin pyesi əsasında "На всякого мудреца довольно простоты" tamaşası nümayiş olunacaq. Rusiya Dövlət Malı Teatrının səhnəsində qoyulmuş bu tamaşada əsas rolları Rusiyanın xalq artistləri İrina Muravyova və Boris Klüyev oynayırlar. Sonuncu aktyor tamaşaçılara “Voroninlər ailəsi” seriyalından tanınır.
Azvision.Az xəbər verir ki, hər iki aktyor, eləcə də Dövlət Malı Teatrın baş direktoru Tamara Mixaylova və S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski Azərbaycan jurnalistlərinə mətbuat konfransı keçirdilər.

Boris Klüyevin sözlərinə görə, tamaşanın ilk günü anşlaqla keçib. “İlk nümayişimiz mayın 9-da oldu. Hər şey mükəmməl idi. Azərbaycan tamaşaçısı hər zaman olduğu kimi bu dəfə də səmimiyyəti, qonaqpərvərliyilə seçildi. Düzdür, bir qədər həyəcan keçirirdik. Çünki necə də olsa, səhnə, məkan, mühit bizim üçün yeni idi. Bundan başqa şəhəri gəzmək imkanımız da oldu. Bakının gözəlliyinə heyran oldum. Şəhərinizdəki ilk günümüz günəşli, sərinli, yağışlı və dəniz havas ilə keçdi.

2012-ci ilin fevral ayında “Nifaq salan qadın, yaxud aktyorlar öz aralarında” («Жена интриганка, или aктёры меж собой») antrepriz tamaşası ilə Bakıda olan İrina Muravyova bildirdi ki, Bakı tamaşaçılarının ona göstərdiyi xoş münasibəti, gülərüzü yüksək dəyərləndirir: “Şəhərdə insanların bizi qarşılamasından, səmimi ürək sözlərini deməsinə sevinməmək qeyri-mümkündür. Hər gəlişimdən razı halda geri dönürəm. Ümimiyyətlə, Azərbaycan tamaşaçılarını sevirəm”.

Aktrisa, Rusiya mətbuatında haqqında yazılan şayələrə də münasibət bildirdi. “Ötən il sənətdən uzaqlaşıb tənhalığa çəkildiyimi, monastıra qapandığımı yazmışdılar. Hətta öldüyümü yazan dırnaqarası jurnalistlər də olur. Belələri üçün önəmli olan qəzetlərinin satışı, pul qazanmaqdır, amma nəyin bahasına olub-olmamasını düşünmürlər. Şaiyələrin məzmununa hərdən özüm də mat qalıram. Mən isə öz növbəmdə bu şaiyələrə aydınlıq gətirmirəm, çünki, desəm də, deməsəm də onsuz da öz bildiklərini yazırlar. Fikirlərim, sözlərim dəfələrlə təhrif olunub. Bir sözlə, xeyri yoxdur. Ona görə də jurnalistlərlə ümumiyyətlə ünsiyətə girmirəm, heç vaxt müsahibə vermirəm. Hazırkı mətbuat konfransı da məhz sizin üçün istisnadır” deyən aktrisa, “indi gəlmişəm ölümqabağı xüsusi olaraq sizinlə vidalaşım” sözlərilə zarafatlaşdı.

Azərbaycan gənc aktyorlarına ustad dərsi keçib-keçmək fikrinə İrina Muravyova gülüşlə, “belə bir düşüncəm, planım yoxdur. Çünki, bu yaşıma, təcrübəmə rəğmən səhnədə nəyi, niyə etdiyimi bəzən özüm belə anlamıram”. Aktrisanın həmkarı Boris Klüyev isə belə bir təklif olarsa, məmnuniyyətlə, razılaşacağını bildirib.

Məlumat üçün deyək ki, Rusiya Dövlət Malı Teatrının Bakıdakı ilk dəfə qasrtol səfərlərilə 40 il əvvəl olub.

Sevda Babayeva


Teqlər:  





Xəbər lenti